Məhkəmə qərarları › İş №e-2(006)-576/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-576/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-576/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı təhvil verilmiş faktiki sahə ilə layihəyə əsasən verilməli olan sahənin nisbətinin əvəzinin pul şəklində qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh MTK-ya qarşı təhvil verilmiş faktiki sahə ilə layihəyə əsasən verilməli olan sahənin nisbətinin əvəzinin pul şəklində qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin Cavabdeh MTK tərəfindən sökülməsi nəticəsindən iddiaçıya verilməli olan 97,2 kv.m. sahəli mənzilin əvəzinə 84,99 kv.m. sahəli mənzilin verilməsi ilə bağlı İddiaçı 12,21 kv.m. az sahəli mənzil verildiyi üçün, yaranmış fərqin əvəzi olaraq manat pulun; ‘ldən çıxmış faydaya görə, mənzilin təhvil verildiyi xx.xx.2022-ci il tarixdən iddianın verildiyi tarixə qədər 12000 manat (500 manat x 24 ay) məbləğində zərərin; həmçinin, iddianın verildiyi tarixdən etibarən vurulmuş zərərin əvəzi kompensasiya şəklində ödənilənədək keçəcək hər ay üçün əlavə olaraq 500 manat məbləğində əldən çıxmış faydanın; həmçinin məhkəməyə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 233 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: Cavabdeh – Cavabdeh (Tikinti şirkəti) ilə İddiaçı (Əmlak mülkiyyətçisi) arasında bağlanmış 01 avqust 2018-ci il tarixli tarixli 143 nömrəli müqaviləyə əsasən AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarını və Bakı şəhəri, Nəsimi rayon İHB-nın 280 saylı xx.xx.2017-ci il tarixli sərəncamını əsas tutaraq “Tikinti şirkəti” “Əmlak mülkiyyətçisi” qarşısında öhdəlik götürmüşdür ki, sonuncuya MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən məxsus olan, ünvan 1 ünvanında yerləşən 101,3 kv.m. ümumi sahəli mənzilin 1 otağının, yəni faktiki sahəsi 31,63 kv.m. olan yaşayış sahəsinin sökülməsinin əvəzinə, Əmlak mülkiyyətçisinə 31,63 kv.m.+20%= 37,95 kv.m. sahəsi olan təmirli mənzili 24 ay ərzində verəcəkdir. Daha sonra həmin Müqavilədə Tikinti şirkəti öhdəlik götürmüşdür ki, əmlak mülkiyyətçisinə 37,95 kv.m. sahəsi olan mənzilin təmirinin əvəzinə 3,8 kv.m və 24 ay ərzində, hər ay ödəniləcək 500 manat kirayə haqqının əvəzinə isə 9,23 kv.m. əlavə sahə veriləcəkdir. Bundan başqa həmin Müqavilədə qeyd edilmişdir ki, “Əmlak Mülkiyyətçisi” “Tikinti şirkəti”nə, əlavə olaraq 35,2 kv.m. sahəni almaq üçün 45760 manat ödəniş etmişdir. Tərəflərlər arasında olan həmin Müqaviləyə görə, “Tikinti şirkəti” 9,02 kv.m. əlavə sahəni Əmlakın mülkiyyətçisinə həddiyə etmişdir. Beləliklə, Müqavilənin 1.1.2. bəndində qeyd edilmişdir ki, “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 11-ci mərtəbəsində 95.2 kv.m. təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra həmin Müqavilənin 2.2.3. bəndində görə, “Tikinti şirkətinin” vəzifəsidir ki,“Əmlak mülkiyyətçisi”nə veriləcək sahə, lahiyəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”nə ödəsin. Həmçinin həmin müqavilənin 2.2.4. bəndinə görə, mənzilin 24 ay ərzində təhvil verilməli olduğu halda nəzərdə tutulsa da, təhvil-təslim AKT-ına əsasən MALİBO MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən binanın 10-cu blok, 11-ci mərtəbəsindəki 2 otaqlı təmirsiz, 97,2 kv.m. sahəsi olan mənzil İddiaçı xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir, yəni müqavilə bağlanandan 49 ay sonra. Bundan sonra İddiaçı tərəfindən mənzilin təmir işlərinə başlanılmış və hal-hazırda müəyyən etmişdir ki, mənzilin faktiki sahəsi 84,99 kv.m təşkil edir və həmin Binada təmirsiz mənzilin 1 kvadrat metrinin dəyəri 2900 manat təşkil edir. Bu halı sübut edən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli Hesabatı mövcuddur. Yuxarıda qeyd edilənlərdən, Müqavilədən, Aktdan və təqdim edilmiş Hesabatdan çıxış edərək lahiyəyə uyğun ölçüdən az sahəli mənzil verdiyi üçün cavabdehdən 97,2 kv.m. – 84,99 kv.m.= 12,21 kv.m. sahə nisbətinin bugünkü bazar dəyərinə əsasən 1 kv.m sahəsinin dəyəri 2900 manatdan hesablanmaqla 35409 manat pul vəsaitinin ona qaytarılmasını xahiş edir. Şifahi və yazılı şəkildə müraciəti cavabdeh tərəfindən təmin edilmədiyindən, hal-hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, tikinti şirkəti öz qanunsuz əməllərini bu formada həyata keçirməklə, hətta birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunan və dövlət tərəfindən qorunan əsas insan və vətəndaş hüquqlarını tanımadığını da açıq-aşkar nümayiş etdirmişdir. Söküntü nəticəsində mülkiyyət hüququmun pozulması ilə yanaşı həmin söküntüdən sonra keçən zaman ərzində, hazırkı vaxtadək onun nə müvafiq mənzil ilə, nə də ədalətli kompensasiya ilə təmin olunmağı həyata keçirilməmişdir. Söküntüdən əvvəl həmin mənzilin 1 kv.m-nin dəyəri 1300 manat olsa da, hal-hazırda isə həmin ərazidə yaşayış sahəsinə tələbin yüksək olmasını nəzərə alaraq qeyd edilən mənzilin 1 kv.m. dəyərinin 2900 manat olmasının mümkünlüyü birmənalıdır. Cavabdeh təşkilata sahə nisbətinə görə yaranmış pul fərqinin qaytarılmasını tələb etsə də, bir nəticə əldə edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçıın nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi izahat verərək bildirmişdir ki, mənzilin sahəsinə görə məbləğ tərəflə müqavilə bağlanan dövrə görə təyin edilir. Ona görə də qərar çıxarılarkən hazırkı dövrdə mövcud olan qiymətin deyil, həmin məbləğin əsas götürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0.035 ha torpaq sahəsində yerləşən 127 nömrəli 2 mərtəbəli binada yerləşən 101.3 kv.m ümumi, 63.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaqlı, X3 1 otaq, X2 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrindən 859 nömrəli reyestr kitabının 79988 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh (Tikinti şirkəti) ilə İddiaçı (Əmlak mülkiyyətçisi) arasında bağlanmış 01 avqust 2018-ci il tarixli tarixli 143 nömrəli müqaviləyə əsasən AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarını və Bakı şəhəri, Nəsimi rayon İHB-nın 280 saylı xx.xx.2017-ci il tarixli sərəncamını əsas tutaraq Tikinti şirkəti Əmlak mülkiyyətçisi qarşısında öhdəlik götürmüşdür ki, sonuncuya MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən məxsus olan, ünvan 1 ünvanında yerləşən 101,3 kv.m. ümumi sahəli mənzilin 1 otağının, yəni faktiki sahəsi 31,63 kv.m. olan yaşayış sahəsinin sökülməsinin əvəzinə, Əmlak mülkiyyətçisinə 31,63 kv.m.+20%= 37,95 kv.m. sahəsi olan təmirli mənzil 24 ay ərzində verəcəkdir. Tikinti şirkəti öhdəlik götürmüşdür ki, Əmlak mülkiyyətçisinə 37,95 kv.m. sahəsi üçün ayrılacaq təmir xərci əvəzinə əlavə 3,8 kv.m və 24 ay ərzində, hər ay ödəniləcək 500 manat kirayə haqqı əvəzinə isə 9,23 kv.m. əlavə sahə habelə 9.02 kv.m hədiyyə olaraq veriləcəkdir. Mənzilə əlavə olunmuş 35.2 kv.metr sahənin 1 kv.metrinin satış qiyməti 1300 manat, cəmi 45760 manat təşkil edir və əmlak mülkiyyətçisi müqavilə bağlanan an şirkətə ödəməyi öhdəsinə götürür. Mənzilin xx.xx.2022-ci il tarixli Təhvil-Təslim Aktına əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 01 avqust 2018-ci il tarixli 143 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində tikilən binanın 10-cu blok, 11-ci mərtəbə. 2 otaqlı, təmirsiz 97,2 kvm sahəsi olan mənzil İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilir. Mənzilə dair təhvil-təslim aktı tərtib edildiyi andan mənzil İddiaçı təhvil verilmiş sayılır və kirayə haqqının verilməsi dayandırılır. Mənzilin təhvil-təslim aktı imzalandıqdan sonra mənzildən istifadə və sahibliklə əlaqədar İddiaçı hüquqlarına, öhdəliklərinə və kommunal xidmətlərə dair ayrıca müqavilə imzalanır. "xxxx" MMC-nin 44 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən Cavabdeh MMC tikinti şirkəti tərəfindən verilmiş 01 avqust 2018-ci il tarixli 143 saylı, müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş hündürmərtəbəli yaşayış binasının 10-cu bloku 11-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 95,2 m2 göstərilsə də, mənzilin faktiki sahəsi 84,99 m2-dir. Müqavilədə göstərilmiş mənzilin ümumi sahəsi ilə faktiki sahəsi arasında 10,21 m2 fərq vardır. Həmin hündürmərtəbəli yaşayış binasmda təmirsiz 1 m2 bazar dəyəri: 2900 (iki min doqquz yüz) manat təşkil edir. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı pretenziya bildirişinə əsasən, aralarında olan Müqavilədən və Aktdan çıxış edərək lahiyəyə uyğun ölçüdən az sahəli mənzil verdiyi üçün Cavabdeh MTK-dan 97,2 kv.m. - 84,99 kv.m.= 12,21 kv.m. yaranan nisbəti bugünkü bazar dəyərinə əsasən pul şəklində ona verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9351 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 127 saylı evin 30 saylı mənzilinin faktiki sahəsinin 88,5m2 təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 127 saylı evin 30 saylı mənzilinin ümumi tikinti sahəsinin (arakəsmə divarlarının altına, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olunmaqla) 96,3m2 təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən baxış zamanı təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 127 saylı evin 30 saylı mənzilin ümumi sahəsinin 82,0 kv.m təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 127 saylı evin 30 saylı mənzilinin faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2-nin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təxminən 3450,00 manat məbləğində müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarına əlavə olunmuş Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, sonuncunun ünvan 1 ünvanında yerləşən 101,3 kv.m. ümumi sahəli mənzilin 1 otağının, yəni faktiki sahəsi 31,63 kv.m. olan yaşayış sahəsinin sökülməsi, habelə ödədiyi 45760 manat müqabilində və 9.02 kv.metr hədiyyə olaraq, ona MTK tərəfindən ümumilikdə 95.2 kvadrat metr mənzilin verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilədə mənzilin 1 kv.metrinin qiymətinin 1300 manat olması razılaşdırılmışdır. Hazırkı işdə İddiaçı hesab edir ki, Cavabdeh MTK müqavilə üzrə üzərinə sahəsi 97.2 m2 olan mənzilin inşa edilərək, ona təhvil verilməsini öhdəsinə götürsə də, faktiki olaraq ona 84.99 m2 sahəsi olan mənzil təhvil verməklə, müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməmişdir. Yəni, iddiaçının iddiasının əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir. Məhkəmə bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertiza təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9351 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 127 saylı evin 30 saylı mənzilinin faktiki sahəsinin 88,5 kv.m təşkil etdiyi müəyyən edilir. Məhkəmə qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış əvəzləşdirmə müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması “əmlak mülkiyyətçisi”nin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da tikinti şirkətinin mənafeyinə uyğun deyil. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini icra edib-etməməsini aydınlaşdırarkən mənzilin faktiki ölçüsü olaraq mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları ilə nəzərə alınmadan faktiki olaraq sahəsinin 88.5 kv.metr götürülməsi məqsədə uyğundur. Beləliklə, məhkəmə iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz. İşin müəyyən edilən faktiki halları, iddiaçının ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulduğundan az olması ilə bağlı irəli sürdüyü dəlillərin təsdiq olunduğunu ehtiva edir. Belə ki, cavabdeh ümumilikdə sahəsi 95.2 kv.m olan mənzilin iddiaçıya verməli olduğu halda, ekspert rəyi ilə mənzilin faktiki sahəsinin 88.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz. Bu konteksdən çıxış edən məhkəmə hesab edir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 6.7 kv.metr fərq mövcuddur (95.2 – 88.5 = 6.7). Bu da onu deməyə əsas verir ki, iddia qismən təmin edilməli və dəymiş zərərin hesablanması zamanı 6.7 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçıya dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır. Dəymiş zərərin hesablanması mexanizminə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış müqavilənin 2.2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, “əmlak mülkiyyətçisi”nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə tikinti şirkəti yaranan nisbətin pul şəklində 1 kv.m üçün 1300 manatdan hesablanmaqla “əmlak Mülkiyyətçi”sinə ödəmək vəzifəsi daşıyır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya ödənilməli olan məbləğ müqavilə ilə nəzərdə tutulmuş hər kvadrat metrə münasibətdə 1300 AZN hesablanmaqla icra edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər sərbəst iradə ifadəsi bildirərək müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyən etmişlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. İddia tələbinin “mənzilin təhvil verildiyi xx.xx.2022-ci il tarixdən iddianın verildiyi tarixə qədər 12000 manat zərərin ödənilməsi, habelə iddia verildiyi tarixdən etibarən vurulmuş zərərin əvəzinin kompensasiya şəklində ödənilənədək keçəcək hər ay üçün əlavə olaraq 500 manat əldən çıxmış faydanın ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəflə iddianın həmin hissəsinin hansı əsasla əsaslandırılması müzakirə edildikdə, nümayəndə mövqeyini, xx.xx.2022-ci il tarixdə mənzilin təmirsiz halda təhvil verilməsi, binada qaz xəttinin olmaması, iddiaçının özü tərəfindən hissə-hissə təmir etdirilməsi, məhz buna görə cavabdehdən 500 manat kirayə haqqının tələb edilməsi ilə əsaslandırmışdır. Halbuki müqavilədə (bənd 1.1.2) mənzilin məhz təmirsiz şəkildə verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırda iddiaçıya zərər olaraq əldən çıxan faydanın müəyyən olunması onun tərəfindən sübuta yetirilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh MTK tərəfindən sökülməsi nəticəsindən iddiaçıya verilməli olan 95,2 kv.m. sahəli mənzilin əvəzinə 88.5 kv.m. sahəli mənzilin verilməsi ilə bağlı İddiaçı 6.7 kv.m. azsahəli mənzil verildiyi üçün, yaranmış fərqin əvəzi olaraq 8710 manat (6.7 kv.m x 1300 manat) Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 233 manat dövlət rüsumunun 45 manat hissəsi Cavabdeh MTK-dən tutularaq İddiaçı ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspert xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilik əskik olan 6.7 kv.metr ölçüyə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1300 manat olmaqla, 8710 (səkkiz min yeddi yüz on) manat məbləğində pul Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 233 manat dövlət rüsumunun 45 manat hissəsi Cavabdeh MTK-dən tutularaq İddiaçı ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspert xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar