Məhkəmə qərarları › İş №e-2(006)-704/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-704/2022

13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-704/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 17.07.2009-cu il təvəllüdlü X1 üçün ərizənin verildiyi gündən hesablanmaqla, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununda 2021-ci il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə uşaqlar üçün nəzərdə tutulmuş 175 manat məbləğində, sonrakı illərdə isə alimentin «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğinin indeksasiyasına mütənasib arıtırılmış məbləğdə olmaqla cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 17.07.2009cu il təvəllüdlü X1 üçün ərizənin verildiyi gündən hesablanmaqla, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununda 2022-ci il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə uşaqlar üçün nəzərdə tutulmuş 193 manat məbləğində, sonrakı illərdə isə alimentin «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğinin indeksasiyasına mütənasib arıtırılmış məbləğdə olmaqla cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehla 27.11.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar və nikahları Bakı şəhəri Nəsimi rayonu VVADQ şöbəsində 653 nömrəsi ilə qeydə alınaraq, AZ-İ seriyalı 340983 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 17.07.2009-cu il təvəllüdlü X3 doğulmuşdur. 2021-ci ilin iyul ayından cavabdehlə münasibətləri korlanmış və həmin vaxtdan o, yetkinlik yaşına çatmayan qızı ilə cavabdehdən ayrı, valideynlərinin evində yaşayır. Ayrı yaşadıqları müddətdə cavabdeh birgə nikahlarından olan övladlarının saxlanması üçün heç bir maddi köməklik göstərməmiş, hətta, övladlarının məktəbə getməsi ilə bağlı çəkilən xərclər valideynləri tərəfindən qarşılanmışdır. Dəfələrlə cavabdehdən uşağın saxlanması vəsait verməsini istəsə də, cavabdeh bundan imtina etməsə də, faktiki olaraq hər hansı bir vəsait ödəməmişdir. Cavabdeh faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə, yəni uzun illərdir optik eynəklərin satışı ilə məşğul olsa da, hazırda həmin fəaliyyətini digər şəxsin adına rəsmiləşdirdiyindən, rəsmi iş yeri yoxdur. Alimentin ödənilməsi ilə bağlı məsələnin həlli üçün cavabdehə mediasiya təklifi versə də, cavabdeh mediasiya sessiyasını davam etdirməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin rəsmi işi və rəsmi gəlirləri olmadığından, cavabdeh birgə nikahlarından olan və hazırda onun himayəsində olan övladı 17.07.2009-cu il təvəllüdlü X1 üçün maddi vəsaitin ödənilməsindən yayındığından, yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün cavabdehdən sabit pul məbləği şəklində hər il üçün «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununda uşaqlar üçün nəzərdə tutulmuş məbləğdə alimentin tutulması məqsədə müvafiq olardı. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o qədər aliment ödəməyə imkanı yoxdur. 100 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 27 noyabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 340983 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 27 noyabr 2007-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 653 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Rüstəmova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 17.07.2009-cu il təvəllüdlü X3 adlı bir övladları var. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, tərəflər həmin tarixdə saat 17.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Tərəflər ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci nağd qaydada ödəmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17.07.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat, 01.01.2022-ci il tarixdən başlayaraq isə 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, aliment məhkəməyə müraciət olunduğu vaxtdan tutulur. Həmçinin, iddia hər il tutulan alimentin miqdarının artırılması barədə göstərişin məhkəmə qətnaməsində qeyd olunmasına dair hissədə də əsassızdır. Çünki, tutulan aliment məbləğinin artırılması və yaxud azaldılması ilə bağlı iddia tələbi müstəqil iddia tələbi kimi çıxış etməklə, tutulan alimentin artırılması və ya azaldılması üçün əsaslı hallar olmalıdır. Həmin məsələyə məhkəmənin öncədən hüquqi qiymət verməsi qeyrimümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.07.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat, 01.01.2022-ci il tarixdən başlayaraq isə 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar