Məhkəmə qərarları › İş №e-2(006)-6114/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6114/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6114/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.07.2007-ci il təvəllüdlü X1 və 18.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh əvvəlki dövr də daxil olmaqla (yəni 2 il 4 ay əvvəlki dövr də daxil olmaqla) hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27.04.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə girmişlər. 10.07.2007-ci il təvəllüdlü X3 və 18.10.2010-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Cavabdehla ilk uşağı doğulmamışdan öncə faktiki olaraq ailə həyatı qurmuşdur. Hal hazırda 2 il 4 aydır ki, o, iki uşağı, atası və anası ilə kirayədə yaşayır. Cavabdeh həmin vaxtdan, yəni 2 il 4 aydır ki, atalıq borcunu yerinə yetirmir və uşaqlarına maddi yardım göstərmir. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi övladlarının tələbatını qarşılaya bilməməsinə gətirib çıxartmışdır ki, bu da maddi çətinlikləri ilə əlaqədardır. Qeyd etdiyi kimi, 2 il 4 aydır ki, o, iki uşağım və valideynləri ilə kirayədə yaşayır. Həmin vaxtdan aliment ödənməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh aliment ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş 10.07.2007-ci il təvəllüdlü X3 və 18.10.2010-cu il təvəllüdlü X4 adlı iki övladları var. Tərəflər nikahlarını 27.04.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10.07.2007-ci il təvəllüdlü X1 və 18.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03.09.2021ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəməyə imkanının olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq hər iki valideynin borcudur və uşağın qayğılarının həll edilməsinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Həmçinin, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl 2 il 4 ay ərzində cavabdehdən ayrı yaşamalarına, həmçinin cavabdehə aliment ödəməsinə dair rəsmi şəkildə müraciət etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10.07.2007-ci il təvəllüdlü X1 və 18.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03.09.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar