Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-642/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan ona dəyən maddi ziyana görə 7394,28 manat, illik faiz borcu 1109 manat, ödənilmiş dövlət rüsumu 106 manat, ümumilikdə 8609 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 iyun 2020-ci il tarixdə onunla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13, M13, mənzil 4 saylı evin 300 ay müddətinə satmaq öhdəliyi ilə kirayə müqaviləsi KM0189 bağlanmışdır. Müqailəyə görə ilkin ödəniş 7394.28 manat ödəmişdir. Mənzil ona 17 iyun 2020-ci il tarixdə təhvil verilmişdir. Aylıq qrafik üzrə müəyyən edilmiş aylıq ödənişləri vaxtı-vaxtında ödəməyə başlamışdır. Evində təmir cavabdeh tərəfindən qüsurlu aparıldığından 28 noyabr 2020-ci il tarixdə evdə həyat yoldaşı ilə böyük mübahisələri olmuş, həyat yoldaşı ona və azyaşlı övladına qarşı cinayət etmiş, onları zorakılığa məruz qoymuş, nəticədə evdə faciə baş vermiş, o, möhkəm döyülmüş, özündə olmayan anda qızı isə müəmmalı şəkildə 13-cü mərtəbədən yerə düşmüş və həyatını itirmişdir. Faktla bağlı cinayət işi başlanıldı, hazırda qızının ölümü ilə bağlı cinayət işinin istitaqı hələ də davam edir. Qeyd edir ki, hadisə və hadisədən sonrakı vaxtı o, stres və şokda olmuşdur. xx.xx.2020-ci ildən o, evi tərk etmişdir. Onun üçün artıq o evdə yaşamaq mümkün deyil idi. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək, evdə faciə baş verməsini, buna görə də daha o evdə yaşaya bilməyəcəyini, bu səbəbdən aralarında olan müqaviləyə xitam verilməsini, ilkin ödədiyi ödənişin geri qaytarılmasını xahiş etdi. Xüsusilə qeyd edir ki, ev cavabdehə təhvil verilmiş və artıq ev cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Bu cür müraciətləri müxtəlif vaxtlarda olmuşdur. Lakin cavabdeh təşkilat onun müraciətlərinə cavab verərək, tələbini rədd etmiş, ilkin ödədiyi məbləği geri qaytarmamış və qaytarmaqdan imtina edir. Belə ki, aralarında bağlanılan müqavilənin özündə də kirayəverənin hüquqları qeyd edilir. Müavilənin 3.1.2-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə uyğun olaraq ödənilmiş vəsaitlər (avans ödənişi istisna olunmaqla) üzərində sərəncam vermək və onları geri qaytarmamaq kimi hüquqları qeyd edilmişdir. Göründüyü kimi avans ödənişini istisna hal kimi qeyd etmişdir. Bundan başqa həmin müqavilənin 4.2- ci bəndində qeyd edilir: kirayəçi 7394,28 manat məbləğində pul vəsaitini aylıq ödənişin 12 misli və aylıq ödənişin 0.00 manat əlavə ödəniş notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə 3 iş günü ərzində qabaqcadan kirayəyə verənin hesabına ödəyir. 4.3-cü bəndində qeyd edilir ki, kirayəçi yaşayış sahəsinə görə 616,19 manat məbləğində aylıq ödənişi hər ay üçün növbəti ayın 5-dək ödəniş cədvəli əsasında kirayə verənə ödəyir. O, bu müqaviləyə uyğun olaraq, ilkin 7394,28 manat ödəmişdir. Növbəti aydan ödənişləri vaxtı vaxtında ödəmişdir. Vaxtında xəbərdar etmişdir, müqavilənin xitamını istəmişdir, lakin reaksiya verilməyib, cavabdehin sözlərinə görə 60 gün müddətində-guya 1232,38 manat borcu yaranmışdır (bildiriş xx.xx.2021 tarixli, ix/2190007). İlk olaraq qeyd edir ki, o, vaxtında müqavilənin xitamına görə müraciət etmişdir. Digər tərəfdən onun yaranmış borcunu hesabladıqda onun borcu 1232,38 manat təşkil edir. Onda sual olunur ki, nə üçün qalan məbləğ ona qaytarılmır. Yəni göründüyü kimi, cavabdeh tərəfindən onun pulu hesabına əsassız varlanmanın tərkibi vardır. Onun pulu qanunsuz olaraq hələ də onların depozitində qalır. Artıq 2 il 11 aydır ki, onun pulu qanunsuz olaraq onların hesabında qalır. Gecikdirdiklərinə görə 5 faiz ödənişi də tələb edir. Yəni buradan belə nəticə çıxır ki, avans kimi ödədiyi 7394,28 manat ona geri qaytarılmalıdır. Buna görə də o, məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh tərəf 16 fevral 2021-ci il tarixli müraciətində qeyd etmişdir ki, aylıq ödənişlər üzrə onun tərəfindən 05 dekabr 2020-ci il tarixdə tərəfindən ödəniş edilməmişdir. Qeyd edir ki, bu xüsusat tam absurddur. Onun üzrlü səbəbi olmuşdur. 8 yaşlı körpəsini ailə faciəsi nəticəsində məhz cavabdehlərin günahı ucbatından itirmişdir. Faciə 28 noyabr 2020-ci il tarixdə baş vermişdir, uşağının 7-si elə 5 dekabr tarixinə təsadüf edirdi, daha sonra isə növbəti aylarda da o, uşağının faciəsinin ağrısını yaşamışdır. Buna baxmayaraq onun müraciəti xx.xx.2020-ci il tarixdə cavabdeh şirkətə ünvanlamışdır. Bildirir ki, o, ev üzrə bağlanmış müqaviləyə xitam verilməsi üçün müraciət etdi, ödənişlərin gecikdirilməsi artıq ondan asılı səbəb deyildi. Çünki istintaq tərəfindən ev plomblanmış, özü də həmin evdə yaşamamışdır. Vaxtında cavabdehə o, müraciət etmişdir ki, müqaviləyə xitam versin. Lakin cavabdeh onun bu müraciətlərinə əhəmiyyət verməmişdir. Onun tərəfindən cavabdeh təşkilata yenidən pretenziya göndərilmiş, pulun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh təşkilat pulumu ödəmir. Hesab edir ki, cavabdeh təşkilat onun hüquqlarını kobud surətdə pozmuşdur. Onun vəsaiti hesabına əsassız varlanmışdır, cavabdeh təşkilat evi ona satdığı qiymətdən daha da baha qiymətə satmışdır. Lakin onun ilkin ödədiyi məbləği ona geri qaytarmamışdır. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Daha sonra iddiaçı məhkəmə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə (xx.xx.2023-cü il) müraciət edərək, cavabdehlə onun arasında bağlanmış müqavilənin 4.5-ci bəndinin etibarsız hesab edilməsini, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan ona dəyən maddi ziyana görə 7394,28 manat, illik faiz borcu 1109 manat, ödənilmiş dövlət rüsumu 106 və 240 manat, mənəvi ziyana görə 50000 manat, ümumilikdə 58849 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə (xx.xx.2024-cü il) yenidən müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan ona dəyən maddi ziyana görə 7394,28 manat, illik faiz borcu 1109 manat, ödənilmiş dövlət rüsumu 106 və 240 manat, mənəvi ziyana görə 50000 manat, ümumilikdə 58849 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə təqdim etdiyi çıxışın mətninə uyğun izahat verərək, bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsası ondan ibarətdir ki, mənzilə görə ödədikləri ilkin 7394 manat pulun geri qaytarılması və mənəvi zərərə görə pulun tutulmasıdır. İddia əsaslıdır. Belə ki, iş materiallarından da, məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, iddiaçı satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlamaq üçün ilkin olaraq sistem vasitəsi ilə qeydiyyatdan keçmiş, mənzil seçmiş, tələbini təsdiqləmişdir. Bu prosesləri sistem vasitəsi ilə keçərkən müqavilə ilə tanış olmamışdır. Bunun sübutu kimi, Məhkəməyə təlimat təqdim edilir. Təlimatdan görünür ki, müqavilədə yazılan bəndlər sistemdən də hər hansı bir formada öz əksini tapmamışdır. Yəni iddiaçı qeydiyyatdan keçərkən bağlanılacaq müqavilənin şərtləri ilə tanış deyildir. Beləliklə, 16 iyun 2020-ci il tarixdə iddiaçı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13, M13, m. 4 saylı evin 300 ay müddətinə satmaq öhdəliyi ilə kirayə müqaviləsi KM0189 bağlanmışdır. Müqaviləyə görə ilkin ödəniş 7394,28 manat ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, təklif olunan mənzilin dəyərindən 115000 manat puldan ilkin ödənilən 7394 manat pul çıxılmış, qalan məbləğ isə faizlərlə birlikdə aylıq ödənişlərə bölünmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, mənzil dövlətə məxsus olan mənzildir. Ödənilən ilkin ödəniş mənzilin dəyərindən çıxılmış, dövlətin hesabına keçən məbləğ olmuşdur. İddiaçı da həmin məbləği geri istəyir. Göründüyü kimi ilkin ödənilən pul əmlakın dəyəridir, həmin əmlakın dəyərinə aiddir. Cavabdeh təşkilat iddianın həmin hissəsinə belə qiymət verir: O qeyd edir ki, ilkin ödənilən məbləğ Fondun gəliri hesab edilir və geri qaytarılmır. Əgər ödənilmiş məbləğ, mənzilin dəyərindən çıxılırsa, qalan məbləğ aylıqlara bölünürsə, bu pul dövlətin maliyyəsinə gedirsə, Fondun gəliri necə hesab edilə bilər? Məhkəmənin nəzərinə çatdırır ki, Fondun gəliri aylıq ödənişlərdir. Faizlərdir. Bununla bağlı Məhkəməyə Fondun özünün saytından çıxardığı sənədi təqdim edir. Bundan başqa qeyd edir ki, Fondun özünün Maliyyə Şöbəsində bölmələr mövcuddur. Fond Məhkəməyə ilkin ödənişin Fondun gəliri kimi qiymətləndirirsə də, onda maliyyə Şöbəsindən həmin pulun-7394,28 manat pulun məhz Fondun gəlirləri bölməsinə otuzdurulmasını təsdiq edən sənəd təqdim etsin. Cavabdeh belə bir sənəd təqdim etməmişdir. Heç təqdim edə də bilməz, çünki pul mənzilin dəyərinə aid olub, mənzilin dəyərindən çıxılıb və maliyyə şöbəsində mənzilə görə ödənilən bölməyə daxil olub. Onlar faiz və aylıq ödənişləri istəmirlər, bu fondun gəliri ola bilər. Lakin iddiaçı ilkin ödədiyi pulu istəyirsə, cavabdeh bu pulu qaytarmırsa, qanunsuz saxlayırsa, bu artıq əsassız varlanma hesab edilir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, mənzil artıq digər bir şəxsə satılmış, həmin şəxsdən də ilkin ödəniş alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, aylıq ödənişlər vaxtı vaxtında olmuş, noyabr ayında faciə baş verdiyindən iddiaçı xx.xx.2020-ci ildə cavabdehi xəbərdar etməklə, bir tərəfli qaydada müqaviləyə xitam verilməsini xahiş etmişdir. Xüsusi qeyd: Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının 30 gün əvvəl xəbərdar etməklə, müqavilənin xitam edilməsini tələb edə bilər. Lakin qarşı tərəf mənzilin təhvil verilməməsini bəhanə gətirərək, 3 aydan sonra öz təşəbbüsü ilə, guya aylıq ödənişlərdə gecikmə olduğu üçün müqaviləyə xitam vermişdir. Əvvəla müqaviləyə xitam verilməsi üçün iddiaçı qanuni qaydada cavabdeh təşkilata müraciət etmişdir. Müqavilədə müqaviləyə xitam verilməsi üçün əmlakın təhvil verilməsi digər bir məsələnin mahiyyətini təşkil edir. Yəni əslində bu müraciətdən sonra cavabdeh müqaviləyə xitam verməli, təhviltəslimi isə sonradan həyata keçirməli idi. Bununla da bağlı müqaviləyə xitam verildikdən sonra müqavilənin şərti kimi iddiaçıya bildirməli idi. Göründüyü kimi müqavilənin xitamının 3 ay sonra olması özü müqavilənin bəndinə zidd olmuşdur. İş materialları ilə sübut edilir ki, ailədə faciə baş vermişdir. Həmin faciə məhz cavabdehin evi yaxşı təmir etməməsi nəticəsində olmuşdur. Ona görə də söz- söhbət olmuş, nəticədə faciə ilə nəticələnmişdir. Hesab edir ki, mənəvi zərər də tutulmalıdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, məlum olduğu üzrə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə edilmiş funksionallıq çərçivəsində 2006-cı ildən etibarən uzunmüddətli ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi təmin edilir. Belə ki, ötən dövrdə ipoteka kreditləri vasitəsi ilə 40000dən çox ailənin mənzil şəraiti yaxşılaşdırılmış və bunların 70 faizindən çoxunu gənclər və gənc ailələr təşkil etmişdir. Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılmışdır. Mexanizm əsas etibarı ilə ilkin ödəniş və anderraytinq tələbləri ilə bağlı ipoteka kreditlərinə çıxış imkanı məhdud olan, şəxsi yığımları yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsini hədəfləyir. Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə tərəflər arasında münasibətlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na (Qayda), habelə Fondla kirayəçi arasında bağlanmış Satmaq öhdəliyi ilə kirayə müqaviləsinə (müqavilə) əsasən tənzimlənir. Bu mexanizm ölkədə ilk dəfə tədbiq edilən tamamilə yeni bir mülki hüquq münasibətidir. Eyni zamanda, mexanizm çərçivəsində Qayda ilə yaşayış sahəsinin vətəndaşların istifadəsinə və mülkiyyətinə verilməsi şərtləri, aylıq ödənişlərin hesablanması qaydası, yaşayış sahəsinin mülkiyyətə keçməsi üçün vətəndaş tərəfindən ödənilən vəsaitlərin məcmusu (alış qiyməti), alış qiymətinin hesablanmasında nəzərə alınan zəruri xərclərin dəqiq dairəsi Qayda ilə müəyyən olunur. Qaydanın tələblərinə uyğun olaraq Fond yaşayış sahələrini vətəndaşlara bazar qiymətindən yuxarı olmamaqla, əlverişli və güzəştli şərtlərlə uzun müddətə ödəmə imkanı ilə təqdim edir. Qaydanın 9.3cü bəndi ilə Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları müəyyən edilmişdir. Belə ki, kirayəçi Qaydaya uyğun olaraq yaşayış sahəsini təhvil almadıqda, yaşayış sahəsinin istifadəsi ilə bağlı Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə, aylıq ödənişi 60 gün müddətində ödəmədikdə, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə, habelə kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, Fond müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları həmçinin müqavilənin 9.4-cü bəndi ilə də müəyyən edilmişdir. Qaydanın 9.3.3-cü, müqavilənin isə 9.4.4-cü yarımbəndlərinə əsasən, kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə, Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Eyni zamanda, müqavilənin 10.1-ci bəndinə görə, müqaviləyə xitam verildikdə, kirayəçi tərəfindən müqavilənin icrası ilə bağlı ödənilməli aylıq ödənişlər üzrə yaranmış borc, kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətləri üzrə ödənişlər, kirayəçinin kirayəyə verənə vurduğu zərər, kirayəyə verənin yazılı razılığı olmadan kirayəçinin yaşayış sahəsində etdiyi yaxşılaşdırmaların sökülmə və qüsurların aradan qaldırılma xərcləri kirayəyə verənə ödənilməlidir. Müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, Kirayəyə verənin müqavilə üzrə ödəmələrin və Kirayəçinin digər öhdəliklərinin vaxtında icrasını kirayəçidən tələb etmək hüququ, buna müvafiq olaraq kirayəçinin isə, müqavilə üzrə ödəmələri, habelə qanunvericiliklə müəyyən edilən məcburi ödənişləri vaxtında ödəmək vəzifəsi vardır. Müqavilənin 4.5-ci bəndinə uyğun olaraq kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans ödəniş istisna olmaqla) kirayəyə verənin gəliri hesab olunur və geri qaytarılmır. Faktiki hal üzrə Fond ilə İddiaçı arasında 16 iyun 2020-ci il tarixli KM0189 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanmış və təhvil-təslim aktı ilə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 13,13A,13B,15 (Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış sahəsi təmirli və istifadəyə tam yararlı vəziyyətdə ona təhvil verilmişdir. Kirayəçi aylıq ödənişləri 60 gündən artıq müddətə gecikdirmiş, yaşayış sahəsini təhvil vermək istədiyini bildirsə də, qaydalara uyğun şəkildə mənzilə baxış keçirilməsindən, eləcədə Təhvil-təslim aktını imzalmaqdan imtina edərək, mənzili təhvil verməmişdir. Bu səbəblə, Fondun Kirayə Mənzil Komitəsinin 11 fevral 2021-ci il tarixli ***- **** nömrəli protokoluna əsasən kirayəçi ilə bağlanmış 16 iyun 2020-ci il tarixli KM0189 nömrəli müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Bu barədə kirayəçiyə 16 fevral 2021-ci il tarixli ix/2190069 nömrəli bildirişlə məlumat verilmişdir. Məlumat üçün bildirir ki, kirayəçinin hazırda müqavilə ləğv olunan tarixə və yaşayış sahəsi təhvil verilən tarixədək ümumilikdə müqavilə üzrə 2464, 76 manat qalıq borcu yaranmışdır və onun tərəfindən ödəniş həyata keçirilməmişdir. Qeyd edilən mülki iş üzrə iddia tələbini əsassız hesab edir və aşağıda qeyd olunan hüquqi əsaslara görə iddia ərizəsinə etiraz edir: iddiaçı ərizəsində qeyd etmişdir ki, "... avans kimi ödədiyim 7394,28 manat mənə geri qaytarılmalıdır.”. İddiaçı aylıq ödənişin 12 misli miqdarında ödədiyi pul vəsaitini avans ödəniş kimi təqdim edir və bununla bağlı Qaydaya və müqavilənin müvafiq müddəalarına istinad etməklə ödənilən məbləğin geri qaytarılmasını tələb edir. Qeyd olunanlarla əlaqədar bildirilir ki, müqavilənin 1.1.9-cu bəndində avans ödənişin anlayışı verilmişdir. Belə ki, Avans ödənişi müqaviləyə 1 nömrəli Əlavə olan ödəniş cədvəlində nəzərdə tutulan aylıq ödənişlərin icrası üçün Kirayəçi tərəfindən qabaqcadan ödənilən pul vəsaitidir. Müqavilənin 4.7.1-ci yarımbəndinə əsasən Kirayəçi aylıq ödənişdən artıq ödəniş etdikdə və artıq ödənişi avans ödəniş hesab etdikdə, Kirayəyə verən müvafiq vəsaiti ödəniş cədvəlinə uyğun olaraq vaxtı çatdıqda aylıq ödəniş kimi nəzərə almalıdır. Məlumat üçün bildirir ki, İddiaçı kirayə müqaviləsi müddətində aylıq kirayə məbləğindən artıq avans ödənişi həyata keçirməmişdir. Lakin, Qaydanın 5.5-ci bəndində, o cümlədən Müqavilənin 3.4.1-ci yarımbəndi və 4.2-ci bəndində aylıq ödənişin ən azı 12 misli qabaqcadan ödəniş olaraq qeyd edilsə də, iddiaçı iddiasını əsaslandırmaq üçün bu vəsaiti avans ödəniş kimi təqdim etmişdir. İddiaçı ərizəsində Fondun hesabına Ödədiyi 7394,28 manat məbləğində ödənişin ona geri qaytarılmamasının qanunsuz və əsassız olduğunu bəyan edir. Bununla bağlı bildirir ki, Qaydanın 5.5-ci bəndinə əsasən Kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan kirayə müqaviləsi notariat qaydasında təsdiq edilərkən Fondun hesabına ödəyir. Həmçinin, 6.3-cü bənd ilə Kirayəçinin müqavilədə müəyyən edilən müddətdə yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla, Fonda ödənilmiş aylıq ödənişlərin geri qaytarılmadığı təsbit edilmişdir. Bundan başqa, Müqavilənin 3.4.1-ci yarımbəndində kirayəçinin aylıq ödənişin ən azı 12 mislinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə Müqavilə notariat qaydasında təsdiq edilərkən qabaqcadan Kirayəyə verənin hesabına ödəmək öhdəliyi nəzərdə tutulmuşdur. Müqavilənin 4.5-ci bəndinə uyğun olaraq, Kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans ödəniş istisna olmaqla) Kirayəyə verənin gəliri hesab olunur və geri qaytarılmır. Göründüyü kimi, kirayəçi öz sərbəst iradəsi ilə 16 iyun 2020-ci il tarixdə Fondla müqavilə bağlamış və 17 iyun 2020-ci il tarixli 160 nömrəli Təhvil-təslim aktı ilə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 13, M13, m4 ünvanında yerləşən mənzili təhvil almışdır. Beləliklə, kirayəçi müvafiq müqaviləni və təhvil-təslim aktını imzalamaqla müqavilə üzrə öhdəliklər əldə etmişdir. Nə müqavilədə, nə də digər qanunvericilik aktlarında kirayəçi ilə kirayə hüquq münasibətlərinə xitam verildikdə aylıq ödənişin 12 mislinin kirayəçiyə geri qaytarılması halı nəzərdə tutulmamışdır. Təqdim edilən iddia ərizəsində iddiaçı Fondu əsassız varlanma ilə ittiham edir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Faktiki hal üzrə isə, tərəflər arasında münasibətlər standart şərtləri normativ hüquqi akt ilə müəyyən edilmiş, nümunəvi forması isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla X13 tərəfindən təsdiq edilmiş müqavilə əsasında tənzimlənir. Göründüyü kimi, iddiaçının istinad etdiyi əsassız varlanma anlayışının bu münasibətlərə tətbiqi tamamilə uyğun deyil. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil dövlət mülkiyyətində olmaqla, tam mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna məxsusdur (qeydiyyat tarixi xx.xx.2019). xx.xx.2020-ci il tarixli, KM0189 saylı Satmaq öhdəliyi ilə kirayə müqaviləsinin surətindən görünür ki, “birinci tərəf” - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, DƏDRX tərəfindən 02 iyul 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********06-05301-091080 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Kirayəyə verənə məxsus və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 58 m2-dən ibarət 1 otaqlı mənzil/evi təyinatına uyğun olaraq “ikinci tərəf” - İddiaçı istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə bu müqavilə üzrə ödəmələri həyata keçirməyi öhdəsinə götürür. Kirayəçi alış qiymətini tam məbləğdə ödədikdən sonra tərəflər arasında imzalanan təhvil-təslim aktına əsasən yaşayış sahəsinə mülkiyyət hüququ kirayəçiyə keçir. Qeyd edilən Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, İddiaçı 12 aylıq ödəniş qabaqcadan ödəniş hesab edilməklə (616,19 x 12=7394,28) hər ay 616,19 manat olmaqla, cəmi xx.xx.2020-ci il tarixdən xx.xx.2044-cü il tarixədək ödənişlər etməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli, 160 nömrəli 17 iyun 2020-ci il tarixli, KM0189 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə Təhvil-təslim Aktının surətindən görünür ki, “kirayəyə verən” - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “kirayəçi” - İddiaçı təhvil-təslim aktını ondan ötrü tərtib etdilər ki, kirayəyə verən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli KM0189 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi ilə müəyyən edilmiş mənzili kirayəçiyə təhvil verdi, kirayəçi isə mənzili təhvil aldı. İddiaçı tərəfindən tərtib edilmiş və Fondun rəhbərliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli, KM0189 saylı Müqaviləyə təcili xitam verilməsini xahiş etmiş, maddi vəziyyəti ağır olduğu üçün əvvəlcədən ödədiyi 7394,28 manat məbləğində vəsaitin qızının qəbrinin üstünü düzəltməsi üçün ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, D.E.Bağırovanın xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, qabaqcadan ödəniş, aylıq ödənişlər və digər ödənişlərin həyata keçirilməsi proseduru və şərtləri, müqaviləyə xitam verilməsi halları və nəticələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq tənzimlənir. Qaydanın 6.3-cü bəndinə əsasən, ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və geri qaytarılmır. xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Fond tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixinə olan borc məbləğini, yəni 1232,38 manatı Fonda ödəmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyi və ondan yaşayış sahəsini Fonda təhvil verərək tərk etməsinin tələb olunacağı barəsində xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli bildirişlə iddiaçıdan ünvan 2 ünvanında yerləşən mənzili Müqavilənin 10.2-ci bəndinə uyğun olaraq 15 gün ərzində Fonda təhvil verməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya xx.xx.2020-ci il tarixli KM0189 saylı müqaviləyə xitam verilməsi barədə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, mənzilin təhvil alınmasına dair 09 mart 2021-ci il tarixli 01 nömrəli təhvil-təslim aktını imzalamaqdan imtina etdiyi üçün aktın imzalanmasından imtina edilməsi halının təsdiq edilməsinə dair akt tərtib olunaraq mənzil Fond tərəfindən təhvil alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavabdehin “Etiraz ərizəsinə cavab” başlıqlı müraciətində bildirilmişdir ki, etirazda qeyd edilir ki, guya iddiaçı müqavilədə nəzərdə tutulan öhdəlikləri pozmuşdur. Guya o, kommunal xərcləri, aylıq ödənişləri ödəməmişdir. Gecikdirmişdir. Lakin bu yalandır. xx.xx.2020-ci ildə xəbərdarlıq məktubu yazmışdır. Hətta cavabdeh təşkilatın 4 ay sonra ona ünvanladığı özünün məktubunda onun xx.xx.2020-ci il tarixli ərizəsinə istinad edilmişdir. Belə olan halda cavabdehin yalan söyləməsi açıq-aşkar görünür. Halbuki, onun xəbərdarlıq məktubundan sonra 30 gün müddətində artıq tədbir görülməli idi. O, hadisə baş verən gündən o evdən çıxmışdır. Evin qapısı müstəntiq tərəfindən plomblanmışdır. Göründüyü kimi cavabdehin bu ifadəsi də yalandır. Guya o, evi təhvil verməmişdir. Kommunal xərcləri ödəməmişdir. Əgər o, müstəntiq tərəfindən plomblanmış evdə yaşamırsa, kommunal xərclər necə yarana bilərdi. Onun tərəfindən heç bir ziyan dəyməmişdir. Əksinə, cavabdeh təşkilat ona qüsurlu təmirli ev vermiş, nəticədə təmir məhz Sığorta Şirkəti tərəfindən aparılırdı. Bir neçə ay istifadəyə verilmiş mənzilin necə onun tərəfindən təmirinə ziyan vurula bilərdi ki, köçdüyü 2-3 ay idi. Etirazda qeyd edilir ki, o, təhvil - təslim aktını imzalamaqdan imtina etmişdir. Yalandır. O, təhvil - təslim aktına deyil, onun üzərinə 4 aylıq ödənişi tələb etdiklərinə görə həmin sənədə imza etməkdən imtina etmişdir. Mənzili isə özü ilə aparmamışdır. Yerində müstəntiq tərəfindən plomblu vəziyyətdə dururdu. Artıq onun tərəfindən təhvil verilmiş hesab edilirdi. Daha sonra yazır ki, mənzilə baxış keçirməkdən imtina etmişdir. Absurd faciə-ölüm hadisəsi baş verdiyindən, mənzilə plomb vurulmuşdur. O, necə mane ola bilərdi ki, heç özü həmin məzilə keçə bilmirdi. Müstəntiq tərəfindən plomblanmışdır. Onun müqavilə üzrə ödəniş borcu olmamışdır. Vaxtlı-vaxtında ödəmişdir. Vaxtında da xəbərdar etmişdir. Cavabdeh təşkilat, əksinə, onun hüquqlarını pozmuşdur. Bildirir ki, 16 iyun 2020-ci il tarixdə onunla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13, M13, m. 4 saylı evin 300 ay müddətinə satmaq öhdəliyi ilə kirayə müqaviləsi KM0189 bağlanmışdır. Müqailəyə görə ilkin ödəniş 7394.28 manat ödəmişdir. Mənzil ona 17 iyun 2020-ci il tarixdə təhvil verilmişdir. Aylıq qrafik üzrə müəyyən edilmiş aylıq ödənişləri vaxtı - vaxtında ödəməyə başlamışdır. Evində təmir cavabdeh tərəfindən qüsurlu aparıldığından 28 noyabr 2020-ci il tarixdə evdə həyat yoldaşı ilə böyük mübahisəsi olmuş, həyat yoldaşı ona və azyaşlı övladına qarşı cinayət etmiş, onları zorakılığa məruz qoymuş, nəticədə evdə faciə baş vermiş, o, möhkəm döyülmüşdür, özündə olmayan anda qızı isə müəmmalı şəkildə 13-cü mərtəbədən yerə düşmüş və həyatını itirmişdir. Faktla bağlı cinayət işi başlanıldı, hazırda qızının ölümü ilə bağlı cinayət işinin istintaqı hələ də davam edir. Qeyd edir ki, hadisə və hadisədən sonrakı vaxtı o, stres və şokda olmuşdur. xx.xx.2020-ci ildən o, evi tərk etmişdir. Onun üçün artıq o evdə yaşamaq mümkün deyildi. Bu səbəbdən xx.xx.2020- ci il tarixdə cavabdeh təşkilata rəsmi qaydada müraciət edərək, evdə faciə baş verməsini, buna görə də daha o evdə yaşaya bilməyəcəyini, bu səbəbdən müqaviləyə xitam verilməsini, ilkin ödədiyi ödənişin geri qaytarılmasını xahiş etdi. Cavabdeh təşkilat 4 aydan sonra cavab ünvanlamışdır. Həmin cavabı məhkəməyə təqdim etmişdir. Halbuki, ərizələrə baxılma vaxtı Qanuna uyğun olaraq 15 gün müddət müəyyən edilmişdir. Cavabdeh Qanunun tələbini burda da pozmuş, 4 aydan sonra ona cavab yazaraq, hələ bir üstəlik ondan əlavə ödəniş tələb etmişdir. Halbuki, bağladıqları müqavilədədə, pulu ödəyə bilmədikdə bu barədə məlumat verdikdən 60 gün müddətində müqaviləyə xitam verilir. Xüsusilə qeyd edir ki, bu məktubundan sonra da ev cavabdehə təhvil verilmişdir. Cavabdeh artıq evi başqa şəxsə satmışdır. Bu cür müraciətləri müxtəlif vaxtlarda olmuşdur. Lakin cavabdeh təşkilat onun müraciətlərinə cavab verərək, tələbini rədd etmiş, ilkin ödədiyi məbləği geri qaytarmamış və qaytarmaqdan imtina edir. Belə ki, bağlanılan müqavilənin özündə də kirayəverənin hüquqları qeyd edilir. Müavilənin 3.1.2-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə uvğun olaraq ödənilmiş vəsaitlər (avans ödənişi istisna olunmaqla) üzərində sərəncam vermək və onları geri qaytarmamaq kimi hüquqları qeyd edilmişdir. Göründüyü kimi avans ödənişini istisna hal kimi qeyd etmişdir. Bundan başqa həmin müqavilənin 4.2-ci bəndində qeyd edilir: kirayəçi 7394,28 manat məblğində pul vəsaitini aylıq ödənişin 12 misli və aylıq ödənişin 0.00 manat əlavə ödəniş notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə 3 iş günü ərzində qabaqcadan kirayəyə verənin hesabına ödəyir. 4.3cü bəndində qeyd edilir ki, kirayəçi yaşayış sahəsinə görə 616,19 manat məbləğində aylı ödənişi hər ay üçün növbəti ayın 5-dək ödəniş cədvəli əsasında kirayə verənə ödəyir. O, bu müqaviləyə uyğun olaraq, ilkin 7394,28 manat ödəmişdir. Növbəti aydan ödənişləri vaxtı vaxtında ödəmişdir. Vaxtında xəbərdar etmişdir, müqavilənin xitamını istəmişdir, lakin reaksiya verilməyib, cavabdehin sözlərinə görə 60 gün müddətində guya 1232,38 manat borcu yaranmışdır (bildiriş xx.xx.2021 tarixli, ix/2190007). İlk olaraq qeyd edir ki, o, vaxtında müqavilənin xitamına görə müraciət etmişdir. Digər tərəfdən onun yaranmış borcunu hesabladıqda onun borcu 1232,38 manat təşkil edir. Onda sual olunur ki, qalan məbləğ ona qaytarılmır. Yəni göründüyü cavabdeh tərəfindən onun pulu hesabına əsassız varlanmanın tərkibi vardır. Onun pulu qanunsuz olaraq hələ də onların depozitində qalır. Artıq 2 il 11 aydır ki, onun pulu qanunsuz olaraq onların hesabında qalır. Gecikdirdiklərinə görə 5 faiz ödənişi də tələb edir. Yəni buradan belə nəticə çıxır ki, avans kimi ödədiyi 7394,28 manat ona geri qaytarılmalıdır. Buna görə də o, məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh tərəf 16 fevral 2021-ci il tarixli müraciətində qeyd etmişdir ki, aylıq ödənişlər üzrə onun tərəfindən 05 dekabr 2020-ci il tarixdə ödəniş edilməmişdir. Qeyd edir ki, bu xüsusat tam absurddur. Onun üzrlü səbəbi olmuşdur. 8 yaşlı körpəsi ailə faciəsi nəticəsində məhz cavabdehlərin günahı ucbatından itirmişdir. Faciə 28 noyabr 2020-ci il tarixdə baş vermişdir, uşağının 7-si elə 5 dekabr tarixinə təsadüf edirdi, daha sonra isə növbəti aylarda da o, uşağının faciəsinin ağrısını yaşamışdır. Buna baxmayaraq onun müraciəti xx.xx.2020-ci il tarixdə cavabdeh şirkətə ünvanlamışdır. Bildirir ki, o, ev üzrə bağlanmış müqaviləyə xitam verilməsi üçün müqavilədə nəzərdə tutulan qaydaya uyğun olaraq dərhal müraciət etmişdir. Müqaviləyə əsasən 30 gün müddəti də nəzərə aldıqda, faktiki olaraq cavabdeh 30 gün müddətdə müqaviləyə xitam verə bilərdi. Lakin etməmişdir, qəsdən 4 ay müddətində müqavilənin xitamını uzatmışdır. Ailədə faciə olduğuna görə və cavabdehi xəbərdar etdiyinə görə ödənişlərin gecikdirilməsı artıq ondan asılı səbəb deyildir. Çünki istintaq tərəfindən ev plomblanmış, özü də həmin evdə yaşamamışdır. Vaxtında cavabdehə o, müraciət etmişdir ki, müqaviləyə xitam versin. Lakin cavabdeh onun bu müraciətlərinə əhəmiyyət verməmişdir. Onun tərəfindən cavabdeh təşkilata yenidən pretenziya göndərilmiş, pulun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh təşkilat pulunu ödəmir. Hesab edir ki, cavabdeh təşkilat müqavilədə nəzərdə tutulan onun hüquqlarını kobud surətdə pozmuşdur. Onun vəsaiti hesabına əsassız varlanmışdır, cavabdeh təşkilat evi ona satdığı qiymətdən daha da baha satmışdır. Lakin onun ilkin ödədiyi məbləği ona geri qaytarmamışdır. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Onun mənzili başqa şəxsə satılmışdır. Ucuz deyil, hələ bəlkə də ona satılan qiymətdən də artıq satılmışdır. Onun ilkin ödədiyi pul niyə qaytarılmamalıdır? İpoteka Fondunun gəliri kimi hesab edilən pul əsassız varlanma sayılır. Əslində əgər elədirsə də, cavabdeh təşkilatın müqavilə forması Mülki Məcəllənin müddəlarına tam olaraq ziddir. O, hər ay qaldığı müddət ərzində aylıq pulları ödəmişdir. O ki, aylıq ödəniş pullarını istəmir, mənzil başqa şəxsə satılırsa, onun itirəcəyi bir məbləğ olmursa, əksinə hələ onun hesabına varlanırsa, bu faktın özü Mülki Məcəllənin əsassız varlanma müddəasına tam uyğun gəlir. Qanunvericiliyin tələbinə görə müqavilə azad olsa da, Qanunvericiliyin tələbinə zidd olmamalıdır. Yəni göründüyü kimi, o, kirayə haqqını ödəyə bilməməyi barədə Fonda vaxtında məlumat vermişdir. Fond isə məktubuna heç bir vaxtında reaksiya verməmiş, müqaviləyə zidd hərəkətlər etmişdir. Halbuki, Qaydaların 9-cu bəndində əsasən müraciətindən 60 gün müddətində müqaviləyə xitam verməli idi. Lakin cavabdeh təşkilat bunu etməmişdir. Ödədiyi pulu da geri qaytarmamışdır. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu onunla bağladığı müqavilədə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh ona vurduğu maddi və mənəvi ziyana görə cavabdehdir, onun pulu qaytarılması ilə bağlı imtinası tam qanunsuz və əsassız olmuşdur. Cavabdehlə bağlanılmış müqavilənin 7.5.- ci maddəsinə əsasən tərəflər bu Müqavilədə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh tərəfindən ona, həm də, mənəvi zərər dəymişdir. Belə ki, Məhkəmənin nəzərinə çatdırır ki, ailədə faciə baş verməzdən əvvəl mənzildəki təmirlə bağlı nasazlığın aradan qaldırılması üçün hələ əvvəldən cavabdehə müraciəti olmuşdur. Onlar yaşayaya-yaşayaya mənzildə təmir işləri aparılmışdır. Halbuki, təmir işləri aparılarkən həmin mənzildə yaşamaq mümkün deyildi. Döşəmə sökülmüş, sanuzel qeyri-işlək vəziyyətdə olmuşdur. Əslində cavabdehlə aralarında bağlanmış müqavilənin 3.4.13-cü bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinin əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, əsaslı təmirin və ya yenidən qurmanın aparıldığı müddət ərzində kirayəyə verən tərəfindən kirayəçiyə və onun ailə üzvlərinə təqdim edilən digər yaşayış sahəsinə köçmək hüququnun olması qeyd edilmişdir. Cavabdeh tərəfindən Müqavilənin qeyd etdiyi bu bəndi də pozulmuşdur. Yəni cavabdeh onu başqa evə köçürsə idi, bu faciə də baş verməzdi, o, uşağını ömürlük itirməzdi. Evin təmiri üstündə uzun müddət söz-söhbət olub, cavabdeh təşkilatın nümayəndəsi ilə də uzun müddət keyfiyyətsiz təmir üstündə söhbətləri olub, uzun müddət onlar yaşaya-yaşaya təmir gedib. Halbuki, təmir gedə-gedə yaşamaları belə qeyri-mümkün idi. Cavabdeh təşkilatın evi keyfiyyətsiz təmiri nəticəsində onların evdə söz-söhbətə çevrilmiş və faciə ilə nəticələnən faciəvi hadisə həyatı bu evdə tamamlanmış, ailə dağılmış, uşaq faciəvi vəfat etmişdir. Bütün bu hadisələr məhz cavabdehin evi keyfiyyətsiz təmiri nəticəsində vermişdir. Bütün bu hadisələr əsas da nəticə qızının faciəvi şəkildə ölümü ona böyük stres yaşatmışdır, o, ömürlük olaraq mənəvi iztirabla yaşayacaq, hazırda da yaşayır. Bütün bunlar ona cavabdeh tərəfindən vurulmuş mənəvi zərərdir. Cavabdehin günahı ucbatından o, övladını itirdi, cavabdehin günahı ucbatından onun mənzillə bağlı ümidləri puça çıxdı. Onun bundan sonra yeganə bərpa edə bilməyəcəyi biri varsa, o da övladını geri qaytara bilməmək kimi ümididir. Mənəvi zərəri o, 50000 manat dəyərləndirir. Hesab edir ki, cavabdeh tərəfindən ona həm mənəvi, həm də maddi ziyan ödənilməlidir. Buna görə də hesab edir ki, iddiası ilə bağlı cavabdehin etirazı əsasssızdır və iddiası təmin edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-148/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə müəyyən edilmiş hallar X2 xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 4 saylı mənzildə İddiaçı X6 tərəfindən işgəncəyə məruz qalmasıdır. Azərbaycan Respublikasının İpoteka və X8 Mənzil Komitəsinin xx.xx.2021-ci il tarixli iclasının Protokolundan ***-**** nömrəli çıxarışdan görünür ki, kirayəçi İddiaçı ilə Fond arasında bağlanmış xx.xx.2020-ci il tarixli KM0189 saylı müqavilə üzrə aylıq ödəniş öhdəliyinin 60 gündən artıq gecikdirilməsi məsələsinə baxılmış və müqaviləyə xitam verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli, KM0189 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə 09 mart 2021-ci il tarixli 01 nömrəli Təhvil-təslim aktının kirayəçi İddiaçı tərəfindən imzalanmasından imtina edilməsi halının təsdiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2020-ci il tarixli KM0189 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə kirayəçi İddiaçı qeyd edilən mənzili Fondun nümayəndəsi X4 təslim etmişdir. Kirayəçi qeyd edilən aktı imzalamaqdan imtina etmişdir. Məhkəməyə təqdim edilmiş KM2104 nömrəli xx.xx.2022-ci il tarixli “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”ndən görünür ki, kirayə verən Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fonduna məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi Fond tərəfindən satmaq öhdəliyi ilə X1 verilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın: 3.2.6-cı bəndinə əsasən kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. 5.5-ci bəndinə əsasən Kirayəçi bu Qaydanın 3.2.6-cı yarımbəndinə əsasən aylıq ödənişin ən azı 12 mislini qabaqcadan kirayə müqaviləsi notariat qaydasında təsdiq edilərkən Fondun hesabına ödəyir. 6.3-cü bəndinə əsasən Kirayəçinin bu Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmuş qaydada yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla, Fonda ödənilmiş aylıq ödənişləri geri qaytarılmır və Fondun gəliri hesab olunur. xx.xx.2020-ci il tarixli, KM0189 saylı Müqavilənin: 1.1.8-ci bəndinə əsasən, əlavə ödəniş – kirayə verənin daxili qaydalarına uyğun olaraq, kirayəçi tərəfindən yaşayış sahəsinin “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə seçilməsi prosesində elektron sənəd formasında götürülən ilkin öhdəlik əsasında bu müqavilənin 4.2-ci bəndinə görə qabaqcadan ödənilən aylıq ödənişin hesablanması üçün kirayə verənin nəzərə aldığı məbləğdir. 1.1.9-cu bəndinə əsasən, avans ödənişi – bu Müqaviləyə 1 nömrəli Əlavə olan ödəniş cədvəlində nəzərdə tutulan aylıq ödənişlərin icrası üçün kirayəçi tərəfindən qabaqcadan ödənilən pul vəsaitidir. 3.1.2-ci bəndinə əsasən, kirayəyə verənin bu Müqaviləyə uyğun olaraq ödənilmiş vəsaitlər (avans ödənişi istisna olmaqla) üzərində sərəncam vermək və onları qaytarmamaq hüququ vardır. 3.2.2-ci bəndinə əsasən, kirayəyə verənin yaşayış sahəsini istifadə üçün yararlı vəziyyətdə və sanitariya-texniki normalara cavab verən şəraitdə bu Müqavilə qüvvəyə mindikdən sonra 3 iş günü müddətində təhvil-təslim aktına əsasən kirayəçiyə vermək, 3.2.6-cı bəndinə əsasən, bu Müqaviləyə xitam verildikdə, bu Müqavilənin 10.2-ci bəndində müəyyən edilən qaydada təhvil-təslim aktına əsasən yaşayış sahəsini kirayəçidən geri təhvil almaq vəzifələri vardır. 3.4.1-ci bəndinə əsasən bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan məbləğdə pul vəsaitini notariusun bankda açdığı depozit hesabı vasitəsilə 3 iş günü müddətində qabaqcadan kirayə verənin hesabına ödəmək kirayəçinin vəzifəsidir. 4.2-ci bəndinə əsasən, 7394.28 manat məbləğində pul vəsaitini (burada 7394.28 manat aylıq ödənişin 12 misli və aylıq ödənişin 0.00 misli və ya 0.00 manat əlavə ödəniş qismində) notariusun bankda açdığı depozit hesabı vasitəsilə 3 iş günü müddətində qabaqcadan kirayəyə verənin hesabına ödəyir. 4.5-ci bəndinə əsasən, kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans ödənişi istisna olmaqla) kirayəyə verənin gəliri hesab olunur və geri qaytarılmır. 4.7.1-ci bəndinə əsasən, kirayəçi aylıq ödənişdən artıq ödənişi avans ödəniş hesab etdikdə, kirayəyə verən müvafiq vəsaiti ödəniş cədvəlinə uyğun olaraq vaxtı çatdıqda aylıq ödəniş kimi nəzərə almalıdır. 10.1-ci bəndinə əsasən, bu Müqaviləyə xitam verildikdə, kirayəçi tərəfindən bu Müqavilənin icrası ilə bağlı ödənilməli aylıq ödənişlər üzrə yaranmış borc, kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanılması xidmətləri üzrə ödənişlər, kirayəçinin kirayəyə verənə vurduğu zərər, kirayəyə verənin yazılı razılığı olmadan kirayəçinin yaşayış sahəsində etdiyi yaxşılaşdırmaların sökülmə və qüsurların aradan qaldırılma xərcləri kirayəyə verənə ödənilməlidir. 11.5-ci bəndinə əsasən bu Müqavilə kirayəyə verən və kirayəçi tərəfindən imzalandıqdan, bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan pul vəsaiti notariusun bankda açdığı depozit hesabı vasitəsilə kirayəyə verənə ödənildikdən və notariat qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir və bu Müqavilədə nəzərdə tutulduğu hallarda xitam verilənədək və ya məhkəmə qaydasında ləğv edilənədək qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmənin qiymətləndirməsi: Göründüyü kimi tərəflər arasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq ilkin olaraq iddiaçı tərəfindən müqavilənin bağlanması üçün mühim şərt olan müəyyən məbləğdə ödəniş həyata keçirilmiş və sonrakı dövrlərdə də müəyyənləşdirilmiş məbləğdə aylıq ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında münasibətlər xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq tənzilənmişdir. Hətta müqavilənin qüvvədə olduğu müddət ərzində mənzilin sanitar qovşağında boru zədələnməsi ilə əlaqadar olaraq müqavilə şərtlərinə uyğun olaraq təmir işləri kirayəyə verən tərəfindən həyata keçirilmişdir. Beləliklə tərəflər arasında münasibətlərin müvafiq müqavilə şərtləri ilə tənzimlənməsi mübahisəsiz haldır. Lakin tərəflər arasında müqavilə münasibətləri pozulmuş və müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı cavabdehdən kirayə münasibətlərinin rəsmiləşdirilməsi zamanı ödəmiş olduğu 7394,28 manat məbləğində pulun, habelə həmin pulun cavabdehdə saxlanması müddəti baxımından illik faiz məbləğinin və ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə iddiaçının tələbində irəli sürdüyü ilkin, yəni 7394,28 manat məbləğində pulun tutulması tələbinə münasibətdə bildirir ki, iddiaçı həmin məbləğin kirayə münasibətləri üzrə aylıq ödənişlər hesabına ödənilməsini əsas gətirərək və kirayə münasibətləri isə davam etdirilmədiyindən pulun Fondda saxlanmasını əsassız varlanma kimi qiymətləndirir. İddiaçının mövqeyi ondan ibarət olmuşdur ki, həmin məbləğ müqavilə bağlanarkən ondan istər avans, istərsə də aylıq ödənişlər hesabına ödənilmiş pul olmasından asılı olmayaraq ona qaytarılmalıdır. İddiaçı mənzildən faktiki istifadə etdiyi dövr üçün ödəmiş olduğu məbləğləri deyil, məhz ilkin olaraq ödəmiş olduğu 7394,28 manat məbləğində pulu tələb etməkdədir. Cavabdeh tərəf isə həmin məbləğin avans olmadığını, müqavilə şərtlərinə uyğun olaraq kirayəçi tərəfindən ödənilməli məbləğ olmasını və həmin məbləğin aylıq ödənişlər hesabına müəyyənləşdirilməklə Fondun gəlirlərinə daxil edildiyini bildirmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında münasibətlər müvafiq normativ-hüquqi akt əsasında və tərəflər arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində aylıq ödəniş və avans ödənişlərinə müvafiq anlayışlar verilmişdir. Müəyyən edilmişdir ki, aylıq ödəniş kirayəçinin hər ay ödəməli olduğu konkret məbləği bildirir ki, bu məbləğin özü də mənzilin ümumi dəyəri, kirayə müddəti və kirayəçinin ilkin olaraq ödəyə biləcəyi məbləğ nəzərə alınmaqla müəyyən edilir. Avans ödənişi məhz kirayəçi tərəfindən edilən aylıq ödənişlərdən daha artıq məbləğdə ödənişin və xüsusilə məqsədli şəkildə edilməsini nəzərdə tutur ki, hətta kirayəçi tərəfindən aylıq ödənişdən daha artıq məbləğdə ödənişlərin edilməsini onun üçün hansı nəticələrə səbəb olması da müqavilə şərtlərində əks olunmuşdur (Müqavilənin 4.7-ci bəndi). Beləliklə məhkəmə iddianın 7394,28 manat məbləğində ödənişin qaytarılması ilə bağlı bildirir ki, həmin ödənişlərin kirayəçinin 25 illik kirayə müddətinin sonuncu ili üçün həyata keçirmiş olduğu ödənişlərə hesablanması inkar olunmur, lakin bu hal özlüyündə həmin məbləğin Fondun gəlirlərinə aid edilməsini də aradan qaldırmır. Belə ki, müvafiq normativ hüquqi aktdan da kirayəçi tərəfindən istər kirayə obyektindən aylıq istifadə üçün ödənilmiş aylıq ödənişlərin, istərsə də müqavilə şərtinə uyğun olaraq aylıq ödənişlərin 12 mislini təşkil edən ödənilmiş məbləğin Fondun gəliri hesab edilməsi aydın olur. Qaydalara uyğun olaraq isə Fondun gəliri hesab edilən aylıq ödənişlər bir qayda olaraq qaytarılmır. Məhkəmə işin araşdırılmış hallarından iddiaçının irəli sürdüyü kimi cavabdehin əsassız olaraq varlanması halını müəyyən etmir. Cavabdehə ödənilmiş 7394,28 manat məbləğində pul müqavilə münasibətindən irəli gəlir və həmin müqavilənin bağlanması üçün mühüm şərtlərdən olmuş həmin ödənişin müqavilənin ləğvi halında qaytarılmaması hazırki mülki mübahisədə əsassız varlanma kimi qiymətləndirilməməlidir. Odur ki, məhkəmə iddia tələbinin bu hissəsinin əsassız olduğuna, həmin məbləğin iddiaçıya qaytarılmasına əsaslar olmadığından rədd edilməsi qənəatinə gəlir. Digər 7394,28 manat məbləğə görə hesablanmış 1109 manat faiz məbləği də tələbin təmin edilməmiş hissəsindən irəli gəldiyindən və öz növbəsində əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddiaçının iddia tələbinin 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı bu hissədə tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən kirayəyə götürülmüş mənzildə təmir işlərinin aparılması ailədaxili münaqişəyə səbəb olmuş və məhz həmin səbəbdən əri tərəfindən ona qarşı işgəncə edilmiş, həmin mənzildə onun qızı ölmüşdür. Əlbəttə məhkəmə öz növbəsində iddiaçının düşdüyü ağır vəziyyəti başa düşür, bütün bunların onun həyatında qoyduğu izləri qəbul edir. Lakin baş verənlərin heç birində hazırki iş üzrə cavabdeh olan Fondun heç bir təqsirli davranışı və həmin davranışdan irəli zərər və səbəb-nəticə əlaqəsi mövcud deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən bu və ya digər şəxsə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsi üçün cavabdehlik daşıyan şəxs hüquqazidd əməl törətməli, onun törətmiş olduğu əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl nəticəsində digər şəxsə zərər dəyməlidir. Hazırki halda isə iddiaçı tərəfindən istinad olunan əməllər Fond tərəfindən törədilməmiş və ümumiyyətlə Fonda qarşı 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsi üçün Fond tərəfindən hər hansı təqsirli və hüquqazidd əməlin törədilməsi öz təsdiqini tapmır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası yoxdur və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-642/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-642/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver