Məhkəmə qərarları › İş №e-2(006)-6679/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6679/2025

30.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6679/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

3. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.

4. Belə ki, iddia ərizəsində istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçıların dövlət rüsumundan azad edildiyi qeyd edilsə də, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı istehlakçı kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ona məxsus olmuş qeyriyaşayış sahəsinin söküntüsü ilə əlaqədar məhrum olduğunu hesab etdiyi kirayə gəlirini, yəni əldən çıxmış faydanı tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda “istehlakçı”nın anlayışı verilmiş, habelə hüquqları sadalanmışdır. Göründüyü kimi, iddiaçının pozulduğunu iddia etdiyi hüququ şəxsi tələbatı ödəmək məqsədi ilə istifadə edilmiş (alınmış, sifariş verilmiş) hər hansı mal, iş və ya xidmətlə bağlı deyildir. Bu səbəbdən bu qəbildən olan işlər üzrə qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.1.3cü maddələri ilə müəyyən edilmişdir ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

6. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. İstehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddə. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

8. Hesab edirəm ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Nəticə:

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar