Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6028/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X10 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi İddiaçı vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixində anadan olmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki, “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.” Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçının zərərçəkmiş şəxs olması öz təsdiqini tapmışdır. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 14 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun "düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu" kimi "vətən xaini" adı ilə "ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum edilmişdir. Hökmdə qeyd edilir ki, İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmaq olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsası şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdırmış, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox "vətən xaini" ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzindəki inzibati binalarda, həmin gün İddiaçı dəstənin digər üzvləri tərəfindən N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasına əlləri və gözləri bağlı vəziyyətdə gətirilərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qeyd edilən hərbi hissəyə məxsus inzibati binalarda dəstə üzvləri üzü üstə uzadıb tərpənməməsi müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş, yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyaraq əskinin üstündən ağzına tökdüyü su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, habelə bədən nahiyələrinə mühəndis istehkam fəaliyyətinə aid xüsusi qurğu vasitəsilə elektrik cərəyanı vermiş, naqil, sillə, yumruq, təpik, metal və plastik boru ilə bədənin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlamaqla fiziki və psixi ağrılar verilmiş, İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrının olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insanı, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, ümumilikdə 06 may 2017-ci il tarixdən 20 may 2017-ci il tarixədək, cəmi 14 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun "düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu" kimi "vətən xaini" adı ilə "ləkələməklə" ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökm qüvvədə saxlanılıb. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyriinsani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu "Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə stress keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 200.000 (iki yüz min) manat məbləğində qiymətləndirir. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər iddiaçıya və digər çoxsaylı hərbi qulluqçulara işgəncə verən, bu prosesi təşkil edən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş şəxslər hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər, Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından əvvəl və sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün faktiki təhqiqatçı olaraq tabeçiliyində olan iddiaçı və çoxsayı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) hərbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan da görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçıya qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə və kommersiya mübahisələrinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verməklə ziyan vurmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı qəbul edildikdən sonra qüvvəyə mindiyindən hazırkı iddiaya baxılarkən preyudisial əhəmiyyətə malik olan akt kimi çıxış edir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə iddiaçının işdən azad edilməsinin hüquqa zidd olması qeyd edilmişdir, yəni məhkəmə tərəfindən buna hüquqi qiymət verilmişdir. İddiaçıya qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat məbləğində kompensasiyanın, eyni zamanda vəkil xərci üçün ödənilmiş 750 manat məbləğinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 məhkəməyə etiraz ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlan tərəfindən qanunsuz saxlanılmasını və qeyri-insani hərəkətlərə məruz qalmasını əsas göstərərək mənəvi ziyanın əvəzi olaraq 200.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə etiraz edərək bildiririk ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. Qeyd olunan iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində məhkəmələrin artıq qanuni qüvvəyə minmiş qərarları mövcuddur və bu səbəbdən qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzi olaraq 107.027 manat kompensasiyanın ödənilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2138/2023 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddiaçının tələbi qismən edilərək maddi və mənəvi zərərə görə isə 13.753,44 manat, məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli İcra vərəqəsinə əsasən 13.753,44 manat vəsaitin iddiaçının bank hesabına köçürülməsi 20 sentyabr 2023-cü il tarixdə təmin edilmişdir. Göründüyü kimi iddiaçıya dəymiş zərərə görə artıq kompensasiya ödənilib. İşin materiallarından da göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində yuxarıda qeyd olunan məhkəmələrin artıq qanuni qüvvəyə minmiş qərarları mövcuddur və bu səbəbdən qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Analoji məhkəmə təcrübələrindən də göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Həmçinin Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə on bir manat). Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 6.753,44 manat, mənəvi zərərə görə 7.000 manat, cəmi 13.753,44 (on üç min yeddi yüz əlli üç manat, 0,44 qəpik) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikasının CM-in 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X1 Azərbaycan Respublikasının CM-in 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X3 Azərbaycan Respublikasının CM-in 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X4 Azərbaycan Respublikasının CM-in 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X6 Azərbaycan Respublikasının CM-in 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin hökmdə İddiaçı 06 may 2017-ci il tarixdən 20 may 2017-ci il tarixədək, cəmi 14 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni onun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etməyə məruz qalması öz təsdiqini tapmış və təqsirləndirilən şəxslər barəsində ittihamedici hökm çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-19/2025 nömrəli 5 mart 2025-ci il tarixli hökmü ilə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 14/2024 nömrəli 31 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli 1- 1(102)-70/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)- 19/2025 nömrəli 5 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədənn saxlanılmışdır. Hüquqi yardımın göstərilməsi üçün xx.xx.2025-ci il tarixli EM-2275VK-63676/25 saylı müqavilədən görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsi üçün haqq 750 manat məbləğində müəyyən edilmiş, müqavilə tərəflər həmin vəsaitin ilkin olaraq 400 manat olmaqla hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 68-ci maddəsinə əsasən hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” xx.xx.2025-ci il tarixli 20 №-li qərarı: 4.43. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır. 4.44. Belə ki, təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin başladığı inzibati xətalara dair işlər üzrə icraata şəxsin əməlində inzibati xəta hadisəsinin (tərkibin) olmaması və ya müvafiq qərar qəbul edildiyi zaman əsas götürülmüş halların sübuta yetirilməməsi əsası ilə xitam verildiyi halda, zərərin ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1100-cü maddəsi təşkil edəcəkdir. 4.45. Bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.3-cü maddəsinə əsasən, əlilik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına əsasən, İddiaçı vəzifəli şəxslərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində qanunsuz və əsassız yerə azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının işgəncələrə məruz qalması nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə pul vəsaiti tutulmalıdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, istintaqı aparılan cinayət işi üzrə İddiaçı 06 may 2017-ci il tarixdən 20 may 2017-ci il tarixədək, cəmi 14 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni onun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etməyə məruz qalması öz təsdiqini tapmışdır. İddiaçı qanunsuz azadlıqdan məhrum edildiyi zaman kəsiyinin 14 gün olmasını nəzərə alaraq məhkəmə bu dövr üçün iddiaçının xeyrinə 7.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını qanuni və ədalətli hesab edir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini ümumilikdə 7.000 manat həddində müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, vəzifəli şəxslərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının konstitusion hüquqları pozulmuş, azadlığı əlindən alınmış, fiziki və mənəvi iztirablara məruz qalmış, çətin dönəmdən keçmişdir. Məhkəmə cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsinin etirazda qeyd etdiyi halları hazırkı iddia tələbinin rədd edilməsi üçün kifayət hesab etməyərək bildirir ki, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən iddiaçı haqlı olaraq həmin vəsaiti Maliyyə Nazirliyindən tələb edir. Eyni zamanda, Maliyyə Nazirliyinin nümayəndəsi etirazda qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Dövlət büdcəsindən İddiaçı xeyrinə ona dəymiş zərərə görə kompensasiya artıq ödənilmiş, yəni eyni tərəflər arasında eyni predmet barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edilən hala münasibətdə bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə ona təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində (qanunsuz azadlıqdan məhrum etmə) vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq pul tutulmuşdur. Hazırda isə iddiaçı vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində (işgəncə) ona dəymiş zərərin əvəzini tələb etdiyindən iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə vəkil xərci üçün ödənilmiş 750 manat məbləğinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianı qismən əsaslı hesab edərək vəkil xərci üçün ödənilmiş 400 manat vəsaitin onun xeyrinə tutulmalı olması qənaətinə gəlir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 7.000 manat pul vəsaiti və vəkil xərci üçün ödənilmiş vəsaitin 400 manatı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 7.000 (yeddi min) manat pul vəsaiti və vəkil xərci üçün ödənilmiş vəsaitin 400 (dörd yüz) manatı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-6028/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6028/2025
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver