Məhkəmə qərarları › İş №e-2(006)-681/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-681/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-681/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X18 oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olaraq, ailəsini dolandırır. 12 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində Lənkəran rayonu, X12 əməkdaşları tərəfindən qanunsuz olaraq həbsə alınmışdır. 15 aprel 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X3 qanunsuz qərarı ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 30 may 2023-cü il tarixdə ittiham aktı tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə isə Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən onun barəsində ittiham aktı təsdiq edilərək və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirərək cinayət işi mahiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmü (hakim: X11) ilə xx xxxx 1972-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 13 aprel 2023-cü ildən 15 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəza çəkdiyi müdət ərzində üzərinə müəyyən vəzifələrin qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və ərazi naroloji kabinetində profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmişdir. Həmin hökmdən iddiaçının müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət məhkəmə tərkibində) 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmü ilə Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)- 293/2023 nömrəli hökmünün İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Həmin hökmlə bəraət almağı ilə əlaqədar onun tutulmağı, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya protesti verilmişdir. Ali Məhkəmənin 1(102)-1662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 saylı hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İttiham verildiyi andan, ondan əvvəl də polis müstəntiqi tərəfindən barəsində tətbiq edilən prosessual məcburiyyət qərarlarının və tədbirlərinin təsirinə məruz qalmışdır. Yaşadığı ərazidə qonşuların, qohumların, dostların bütün onu tanıyan insanların arasında da bu hərəkətlər nəticəsində sanki bir cinayətkar adı alaraq gözdən düşmüşdür. İki il müddətində qanunsuz qərarlar nəticəsində və təqibə məruz qaldığından ailəsi ilə birlikdə mənəvi, maddi və fiziki iztirablar keçirmişdir. Oğlu 44 günlük vətən müharibəsinin iştirakçısı-qazidir. Polis əməliyyatçılarının onun mənzilində ona qarşı etdikləri kobud qanunsuz hərəkətləri və evində qanunsuz olaraq axtarış aparmaları da onu yaşadığı ərazidə sanki bir cinayətkar kimi şübhə obyektinə çevirmişdir. Bütün bunların əsasında iddiaçı mənəvi və maddi zərər çəkmişdir. Göstərilənlərə əsasən cavabdehlərdən mənəvi ziyana görə 100.000 (yüz min) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X8 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Tələb olunan məbləğ isə ağlabatan deyil. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı izahat verərək bildirmişdir ki, cinayət məsuliyyətinə cəlb olunanadək taksi fəaliyyəti ilə məşğul olduğunu, avtomobili kreditə götürdüyünü, uşaqları məktəbə aparıbgətirdiyini, sözügedən cinayət işinə görə gözdən düşdüyünü, artıq valideynlərin uşaqları ona vermədiyini, buna görə də taksi fəaliyyəti ilə məşğul ola bilmədiyini və kreditini ödəyə bilmədiyini bildirdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. Mülki iş üzrə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan 30 may 2023-cü il tarixli ittiham aktından görünür ki, İddiaçı 13 aprel 2023-cü il tarixdə, saat 20:30-da Lənkəran şəhər-rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Coşqun Qasımov tərəfindən şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-293/2023 saylı Hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun 13 aprel 2023-cü ildən 15 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-45/2024 saylı hökmü ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-293/2023 saylı Hökmünün ləğv edilməsi, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)- 1662/2024 saylı Qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək Sultanın onun bacısının yoldaşı olduğunu, onun taksi fəaliyyəti ilə məşğul olduğunu, tutulmamışdan əvvəl 4-5 nəfər qız uşağını Lənkərana məktəbə aparıb-gətirdiyini, maşınını kreditlə aldığını, qazandığı pulla krediti ödədiyini bildirmişdir. Daha sonra izahatında iddiaçının polislər tərəfindən tutulduğunu, evində axtarış aparıldığını, 3 gün həbsdə saxlanıldığını, tutulduqdan sonra valideynlərin uşaqları onunla getməyə icazə vermədiyini və buna görə də krediti ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək, Sultanla dost olduğunu, tutulmamışdan əvvəl onun taksi fəaliyyəti ilə məşğul olduğunu, məktəbə uşaq aparıb-gətirdiyini, aylıq 150-200 manat qazancının olduğunu, Lənkəran rayonu, Liman qəsəbəsində çayxanada olduqları zaman Sultanın polislər tərəfindən tutulduğunu, onun 2- 3 gün həbsdə olduğunu bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı cinayət məsuliyyətinə cəlb olunmuş, 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ləğv edilməklə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilmiş, sonda isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək, 100.000 manat mənəvi zərərin ona ödənilməsini xahiş edir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 15 aprel 2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri məhkəmənin xx.xx.2024-cü il tarixli bəraət hökmü ilə ləğv edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 3.000 (üç min) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar