Məhkəmə qərarları › İş №e-2(006)-6633/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6633/2025

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6633/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsinin tutularaq ona aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan 03 aprel 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur: Bildirir ki, birgə nigahı Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Habelə adı çəkilən qətnamə ilə övladının onun yanında qalması qət edilmişdir. Həmin məhkəmədə aliment tələbi qaldırmamışdır. Lakin cavabdeh hal-hazıradək övladına hər hansı maddi yardım göstərmir. Bu səbəbdəndə aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin bildiri ki, cavabdeh hazırda “BirMarket” də çalışır və aylıq məvacibi 1400 manat təşkil edir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, keçmiş həyat yoldaşıyla nikahın pozulması zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediasiya prosesindən keçmiş, həmin proses çərçivəsində qarşı tərəfin ona qarşı hər hansı maddi və ya aliment tələbi olmadan barışıq sazişi imzalanmışdır. Daha sonra həmin saziş əsasında məhkəməyə müraciət edilərək nikah rəsmi qaydada xitam edilmişdir. Boşanmadan sonrakı dövrdə o, iki dəfə iş yerini dəyişmiş, müəyyən müddət işsiz qalmışdır. Buna baxmayaraq, maddi vəziyyətinin qeyri-sabit olmasına rəğmən, boşandığı tarixdən bu günə qədər övladının saxlanılması məqsədilə keçmiş həyat yoldaşıyla könüllü şəkildə 3 500 (üç min beş yüz) manatdan artıq pul vəsaiti göndərmişdir. Məhkəmənin tələbi olduğu halda, bu ödənişlər bank hesab çıxarışları ilə tam şəkildə sübut edilə bilər. Qeyd olunan ümumi məbləğ ölkə üzrə müəyyən edilmiş minimum aliment məbləğindən artıqdır və bu fakt onun övladına qarşı valideynlik öhdəliklərini yerinə yetirdiyini açıq şəkildə göstərir. Bundan əlavə, nikah rəsmi olaraq pozulduqdan sonra belə, keçmiş həyat yoldaşı və azyaşlı övladı onun mülkiyyətində olan və əvvəllər birgə yaşadığı mənzildə 6 ay müddətində ödənişsiz və məhdudiyyətsiz şəkildə yaşamışdır. Həmin dövr ərzində onlardan heç bir kirayə haqqı tələb etməmişdir. Halbuki Bakı şəhəri üzrə 3 otaqlı mənzilin orta aylıq kirayə dəyəri minimum 500 manat təşkil edir. Eyni zamanda, qeyd olunan 6 ay ərzində mənzilə aid bütün kommunal xərclər, internet və televiziya ödənişləri, eləcə də binanın aylıq komendant pulu tərəfimdən ödənilmişdir. Bu xərclər aylıq orta hesabla 150 manat təşkil etmişdir. Nəticə etibarilə, yaşayış və kommunal xərclərlə bağlı üzərinə düşən ümumi maliyyə yükü təxminən 7 000 manat olmuşdur. Sonradan qeyd olunan mənzil satılarkən, nikah dövründə birgə əldə edilmiş və istifadə olunmuş bütün əşyalar məhkəmə qərarı olmadan evdən çıxarılmışdır. Həmin əşyaların ümumi dəyəri mənzilin ipoteka qiymətləndirilməsi zamanı 5000 manat olaraq müəyyən edilmişdir. O, bu əşyalardan yalnız şəxsi geyimlərinin bir qismini götürmüş, qalan əşyalar keçmiş həyat yoldaşı və valideynləri tərəfindən aparılmışdır. Əşyaların olmaması səbəbindən mənzili alan şəxs tərəfindən ona əlavə maliyyə tələbi irəli sürülmüş və nəticədə o, bank krediti götürməyə məcbur qalmışdır. Hazırda həmin kredit üzrə aylıq 350 manat ödəniş edir. Bu fakt da müvafiq sənədlərlə təsdiq edilə bilər. Beləliklə, boşanmadan sonrakı dövrdə onun üzərinə düşən və faktiki olaraq çəkdiyi xərclər aşağıdakılardan ibarətdir: • Könüllü aliment ödənişləri – 3 500 manat • Yaşayış və kommunal xərclər – təxminən 4000 manat • Əşyalarla bağlı kredit öhdəliyi – təxminən 4 000 manat Ümumi məbləğ 11 500 manat təşkil edir. Eyni zamanda, boşanmadan sonra övladının məktəbə aparılması, dərsdənkənar fəaliyyəti, evə gətirilməsi və bir müddət həftənin 5 günü valideynlərimin yanında qalması faktları da mövcuddur. Bu vəziyyət ən azı 3 ay davam etmiş və əlavə xərclərin qarşılanmasına səbəb olmuşdur. Əgər bu xidmətlər ana tərəfindən təşkil edilsəydi, aylıq minimum 500 manat əlavə xərc tələb olunacaqdı. Lakin həmin xərclər mənim valideynləri tərəfindən qarşılanmışdır. İddia ərizəsində göstərilən maddi çətinliklərin real olub-olmaması ilə bağlı ciddi şübhələr mövcuddur. Belə ki, keçmiş həyat yoldaşı stabil və yüksək əmək haqqına malikdir, həm öz valideynləri, həm də onun valideynləri tərəfindən maddi və mənəvi dəstəklə təmin olunur. Bu səbəbdən, onun boşanmadan sonra üzləşdiyi çətinlikləri müvafiq sübutlarla təsdiq etməsini məqsədəuyğun hesab edir. Hazırda onun işlədiyi iş yerində 3 aylıq sınaq müddəti tamam olmamışdır və işini itirmək riski mövcuddur. Bundan əlavə, yeni ailə qurmuş, həyat yoldaşı işləmir və onun 10 yaşlı övladı var. Ölkə üzrə 3 nəfərlik ailə üçün müəyyən edilmiş minimum yaşayış səviyyəsi təxminən 1 200 manatdır. Üstəlik, aylıq 350 manat kredit ödənişi də maddi yükünü artırır. Yuxarıda qeyd olunan bütün halları nəzərə alaraq, ona təyin ediləcək aliment məbləğinin sabit məbləğ olaraq aylıq 400 manat həddində müəyyən edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, alimentin hissəvi qaydada deyil, hər ay sabit pul məbləğində tutulmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İV seriyalı 281316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh nikahın pozulması, X2 anasının yanında qalması və uşaqla görüş barədə razılığa gəliblər. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh aid gəlir məlumatlarına əsasən, "xxxx" MMC-də aparıcı mütəxəssis vəzifəsində işləyir, əmək haqqı 3069.71 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Hazırda tərəflər arasında olan nikah pozulduğundan birlikdə yaşamırlar, uşaq isə anasının yanındadır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(006)-667/2025 nömrəli qərardadı ilə e-2(006)-6633/2025 nömrəli mülki iş üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin onun gəlirlərinin ¼ hissəsi miqdarında tutulması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə Cavabdeh uşağın saxlanılması üçün hər ay iddiaçpıya 400 manat sabit pul məbləğində alimentin onun tərəfindən ödənilməsi ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd edir ki, nəzərə alınmalıdır ki, qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud hazırkı halda cavabdehin xahişi əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi qanunvericiliyə görə sabit pul məbləğində aliment tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə şərtləndirilmişdir. Hazırkı işdə İddiaçı iddia tələbində tutulan aliment məbləğinin hər ay qazancın ¼ hissəsi miqdarında müəyyən edilməsini məhkəmədən xahiş etdiyindən, məhkəmə alimentin sabit pul məbləğində deyil, cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə alimenti bu qaydada müəyyən edərkən iddiaçının tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanın üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2025-ci il tarixli e-16(006)-667/2025 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 9209.04 manat (cavabdehin əmək haqqı 3069 manat x 1/4=767.42 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 112,09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(006)-667/2025 nömrəli qərardadı nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 112,09 (yüz on iki manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar