Məhkəmə qərarları › İş №e-2(006)-5184/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5184/2025

14.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5184/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 8(006)-240/2025 saylı qərardadına əsasən azyaşlı X1 üçün ölkə üzrə minimum əmək haqqının 1.18 mislindən alimentin azaldılaraq ölkə üzrə minimum əmək haqqının 0.615 mislinə uyğun olaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə Cavabdeh Hafiz qızı arasında 22 yanvar 2017-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Birgə nikahdan 15 iyul 2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsinə əsasən, cavabdehlə 22 yanvar 2017-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 15 iyul 2016-cı il təvəllüdlü X2 anası Cavabdeh Hafiz qızının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində alimentin iddiaşədan tutularaq Cavabdeh Hafiz qızına verilməsi qət edilmişdir. Cavabdeh Hafiz qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsinə əsasən, 15 iyul 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan 154 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 8(006)-240/2025 saylı qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə İddiaçı uşağa tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilmişdir. Alimentin ölkə üzrə minimum əmək haqqının 1.18 mislində, yəni 472 manat məbləğin iddiaçının gəliri üçün hədsiz dərəcədə çoxdur və ödəməyi mümkünsüzdür. O, xəstəliyi əlaqədar tez-tez həkim müayinəsindən keçib, müalicələr olmalıdır, amma buna baxmayaraq maddi imkanı olmadığından vaxtı-vaxtında müalicələrə gedə bilmir. Əlavə olaraq, iddiaçı 2022-ci ildən ailə qurmuş və 2024-cü il təvəllüdlü bir övladı var. İşləmədiyini və öhdəliyində olan ailəsi nəzərə alınsa, 472 manat alimenti ödəmək imkanı olmadığı görünər. Bundan əlavə, cavabdeh işləyir və kifayət qədər gəlir əldə edir, cavabdehin özü də bilir ki, iddiaçının 472 manat alimet ödəmək imkanı yoxdur. Qanunlarda “valideynlər uşaqlarını saxlamağa borcludurlar” qeyd edilməsi tək ataya deyil, hər iki valideynə aiddir. Ana işləyirsə, kifayət qədər gəlir əldə edirsə, uşağın salanılması üçün məbləğ tək atadan tutulması ədalətli deyil. Hesab edir ki, hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər halları nəzərə alınmalıdır. Bir ata kimi övladı üçün imkanı olsa hər bir şərait yaradar, amma reallıq odur ki, onun faktiki gəliri ilə 472 manat alimenti ödəyə bilməz və bu səbəbdən də alimentin ölkə üzrə minimum əmək haqqının 0.615 mislinə, yəni 246 manat sabit pul məbləğinə azaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X9 ilə İddiaçı arasında 22 yanvar 2017-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş X2 anası X4 yanında qalması, cavabdeh İddiaçı 13 aprel 2018-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 15 iyul 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində alimentin tutularaq X5 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. AZ-İİ seriyalı, 530521 saylı xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında nikah xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 3314 №-li akt qeydi ilə qeydə alınmaqla bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rəhimova soyadı verilmişdir. AZ-V seriyalı, 072477 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X8 adlı bir yetkinlik yaşına çatmayan övladları var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-240/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə İddiaçı uşağa görə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Sağlamlıq vəziyyəti haqqında 47774№-li arayışdan görünür ki, İddiaçı xolesteatom xəstəliyi ilə bağlı xx.xx.2014-cü il tarixdə sağ qulaqda əməliyyat olmuşdur. AA seriyalı, 452302 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkün statusundadır. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/2-0759/25 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş mediasiya sessiyasında yalnız İddiaçı iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir. (mediator: İ.Cəfərov). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: . Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşağın ananın yanında qalması, cavabdeh İddiaçı 13 aprel 2018-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 15 iyul 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Cavabdeh Hafiz qızı daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-240/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə İddiaçı uşağa görə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı gəlirini və yenidən qurduğu ailəsində də birgə nikahdan dünyaya gələn azyaşlı uşağının varlığını nəzərə alıb, təyin edilmiş aliment məbləğinin azaldılaraq, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.615 misli həddində müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır. Hazırki halda da İddiaçı ailə vəziyyətində dəyişikliklər olmuş, o yenidən ailə qurmuş, başqa nikahından da yetkinlik yaşına çatmayan (1 yaşlı) övladı vardır. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş İddiaçı qohumluq məlumatlarından görünür ki, onun ikinci nikahından xx.xx.2024-cü il təvəllüdlü X8 adlı övladı vardır. İddiaçının ailə vəziyyətində olan dəyişikliyi nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin məbləği azaldılmalıdır. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə məhkəmə, alimentin məbəğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,625 misli həddində müəyyən edilməsini hazırki dövrdə uşağın mənafeyini, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-240/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh Hafiz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3298/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-240/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh Hafiz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar