Məhkəmə qərarları › İş №e-2(006)-590/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-590/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-590/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən “X9” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh mənzilində daxili su borularının partlaması nəticəsində su basma hadisəsi baş vermişdir. Qeyd edilən fakt Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS-in 35 nömrəli, 23 fevral 2019-cu il tarixli məktubunda öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 561 (beş yüz altmış bir) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edilir ki, ödənilmiş 561 (beş yüz altmış bir) manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 561 (beş yüz altmış bir) manat pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra cavabdeh Süleymanova Samı̇ rə Rafaı̇ l qızı etiraz təqdim edərək, hazırki işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4925/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Süleymanova Samı̇ rə Rafaı̇ l qızına qarşı "pul" tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 4.Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" ASC, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 561 (beş yüz altmış bir) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, guya cavabdehə məxsus mənzildəki daxili su boruların partlaması nəticəsində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini su basmış və vurulmuş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 561 (beş yüz altmış bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir və iddiaçı həmin məbləği cavabdehdən subroqasiya qaydasında tələb edir. İlk öncə qeyd edilməlidir ki, cavabdehə məxsus mənzildə heç vaxt daxili borular partlamamışdır və bunu təsdiq edən hər hansı texniki sənəd, mütəxəssis rəyi, şahidlərin və Cavabdeh iştirakı ilə tərtib edilmiş akt, onun mənzilinin nasaz borularının və ya su xəttinin fotoşəkilləri mövcud deyil. O ki, qaldı iddiaçının işə sübut qismində əlavə etdiyi Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS-in 35 nömrəli 23 fevral 2019-cu il tarixli məktubuna, həmin təşkilat boruların kimə məxsus olduğunu müəyyən etmək səlahiyyətinə malik deyil, nə də ekspert deyillər və bununla həmin məktub cavabdehin təqsirini təsdiq edən subut ola bilməz. Həmin təşkilata müraciətdən müəyyən olunur ki, hadisəyə dair hər hansı texniki sənəd mövcud deyil. Vəkil sorğusuna cavab olaraq MKİS-dən alnınan, xx.xx.2019-cu il tarixli “MİX” mağazasının icraçı direktoruna cavab məktubunda qeyd edilir ki, guya sığorta şırkətinə təqdim edilməsi üçün akt təqdim olunub, lakin həmin aktın nə tarixi, nə nömrəsi, nə də kim tərəfindən tərtib edilməsi, aktın tərtibində kimin iştirakı barədə hər hansı bir məlumat, nə də ümumiyyətlə aktın özü mövcud deyil. "xxxx" ASC tərəfindən tərtib edilən 0769/CFİ-090/2019 saylı Sığorta Aktına yalnız və yalnız hadisəni əks etdirən fotoşəkillər əlavə edilib, başqa hər hansı sənəd və ya hadisənin səbəbini əks etdirən fotoşəkillər əlavə edilməyib. Qanunvericilik hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanını məhz müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərə bağlayır və həmin sənədlərin mövcud olmamasını, sığorta ödənişinin verilməsindən imtina üçün əsas kimi müəyyən edir. Lakin iş materiallarına və "xxxx" ASC tərəfindən tərtib edilən 0769/CFİ-090/2019 saylı Sığorta Aktına əlavə edilən sənədlərdə müəyyən olunur ki, nə baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi akt və rəylər, nə texnoloji pozuntuların araşdırılmasına dair akt, nə zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı mövcud deyildir. Ümumiyyətlə, iddiaçının təqdim edtdiyi sənədlərə gəldikdə, sənədlərin heç biri cavabdehin məzilindən suyun axmasını sübuta yetirmir və biri-biri ilə ziddiyyət təşkil edir. Belə ki, hadisə xx.xx.2019-cu il tarixində baş verib, həmin tarixdə Sabail Rayonu Mənzil-Kommunal Təsərrüfati Birliyinin 5 saylı MKİS tərəfindən verilən, MKİS-in rəisi X.Osmanov tərəfindən imzalanmış, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 35 nömrəli məktubunda qeyd edilir ki, Səməd Vurğun küç. 5/9 (təzə nömrə ilə 21a) ünvanında yerləşən “MİX” mağazasının üst mərtəbəsində yerləşən 6/5 saylı mənzildə su xəttində baş vermiş nasazlıq nəticəsində su axıntısı olmuş və nəticədə su mağazaya axaraq tavanın, döşəmənin və elektrik xəttinin bir hissəsinə ziyan vurmuşdur. Lakin "xxxx" ASC-nin əməkdaşı tərəfindən tərtib edilən və imzalanan “Hadisə barədə məlumat” adlı xx.xx.2019cu il tarixli (yəni yuxarıda qeyd edilən məktubdan sonrakı tarixdə) sənəddə, “qısa qapanma nəticəsində su basma fəsadının baş verməsi və yalnız yuxarı alçıpana zərər vurulması” qeyd edilir. Yəni sığorta şiktənin araşdırması ilə MKİSin verdiyi məlumat arasında ziddiyyət mövcuddur. Həmçinin, qeyd edilməlidir ki, əgər nasazlıq cavabdehin mənzilinin borularında baş vermişsə, ilk öncə həmin nasazlıq aradan qaldırılmalı idi ki, zərərin vurulması dayandırılsın və təkrarən obyektə zərər vurulmasın, lakin həmin nasazlığın kim tərəfindən və necə aradan qaldırılması barədə iş materiallarında hər hansı bir məlumat yoxdur. "xxxx" ASC tərəfindən “Dəymiş zərərin hesabatı” adlı sənəddə yalnız nəticələrin aradan qaldırılmasının hesabatı verilib, yuxarı mənzilin borularına hər hansı müdaxilə və təmir barədə hər hansı hesabat verilmir. Göründüyü kimi, iş materiallarında Səməd Vurğun küç. 5/9 (təzə nömrə ilə 21a) ünvanında yerləşən “MİX” mağazasının üst mərtəbəsində yerləşən 6/5 saylı mənzildə su xəttində baş vermiş nasazlığı sübuta yetirən hər hansı texniki sənəd, nasazlığın aşkarlanmasına və aradan qaldırılmasına dair akt və ya texniki sənəd, mənzilə baxış, boruların müayinəsi, ümumiyyətlə həmin vaxtda mənzilin sahibi olan Cavabdeh həmin prosesdə iştirakına dair hər hansı sənəd mövcud deyil. Digər bir məsələ də qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə pretenziya məktubu təqdim edilmiş, lakin həmin pretenziyanın cavabdehə təqdim edilməsinə dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının məhkəməni yanıltması səbəbi müəmmalıdır. Yuxarıda qeyd edilənləri və iddianın tamamilə əsassız olmasını nəzər alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Daha sonra xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixli etiraz ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, qanunun xüsusi normalarının tələbləri baxımından, iddiaçının ümumiyyətlə subroqasiya hüququnun yaranmasının əsasları mövcud deyil. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sığortaçının yalnız mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində və yalnız sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda yaranır. Hazırki iş üzrə sığorta növü, mülki məsuliyyətin icbari sığortası deyil, daşınmaz əmlakın sığortasıdır, cavabdeh isə nə sığortalı nə də ki, sığorta olunanan statusundadır və bununla da iddiaçının ona qarşı subroqasiya hüququ yarana bilməz. 6.Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, RAZ********** nömrəli xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən “X9” MMCnin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2019-cu il tarixdə güya cavabdehə məxsus mənzildəki daxili su boruların partlaması nəzticəsində, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini su basmış, bununla əlaqədar iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində vurulmuş zərərə görə 561 (beş yüz altmış bir) manat sığorta ödənişi həyata keçirilmiş və iddiaçı həmin məbləği cavabdehdən subroqasiya qaydasında tələb edir. Hesab edilir ki, hazırki iddia üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda qeyd edilən qanun normalarından müəyyən olunur ki, iddiaçı hazırki iş üzrə iddia müddətini ötürüb. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixində sığorta ödənişini verdiyi tarixdən 3 il ərzində deyil, 4 ildən çox vaxt keçəndən sonra müraciət edib. Hazırki iş üzrə iddia müddətinin ötürülməsini nəzərə alaraq və Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsini rəhbər tutaraq, iddia müddətini tətbiq etməklə hazırki iş üzrə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul qəbul etməyərək və tərəfindən verilmiş etirazı və iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək bildirmişdir ki, iddiaçının ümumiyyətlə subroqasiya hüququnun yaranmasının əsasları mövcud deyil. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yalnız mülki məsuliyyətin icbari sığortası və nəqliyyat vasitələrinə münasibətdə yaranır. Hazırki iş üzrə sığorta növü, mülki məsuliyyətin icbari sığortası deyil, daşınmaz əmlakın sığortasıdır, cavabdeh isə nə sığortalı nə də ki, sığorta olunanan statusundadır və bununla da iddiaçının ona qarşı subroqasiya hüququ yarana bilməz. Yəni, iddiaçının hazırki iddiasının hüquqi əsası mövcud deyildir. Bundan başqa iddiaçı sığorta hadisəsinin həqiqətən baş verməsini heç bir sübutla sübuta yetirə bilmir. İş materiallarında sadəcə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS-in mətubuna istinad olunur ki, o da mötəbər sübut hesab edilə bilməz, çünki onun verilməsinə əsas olan heç bir rəy mövcud deyildir. Həmçinin hesab edilir ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS həmin məktubun verilməsində birbaşa maraqlı olmuşdur. Belə ki, ola bilsin ki, susızma binanın ümumi su xətlərindən qaynaqlanmışdır. Bununla bağlı isə birbaşa Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS məsuliyyət daşıdığından, həmin məktubu verərək məsuliyyətdən yayınmaq məqsədi güdmüş ola bilər. Həmçinin, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, su axıntısı cavabdehin mənzilinin qonaq otağından baş verib. Həmin qonaq otağında kondisioner də mövcuddur. Ola bilər ki, su elə kondisionerdən axan sudur. Həmçinin, ora qonaq otağı olduğundan orada heç bir sanitar qovşağı keçmir ki, oradan su axıntısının baş vermə ehtimalı olsun. Bundan başqa, hadisənin müəyyən olunması ilə bağlı heç bir texniki rəy mövcud deyildir. Hadisənin baş verməsi ilə bağlı məlumatda hadisənin məhz qonşudan su sızması ilə bağlı olması qeyd edilməyib. Həmçinin, sığorta aktına da fotoşəkillərdən başqa heç bir sübut əlavə edilməyib. Bundan başqa, boruların partlaması və xərclərlə bağlı smiteda tavanda yaranmış suvaqların bərpası və s. qeyd edilsə də, boruların bərpa olunması ilə bağlı heç bir xərc göstərilməyib. Halbuki, məntiqi olaraq ilk öncə borular bərpa olunmalı idi. Odur ki, hesab edir ki, iddia tələbi tam əsassızdır və ona görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 8.İddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 9.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, təxminən 2001-2002-ci ildə su axıntısının baş verməsi iddia edilən evin santexnika işlərini o görmüşdür. Həmin vaxtlarda mübahisəli evin yerləşdiyi bina qəzaya uğramışdır. O, mənzilin bütün borularını dəyişib, yeniləri ilə əvəz etdi. Əlavə olaraq, suallara cavab olaraq bildirmişdir ki, dəyişdirdiyi boruların yararlılıq müddəti təxminən 20 ildən çox olmuşdur. Həmin tarixdən sonra Samirə xanım dəvət etmiş, 2 dəfə getmiş, lakin borularla bağlı deyil, digər işlərlə bağlı. 10.Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə maddi ziyan dəymiş, dəymiş ziyanın əvəzi kimi "xxxx" ASC tərəfindən 561 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın Cavabdeh mülkiyyətində olan mənzildə su borularının partlaması nəticəsində baş verdiyini iddia edərək, ödədiyi 561 manat məbləğində ödənişin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS tərəfindən verilən 21 iyul 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xidməti ərazidə yerləşən Səməd Vurğun küçəsi 5/9 saylı evin 6/5 saylı mənzili xx.xx.2022ci il tarixədə qədər ********** saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olmuşdur. Hal-hazırda isə 6/5 saylı mənzil ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətindədir. 13.Mülki işin materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS tərəfindən Bakı şəhər "xxxx" ASC-nin idarə heyətinin sədri cənab Anar Talıbova ünvanlanan 23 fevral 2019-cu il tarixli, 35 nömrəli məktubdan görünür ki, Səməd Vurğun küçəsi 5/9 (təzə nömrə ilə 21a) saylı evin 1-ci mərtəbəsində yerləşən “MİX” mağazasının icraçı direktoru X3 təqdim etdiyi ərizəsi tərəflərindən araşdırılmış və məlum olmuşdur ki, üst mərtəbədə yerləşən 6/5 saylı mənzildə su xəttində baş vermiş nasazlıq nəticəsində su axıntısı olmuşdur. Su mağazaya axaraq tavanın dömənənin və elektrik xəttinin bir hissəsinə ziyan vurmuşdur. 14.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ümumilikdə 711 manat məbləğində ziyan dəymişdir. 15.Mülki işin materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS tərəfindən verilən 09 yanvar 2024-cü il tarixli, 04 nömrəli cavab məktubuna əlavə edilmiş 5 saylı MKİS-in rəisinə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, ikinci mərtəbədən su axıntısının olması səbəbi ilə köməklik edilməsi xahiş olunmuşdur. 16.Mülki işin materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS tərəfindən Səməd Vurğun küçəsi 5/9 saylı bina yerləşən “Mix” mağazasının rəhbərliyinə ünvanlanan 11 mart 2019-cu il tarixli, 48 nömrəli cavab məktubundan görünür ki, ərizə əsasında yerində baxış keçirilmiş və 2-ci mərtəbədə yerləşən 6/5 saylı mənzildən mağazaya su axıntısı olduğu aşkarlanmışdır. Bununla bağlı olaraq su axıntısı və dəymiş zərərlə əlaqədar sığorta şirkətinə təqdim etmək üçün akt tərtib edilərək təqdim olunmuş və 6/5 saylı mənzilin sahibinə tapşırılmışdır ki, su xəttindəki nasazlığı aradan qaldırsın. 17.Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 0769/CFİ-090/2019 saylı sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ümumilikdə 711 manat məbləğində ziyan dəymiş, ondan 150 manat azadolma məbləği çıxılaraq qalan 561 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. 18.Mülki işin materiallarında olan RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “X9” MMC-nin mülkiyyətində olmuşdur. 19.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-590/2024 saylı qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. ”İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; bu Qanunun 63.1ci maddəsində nəzərdə tutulmuş halda. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 21.Həmin Qanunun 49.1-ci maddəsinə əsasən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. 22.Həmin Qanunun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. 23.Göründüyü kimi qanunvericilikdə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya qaydasında geri tələb etməsinin əsasları müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı "xxxx" ASC ilə maddi ziyan dəydiyi iddia edilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi arasında isə mülki məsuliyyətin icbari sığortası yox, daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır və Cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada nə sığortalı, nə də ki sığorta olunan statusunda olmuşdur. Yəni göründüyü kimi iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmamışdır. 24.Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbini əsaslandıra biləcək sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hazırda iddiaçı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdehin mülkiyyətində olan mənzildə su borularının partlaması nəticəsində baş verdiyini iddia etsə də, bu faktı təsdiq edə biləcək sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut kimi təkcə Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS tərəfindən verilən 35 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdur ki, həmin məktub da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin məktuba faktı təsdiqləyə biləcək nə mütəxəssis rəyi, nə texniki rəy, nə də ki akt və s. əlavə edilməmişdir. Bundan əlavə, məhkəmə iclasında şahid ifadəsindən aydın olmuşdur ki, cavabdehə məxsus mənzildə daha əvvəl onun tərəfindən santexnik işləri həyata keçirilmiş və borular yeniləri ilə əvəz edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən qeyri-yaşayış sahəsinə su axıntısının olduğu görünür, lakin bu, həmin su axıntısının konkret olaraq cavabdehə məxsus mənzildə su borularının partlaması nəticəsində baş verməsinin əsası demək deyildir. Belə ki, fotoşəkillərdən göründüyü kimi qeyri-yaşayış sahəsində su axıntısının olduğu hissədə sabit otaq iqliminin yaradılması və saxlanması üçün qurulan məişət texnikası (kondisioner) quraşdırılmışdır, bununla da ehtimal olunur ki, su axıntısı həmin qurğu vasitəsilə baş verən kondensasiya nəticəsində də ola bilər. 25.Məhkəmə bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 26.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 29.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 30.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 31.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə həm iddia tələbinin qanuni əsası tapılmadığından, həm də iddiaçı tərəfindən iddiasını əsaslandıra biləcək sübutalar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 32.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulması hissəsində təmin edilmədiyindən, iddia qaldırılması üçün ödənilən dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 33.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası əsassız olduğundan təmin ed edilməməlidir. 34.Bundan başqa, məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilən iddia müddəti barədə ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). 36.İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa, məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. 37.Hazırki iş üzrə iddianın özü sübuta yetirilə bilmədiyi üçün iddia müddəti institutunun da tətbiqinə zərurət aradan qalxmış olur. Bundan başqa, məhkəmə eyni zamanda qeyd edir ki, iddia əsaslı olmuş olsa idi belə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, hazırki iş üzrə iddia müddəti 10 il təşkil etdiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün iddia müddəti ötürülməmişdir. 38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 40.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 41.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar