Məhkəmə qərarları › İş №e-2(006)-528/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-528/2023

01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-528/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin X1rşı “mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq qanunsuz həbsdə saxlanıldığı hər sutka üçün 100 manat olmaqla, ümumilikdə 39100 (otuz doqquz min bir yüz) manatın, qanunsuz həbsdə saxlanması nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirməsinə görə 30000 (otuz min) manat olmaqla, ümumilikdə 69100 (altmış doqquz min bir yüz) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 27 avqust 2020-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhərinə gətirilmiş və barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İddiaçı barəsində 28 avqust 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 01 il 26 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçının həbsdə olduğu müddət nəzərə alınaraq məhkəmə zalından azadlığa buraxılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilmiş və iddiaçı barəsində bəraət hökmü çıxarılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə hökmü qüvvədə saxlanılmışdır. İddiaçı barəsində qanunsuz olaraq aparılmış cinayət təqibinə görə o, əsassız olaraq 12 ay 26 gün həbsdə saxlanılmış, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində həbsdə saxlanılmaqla mənəvi zərərə məruz qalmış, mənəvi sarsıntı çəkmişdir. İddiaçının qanunsuz həbsdə saxlanılması onunla yanaşı, valideynləri üçün də narahatlıq yaratmış, onların təcridxana, məhkəmə yollarında qalmasına səbəb olmuş, eyni zamanda iddiaçıda narahatlıq, məyusluq, əzab-əziyyət yaratmışdır. İddiaçının azadlıq hüquququndan məhrum olması nəticəsində 12 ay 26 gün həbsdə qalması mənəvi iztirabların ağırlığına, cəmiyyətdə ona qarşı mənfi reaksiyaya səbəb olmuş və bütün bunlar iddiaçının psixoloji-mənəvi durumuna təsir etmişdir. İddiaçının 1 il 26 gün, daha dəqiqi, 391 sutka qanunsuz olaraq həbsdə saxlanılmasına görə sutka üçün 100 (bir yüz) manat kimi ağlabatan kompensasiya məbləği ilə hesablamaqla cavabdeh tərəfindən 39100 (otuz doqquz min bir yüz) manat kompensasiya ödənilməlidir. O cümlədən, iddiaçı həbs olunmazdan əvvəl gözündən müalicə almış, 391 gün qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində şəxsin sol gözü tamamilə tutulmuş və sol gözü üzrə görmə qabiliyyətini tamamilə itirmişdir. İddiaçı qanunsuz həbs olunmadığı təqdirdə sol gözünün müalicəsini və əməliyyatını davam etdirəcəkdi və görmə qabiliyyətini itirməyəcəkdi. Sol gözünün görmə qabiliyyətinin tam itirilməsinə görə də cavabdeh tərəf kompensasiya ödəməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X4 cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X2 əsl cavabdeh – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi elektron qaydada təqdim edilərkən cavabdeh qurumun VÖEN nömrəsi düzgün daxil edilmədiyindən başqa bir qurum elektron qaydada cavabdeh qismində qeydə alınmışdır. Lakin iddia ərizəsinin cavabdeh qrafasında iddia tələbi üzrə əsl cavabdeh qeyd edilmişdir. İddia tələbi üzrə əsl cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikir formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiya məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı, iddiaçı iddia ərizəsində bildirmişdir ki, onun həbsə alınması nəticəsində gözünün müalicəsini apara bilməmiş və sol gözünün görmə qabiliyyətini itirmişdir. Şəxsin həbsdə olması onun müalicə almasını məhdudlaşdırmır. Görünüdüyü kimi, iddiaçının bu tələbi də əsassızdır. Göstərilənlərə əsasən, iddanın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında etdiyi çıxışlara uyğun çıxış edərək, iddiaçı tərəfindən gözünün müalicəsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinin rəhbərliyinə şifahi qaydada müraciət edildiyini, lakin rəsmi qaydada müraciətinin olmadığını qeyd etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi X7 ərizə təqdim edərək, onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-105/2021 saylı 22 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, onun 27 avqust 2020-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək 01 (bir) il 26 (iyirmi altı) gün müddətində həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasına dair hökm edilmişdir. Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-57/2022 saylı 23 fevral 2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-105/2021 saylı 22 sentyabr 2021-ci il tarixli hökmünün İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən İddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması, qanunsuz olaraq barəsində ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun izah edilməsi, İddiaçı barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsinə dair hökm edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1096/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin çıxarışından görünür ki, İddiaçı “OS-üst göz qapağın kəsilmiş yaralanması, korneaskleral dəlib-keçən yaralanma, daxili qişaların yara ağzından çıxması ilə hişema” diaqnozu qoyulmuşdur. “Qısa anamez diaqnostik müayinə, xəstəliyin istiqaməti, keçirilmiş müalicə, göndərildiyi və çıxdığı vaxt vəziyyəti” qrafasında: “Daxil olarkən xx.xx.2020-ci il tarixində OS-yaranın birincili cərrahi işlənməsi icra olundu. xx.xx.2020-ci il tarixində OS-büllur qalığının yuyulması icra olundu. Çıxarkən yara və tikişlər adaptasiya olub, ifrazat yoxdur. Ön kamera dərindir. Bəbək qeyri-düzgün, gözdibi qan laxtaları müşahidə olunur. Aydın oftalmoskopiya olunmur” yazılmışdır. “Müalicə və əmək qabiliyyəti haqqında rəyi” qrafasında: Sol kopred 1 damcı, hər 1 saatdan bir, sol gatisin 1 damcı, hər 2 saatdan bir” qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Tibb Universitetinin X3 arayışından görünür ki, Xəlil Heydərovun (1990) OD-ş/n cismin tək-tək bulanmaları var. OS-ş/n cismin total qopması, destmetrik dəyişikliklər müəyyən olunur. OH-Tor qişa tamdır, incəlmişdir. Patoloji cırıq yoxdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı istintaq təcridxanasının 1234 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-105/2021 saylı 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 27 avqust 2020-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək 01 (bir) il 26 (iyirmi altı) gün müddətində həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İddiaçının müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 57/2022 saylı 23 fevral 2022-ci il tarixli hökmünə əsasən apellyasiya şikayətinə münasibətdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-105/2022 saylı 22 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən İddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması, qanunsuz olaraq barəsində ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilmiş, onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1096/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 27 avqust 2020-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək, yəni 01 (bir) il 26 (iyirmi altı) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki hüquq məsuliyyətinin 4 zəruri şərti vardır: birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi – ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən, «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçı “qanunsuz həbsdə saxlanması nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirməsinə görə 30000 (otuz min) manat məbləğində maddi ziyan” tələbi ilə bağlı sol gözünün görmə qabiliyyətinin tamamilə itməsini qanunsuz olaraq həbsdə saxlandığı müddətdə müayinə oluna, müalicə ala və əməliyyat oluna bilməməsi ilə əlaqələndirir və hesab edir ki, bu zərər cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməlidir. Lakin qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qanunsuz olaraq həbsdə olduğu müddətdə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə gözünün mütəmadi müayinə, müalicə və ya əməliyyat olunması zərurətinin olması barədə heç bir məlumat verilməmiş və müayinə, müalicə və ya əməliyyat barədə tələblə müraciət edilməmişdir. Bu səbəbdən də iddiaçının sol gözünün görmə qabiliyyətinin itməsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinin və ya digər dövlət orqanlarının hər hansı təqsirli hərəkəti və qanunsuz həbsdə saxlanılma ilə sol gözün görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqə müəyyən olunmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sol gözünün görmə qabiliyyətinin itirilməsi nəticəsində ona dəyən maddi zərərdə Azərbaycan Respublikasının dövlət orqanlarının təqsiri, eyni zamanda, qanunsuz həbsdə saxlanılma ilə sol gözün görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqə müəyyən olunmadığından, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 13.000 (on üç min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 01 (bir) il 26 (iyirmi altı) gün müddətinə həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 39100 (otuz doqquz min bir yüz) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 13.000 (on üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 13.000 (on üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar