Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5840/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində borcun, gecikdirilmiş vaxt üçün illik (2 il) beş faiz 1350 (bir min üç yüz əlli) manat, həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar 137.69 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə uzun müddət bir şirkətdə işləmişdir, bunun nəticəsi olaraq aralarında dostluq münasibəti yaranmışdır və bu illər ərzində dəfələrlə iddiaçıya borca pul almaq üçün müraciət etmişdir. İddiaçı da onunla dostluq münasibəti olduğu üçün ona borca pul vermişdir. Cavabdeh borcu qaytarmağı öhdəsinə götürmüş, lakin bugünədək geri qaytarmamışdır. Bir neçə dəfə borcla bağlı kiçik məbləğlərdə iddiaçıya ödəniş etmişdir. 13500 (on üç min beş yüz) manat məbləğində borcla bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, nəticə olmamışdır. Hal-hazırda onunla telefonla əlaqə saxlamaq da mümkün olmur, iddiaçının nömrələrini götürmür. Məcburiyyət qarşısında uzun müddət iddiaçını aldatdığına görə, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin təhqiqatçısı R.Y.Məmmədovun xx.xx.2025-ci il tarixli Qərarında (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) göstərilmişdir: “Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, vətəndaş İddiaçı1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilsin”. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin təhqiqatçısı R.Y.Məmmədovun xx.xx.2025-ci il tarixli Qərarında (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) göstərilmişdir: “Vətəndaş İddiaçı1 pulunun geri qaytarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin.” Cavabdeh öz öhdəliyini yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. 13500 (on üç min beş yüz) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək - 2 il) 1350 (bir min üç yüz əlli) manat (13500 X 5%=675 X 2=1350) manat məbləğində vəsait təşkil edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı pulu gəlir əldə etmək məqsədi ilə deyil, borc kimi cavabdehə vermiş, cavabdehin həmin pulu 3-cü şəxsə verəcəyindən məlumatı olmamışdır. Daha sonra xəbəri olmuşdur ki, Cavabdeh pulu kiməsə verib və həmin şəxs pulu geri qaytara bilməyib. Cavabdeh özü yazışmalarda 13.500 manat borcu qaldığını qəbul edir. Qeyd etdiklərinin nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən – 7000 manat hissəsində qəbul edərək bildirdi ki, Fəridlə 2014-cü ildə “Muğanbank”ın Salyan filialında tanış olmuşdur. Fəriddən pulları Vəliyev Novruz adında şəxsə vermək üçün almışdır. Novruz onun iş yoldaşı olmuş, maşın alveri ilə məşğul olmuşdur. Pul vəsaitini Novruza verməklə, qarşılığında onun maşın alverindən qazancına şərik olacaqları barədə razılığa gəlmişlər. Lakin Novruz onları aldatmışdır və hazırda dələduzluq əməlini törətdiyinə görə həbsdədir. Fərid pulların Novruza veriləcəyi barədə məlumatlı olmuşdur. 2015-ci ildə Novruza ümumilikdə 50.000 ABŞ dolları pul vermişlər, onun 40.000 dollarını Fərid vermişdir. Pul batdıqdan sonra bir qismini özü 2017-2019-cu illərdə Fəridə əlbəəl qaytarmış və ona təxminən 7000 manat borcu qalmışdır. Borcu geri qaytarması ilə bağlı etdiyi ödənişlərə dair heç bir sübutu olmadığını əlavə etdi.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi tərəfindən “İddiaçı1 müraciəti əsasında toplanmış HK-1-1779 saylı material”a əlavə edilmiş: - 22.06.2022-ci il tarixli qəbzdən 3.000 manat məbləğində pul köçürülməsi faktı müəyyən edilir. - Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı polis mayoru Roman Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2015-ci ilin fevral ayının ortalarında Salyan rayonunda tanıdığı Cavabdeh 25.000 ABŞ dolları (42.500 manat) pul vermiş və sonuncu dəfə 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Musabəyov parkının yaxınlığında Cavabdeh ondan əlavə 3000 manat borc pul istəmiş və Cavabdeh ona göndərdiyi karta 3000 manat pul köçürmüşdür. Ümumilikdə, Cavabdeh ondan 45.500 manat borca pul alsa da, həmin puldan hissə-hissə olaraq 32.000 manat pul geri qaytarmış, qalan 13.500 manat borclu qaldığı pulu qaytarmamışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 pulunun geri qaytarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. 30.10.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
8. “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların ekran görüntüsündən görünür ki, iddiaçı tərəfindən “Elgun-Goyüşov” adı ilə qeydə alınmış şəxsə xx.xx.2025-ci il tarixdə “Salam; 500 azn odedin; Qaldi 14 000 azn; Her ayin 1-i 500 azn-i ode; Gecikdirme”; xx.xx.2025-ci il tarixdə isə “500 azn odedin; 13 500 azn; 2 ay 750 azn-den ode ferqi baglayaq” məzmununda mesajlar göndərilmiş; “Elgun-Goyüşov” cavab olaraq “22 si gelecem imkanim yaxsi olsa min vererem olmasa dediyini” məzmununda mesaj yazmışdır. Cavabdeh iddiaçı ilə yazışmalar apardığını mübahisələndirməmiş, həmin mesajları özünün yazdığını təsdiq etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı aralarında olan dostluq münasibətlərinə əsasən, 2015-ci və 2022-ci illərdə cavabdehə cəmi 45.500 manat məbləğində borc verdiyini, borcun 32.000 manat hissəsinin qaytarıldığını və cavabdehin 13.500 manat borcu qaldığını iddia edir. Cavabdeh isə 2015-ci ildə 40.000 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçıdan götürdüyünü və hazırda cəmi 7.000 manat məbləğində borcu qaldığını etiraf edir. İddiaçı 2022-ci ilin iyun ayında 3.000 manat məbləğində pulu cavabdehin təqdim etdiyi karta köçürməsi ilə bağlı qəbzi müvafiq polis idarəsində öz müraciəti əsasında aparılan araşdırmaya təqdim etmiş, hazırkı işin araşdırılması zamanı həmin idarədə toplanmış materiallar məhkəmə sorğusu əsasında əldə edilərək, işə əlavə edilmişdir.
10. İddiaçı qalıq borcla bağlı “WhatsApp” mobil tətbiqi vasitəsilə cavabdehlə apardığı yazışmaların ekran görüntüsünü məhkəməyə təqdim etmişdir. Həmin yazışmalarda 2025-ci ilin fevral ayında iddiaçının cavabdehə “500 manat ödədin, qaldı 14.000 manat, hər ayın 1-i 500 manat ödə, gecikdirmə”; 2025-ci ilin may ayında isə “500 manat ödədin, 13.500 manat, 2 ay 750 manatdan ödə, fərqi bağlayaq” məzmununda; cavabdehin isə onun sonuncu mesajına cavab olaraq “22-si gələcəm, imkanım yaxşı olsa, 1.000 manat verərəm, olmasa, dediyini” məzmununda mesajlar yazması müəyyən edilir. Qeyd olunur ki, cavabdeh iddiaçı ilə yazışmalar apardığını mübahisələndirməmiş, həmin mesajları özünün yazdığını təsdiq etmişdir.
11. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçının verdiyi 40.000 ABŞ dolları ilə yanaşı, özü də 10.000 ABŞ dolları olmaqla, cəmi 50.000 ABŞ dolları məbləğində pulu gəlir əldə etmək məqsədilə özünün şəxsən tanıdığı, maşın alveri ilə məşğul olan Vəliyev Novruza vermiş, lakin həmin şəxs vəd verdiyi işi yerinə yetirmədiyindən, pul batmış, özü isə dələduzluğa görə tutulmuşdur, hazırda həbsdədir. Bu səbəbdən aralarındakı münasibətə görə cavabdeh iddiaçıdan götürdüyü pulun bir hissəsini 2017-2019-cu illərdə əlbəəl ödənişlər etmək yolu ilə, 1 dəfə isə 500 manat hissəsini karta köçürməklə ona geri qaytarmışdır. İddiaçı borcun verilmə əsasının gəlir əldə etmək olması ilə bağlı cavabdehin dəlilini qətiyyən qəbul etməmiş, cavabdeh bu dəlili ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu səbəbdən məhkəmə cavabdehin həmin dəlilini formal şifahi mülahizə hesab edərək, hazırkı işə ümumi məhkəmədə baxılmasını məqsədə müvafiq saymışdır.
12. Beləliklə, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməli olması barədə mülki prosessual qanunvericiliyin tələbinə əsasən, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırkı iş üzrə tərəflər arasındakı münasibətlərin yarandığı iddia edilən 2015-ci ildə (cavabdeh tərəfindən qəbul edilir) və 2022-ci ildə qüvvədə olan normalarını əsas götürdüyünü vurğulayır. Belə ki, Mülki Məcəllənin “borc müqaviləsinin forması” adlanan 740-cı maddəsinin 2015-ci ildə qüvvədə olan redaksiyası “Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər”; 2022-ci ildə qüvvədə olan redaksiyası isə “Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır” məzmununda olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən 42.500 manat verildiyi iddia edilən (cavabdeh tərəfindən isə 40.000 ABŞ dolları məbləğində pulun alındığı bildirilən) 2015-ci ildə qanunverici borc müqaviləsinin şifahi formada bağlanmasını təsbit etmiş, bununla yanaşı, müqavilənin yazılı formada bağlana bilməsini də istisna etməyərək, bunu tərəflərin iradəsinə həvalə etmişdir. Beləliklə, həmin vaxt borc müqaviləsinin yazılı qaydada rəsmiləşdirilə bilməsi barədə norma dispozitiv mahiyyətdə olmuşdur. Həmçinin, iddiaçı tərəfindən 3.000 manat borc verildiyi iddia edilən və bu barədə qəbz təqdim edilən (lakin cavabdeh tərəfindən qəbul edilmir) 2022-ci ildə isə qanunverici borc müqaviləsinin tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanmasını təsbit etmiş, lakin bununla yanaşı, müqavilənin yazılı formada bağlanmalı olması ilə bağlı ayrı-ayrılıqda 2 şərt qeyd etmişdir: bunlardan biri borc verilən məbləğin 3.000 manatdan çox olması, ikincisi isə məbləğdən asılı olmayaraq, müqavilənin iştirakçısının hüquqi şəxs olması halları olmuşdur. Hazırkı işdə isə sözügedən vaxt borc verildiyi iddia edilən məbləğin nə 3.000 manatdan çox olması, nə də tərəflərdən hər hansı birinin hüquqi şəxs olması halları müəyyən edilməmişdir. Deməli, yenə də tərəflər arasındakı bu münasibətlər borc müqaviləsinin yazılı qaydada bağlanmalı olması ilə bağlı həmin vaxt qüvvədə olan imperativ tələblərin təsir dairəsindən kənarda qalmışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasındakı münasibətlərin yaranma vaxtı qüvvədə olan mülki qanunvericiliyin tələblərinə istinadən hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
13. Tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı cavabdehə borc vermiş, cavabdeh isə aldığı borcu tam şəkildə geri qaytarmamışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını məhz Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
14. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan, məhkəmə cavabdehin “40.000 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçıdan götürməsi barədə” və iddiaçının “borcdan 32.000 manat hissəsinin qaytarılması barədə” izahatlarını iddiaçının cavabdehə borc verməsi və cavabdehin borcun bir hissəsini geri qaytarması faktlarının etirafı olaraq mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz növbəsində borcun verilməsi, cavabdeh isə borcun bir hissəsinin geri qaytarılması faktlarını sübut etmək vəzifəsindən azaddır.
15. Hazırkı iş üzrə yeganə mübahisəli hal ondan ibarətdir ki, iddiaçı cavabdehin ona 13.500 manat məbləğində borcu qaldığını iddia edir, cavabdeh isə iddiaçıya 7.000 manat məbləğində borcu qaldığını etiraf edir. Sübutetmə yükünün bölüşdürülməsi institutunun prinsiplərindən və qanunvericiliyin tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, borc götürülmüş pulun qaytarılması faktını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, pulun verilməsi faktından fərqli olaraq, “geri qaytarılmaması” neqativ fakt olub, bu faktı sübut etmək cavabdehin özünün istinad etdiyi hal kimi onun vəzifəsinə çevrilir. Bununla bağlı yuxarıda da qeyd edildiyi kimi, cavabdeh məhkəmənin əvvəlki iclaslarındakı izahatında 2017-2019-cu illərdə iddiaçıya əlbəəl ödənişlər etdiyini, 1 dəfə isə kartla 500 manat ödədiyini, götürdüyü puldan iddiaçıya cəmi 7.000 manat borcu qaldığını hesab etdiyini yalnız şifahi şəkildə məhkəməyə bildirmiş, borcu geri qaytarmasına dair heç bir sübutunun olmadığını bildirərək, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onun əksinə, iddiaçı bu faktla bağlı sübutetmə yükünü daşımasa da, mülki münasibətlərin əsasını təşkil edən vicdanlılıq prinsipinə uyğun hərəkət edərək, borcun 32.000 manat hissəsinin ödənildiyini məhkəməyə bildirmiş, qalıq borcla bağlı isə “WhatsApp” mobil tətbiqi vasitəsilə cavabdehlə apardığı yazışmaların ekran görüntüsünü məhkəməyə təqdim etmişdir. Sözügedən yazışmalardan 2025-ci ilin may ayında iddiaçının cavabdehə “13.500 manat məbləğində borcun qaldı”, cavabdehin də ona cavab olaraq “imkanım yaxşı olsa, ayın 22-si gələndə 1.000 manat verərəm” məzmununda mesajlar yazması müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə yazışmalar apardığını mübahisələndirməmiş, həmin mesajları özünün yazdığını təsdiq etmişdir. Beləliklə, iddia tələbinin əsaslı olması müəyyən edildiyindən, o cümlədən qalıq borcun yazışmalarda göstərilən, başqa sözlə iddia edilən məbləğdən az olması cavabdeh tərəfindən heç bir mötəbər sübutla təsdiqlənmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin “13.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi təmin edilməlidir.
16. İddia tələbinin “1.350 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı bu məbləğin 2023-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayınadək hesablandığını bildirir. Cavabdehin iddia tələbi ilə bağlı etirazının dəlillərində istinad edilən dövrdə borcla bağlı ödəniş etdiyini qeyd etməmiş, o, 2017-2019-cu illərdə ödəniş etdiyini bildirmiş, iş materiallarında olan yazışmalarda cavabdehin 2025-ci ilin fevral və may ayında ödəniş etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı 2023-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayınadək olan 2 il müddətində gecikdirilmiş vaxta görə illik 5 faiz tələb etməkdə haqlı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməlidir.
17. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (hazırkı redaksiyada). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada); Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyada). Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində pul, 1.350 (bir min üç yüz əlli) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu tutularaq İddiaçı1 verilməlidir.
22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu və 0,69 (altmış doqquz qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh İddiaçı1nın xeyrinə tutulmalıdır.
Nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində pul, 1.350 (bir min üç yüz əlli) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, iş üzrə ödənilmiş 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu və 0,69 (altmış doqquz qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova