Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5710/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X6 oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə (16(006)-398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) iddiaçıdan tutulmalı alimentin miqdarını azaldaraq 04 iyul 2022ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 16(006)-398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq cavabdehə ödənilmişdir. Həmin dövrdə iddiaçı “SOCAR X1” MMC-də baş mütəxəssis vəzifəsində çalışmış və aylıq əmək haqqı məbləği 5.082 manat idi. Əmək haqqı məbləği yüksək olduğu üçün iddiaçı ayda 1000 manatdan yuxarı aliment ödəmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən “SOCAR X1” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, b (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bir aydan artıq müddət keçməsinə baxmayaraq, iddiaçı hələ də özünə yeni iş yeri tapa bilməmişdir. Hazırda gəlir yeri yoxdur və müxtəlif banklardan kredit götürdüyü üçün həmin banklar qarşısında da müəyyən öhdəlikəri yaranmışdır. İddiaçı bir ata kimi övladı qarşısında valideyinlik borcunun olduğunu dərk edir və iş bacarıqlarına uyğun yeni iş yeri tapmaqdan ötrü rəsmi qaydada müxtəlif qeyri-dövlət və dövlət qurumlarına da müraciətlər ünvanlamışdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddiaçının işləməsi səbəbindən alimentin onun gəlirlərinin müəyyən hissəsi kimi deyil, hər ay 250 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, iddiaçının işləməməsi səbəbindən alimentin onun gəlirlərinin müəyyən hissəsi kimi tutulması mümkün olmayacağından, uşağın saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində tutulmasına razıdır.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Doğum haqqında AZ-İV seriyalı, 766931 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 05 avqust 2021-ci il tarixdə bağlanmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3286 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 04 iyul 2022-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, 04 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi (16(006)-398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla), iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Nikahın pozulması haqqında AZ-İ seriyalı 496456 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə müvafiq akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 319 № ilə qeyd edilmişdir.
9. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasında aparılmış 16 nömrəli, xx.xx.2024cü il tarixli qeyddən görünür ki, “SOCAR X1” MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. b (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
10. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə “SOCAR X1” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrə əsasən 68.2. b (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam verilmişdir.
11. Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində X2 Bakı Regional Məşğulluq Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilməsi nəzərdə tutulmuş və məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi məqsədilə fərdi məşğulluq proqramı tərtib olunmuşdur.
12. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00748 nömrəli arayışdan görünür ki, Cavabdeh aliment məbləğinin azaldılması ilə bağlı tələb üzrə keçirilin ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya xərci ödənilmişdir (ödənişi təsdiq edən xx.xx.2024-cü il tarixli qəbz iş materiallarına əlavə edilmişdir).
13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Məmmədov Elvin anadan olmuşdur.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, yetkinlik yaşına çatmayan uşaq anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atasının qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin ondan tutulması qət edilmişdir.
16. Həmin iş üzrə aparılan məhkəmə araşdırması dövründə iddiaçı “SOCAR X1” MMC-də işləyərək aylıq 5.082 manat məbləğində əmək haqqı alsa da, MMC-nin xx.xx.2024cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilərək, iddiaçı xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir.
17. Hazırda iddiaçı işdən çıxarılması səbəbindən yuxarıda qeyd edilən qətnamə ilə ondan tutulan alimentin miqdarının azaldılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin ondan tutulmasını məhkəmədən xahiş edir, cavabdeh də öz növbəsində iddiaçının tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmir. Məhkəmə araşdırmaları zamanı iddiaçı işdən çıxanda növbəti 3 aylıq alimenti ödədiyini, hazırda işləməsə də, hər ay 250 manat məbləğində aliment ödəmə imkanına malik olduğunu, bu ödənişləri isə qətnamə üzrə etmək istədiyini bildirir, cavabdeh də həmin vaxt kartına əlavə pul gəldiyini mübahisələndirmir, lakin bu pulun aliment ödənişi olduğundan məlumatsız olduğunu bildirir və iddiaçı işləmədiyinə görə alimentin məbləğinin onun tələb etdiyi formada müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinə razı olduğunu əlavə edir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddiaçı işdən çıxarıldığına görə məhkəmə qətnaməsi ilə onun qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulmasının mümkün olmadığına əsaslanmaqla, alimentin azaldılaraq hər ay 250 manat sabit pul məbləğində təyin edilməsini tələb etməkdə haqlıdır.
19. Belə ki, həmin qətnamə ilə alimentin miqdarı müəyyən edilərkən iddiaçının işləməsinin və yüksək məbləğdə rəsmi gəlirinin olmasının, buna görə də alimentin qazancın müəyyən hissəsi kimi tutulmasının uşağın mənafeyinə uyğun olmasının məhkəmə tərəfindən nəzərə alınması, lakin hazırda iddiaçının işləməməsi, yəni rəsmi qazancının olmaması, bu səbəbdən qətnamənin alimentlə bağlı hissəsində icrasının mümkün olmaması, deməli, alimentin həmin qətnamə ilə müəyyən edilmiş miqdarda saxlanılmasının yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun olmaması mübahisəsizdir. Məhkəmə bu halı alimentin məbləğinin müəyyən olunduğu tarixdən hazıradək keçən müddət ərzində cavabdehin maddi vəziyyətində yaranmış dəyişiklik kimi qiymətləndirir.
20. Məhkəmə qeyd edir ki, formalaşmış təcrübəyə əsasən, uşağın cavabdehin himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – iddiaçıdan tutulmasına əsas hesab olunur. Hazırkı halda isə iddia tələbində göstərilmiş – iddiaçının ödəməyə və cavabdehin aliment kimi almağa razılıq verdiyi məbləğ uşaqlar üçün dövlət tərəfindən qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən artıq olmaqla, onun üstün mənafeyinə uyğun hesab edilir.
21. Yuxarıda göstərilənlər baxımından və qanunvericiliyin tələblərinə müvafiq olaraq, cavabdehin iddianı etiraf etməsini tədqiq edən məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı başqa şəxslərin hüquqlarını və mənafelərini pozmur, habelə yetkinlik yaşına çatmayan uşağın mənafeyinə də uyğundur. Həmçinin, qanunvericiliyə əsasən, aliment ödənilməsini tələb edən şəxs kimi cavabdehin müstəsna hüququ olduğundan, hazırkı qətnamə ilə alimentin sabit pul məbləğində tutulmasını müəyyən etmək üçün iş üzrə onun özünün iddia tələbinin təmin edilməsinə razılıq verməsi də nəzərə alınmalıdır.
22. Beləliklə, göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq və uşağın əvvəlki təminatının mümkün qədər maksimal saxlanılmasına da diqqət yetirilməklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı alimentin miqdarı dəyişdirilərək 04 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalıdır. d) Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyası: 34-cü maddə, İV bənd. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddə. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddə. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddə. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddə. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddə. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər;
25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 8-ci maddə. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddə. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddə. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.2, 52.5-ci maddə. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddə. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddə. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddə. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 233.4-cü maddə. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
28. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.13-cü bənd. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bənd. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
29. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı alimentin miqdarı dəyişdirilərək 04 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X7