Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-7259/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 01 iyun 2007-ci il tarixində “nikahın bağlanması haqqında akt qeydləri kitabının” № 1252-li qeydi ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 02 mart 2008-ci il tarixdə övladları X2 dünyaya gəlmişdir. Ailə qurduqları ilk günlərdən münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, cavabdeh bir ata kimi qızının saxlanması üçün maddi köməklik edilmir. Övladının maddi tələbatları iddiaçı tərəfindən ödənilir. Hal-hazırda uşağın saxlanılması üçün tələb olunan maddi vəsaitin ödənilməsində çətinliklər yaranır. Göstərilənlərə əsasən iddianın təmin olunması, 02 mart 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, tələb tam əsassızdır. Bir evdə yaşadıqları halda alimentin tələb olunması məntiqsizdir. Ona hələ də uşağına baxmamağı ilə ittiham olunmağı çox təəccüblü gəlir. Yalnız nikahın pozulacağı halda aliment tələbini qəbul edəcəyinə etiraz etmir. Məhkəmə tərəflərini izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 01 iyun 2007-ci il tarixində verilmiş AZ-İ №321786 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 01 iyun 2007-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1252 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 15.05.2008-ci il tarixində verilmiş AZ-İİ № 111129 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 02 mart 2008-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 05.11.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan cavabdehin iş yeri barədə məlumat çıxarışma əsasən cavabdeh "xxxx" MMC-də təhlilçi vəzifəsində işləməklə 2500 manat məbləğində əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahdan 02 mart 2008-ci il təvəllüdlü X2 adlı bir övladları dünyaya gəlmişdir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin rəsmi iş yeri olduğundan alimentin tutulması qaydası sabit pul məbləğində deyil, əmək haqqısına nisbətdə tutulması məqsədə müvafiqdir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 10 noyabr 2021-ci il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 noyabr 2021-ci il tarixindən başlayaraq, 02 mart 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10 noyabr 2021-ci il tarixindən başlayaraq, 02 mart 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-7259/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-7259/2021
29.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver