Məhkəmə qərarları › İş №e-2(006)-801/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-801/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-801/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Muradov Asim Kərim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Gəncə şəhəri İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı (Gəncə şəhəri İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCnin Şəmkir filialı ilə aramızda bağlanmış 16 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması, ünvan 1-lə bağlı yüklülüyün, Cavabdeh ASC-nin adına verilmiş 18.04.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Şəmkir filialı ilə aralarında 16 aprel 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə bağlanmamışdan öncə onlara kreditin manatla veriləcəyi bildirilmişdi, daha sonra isə müqavilədə ABŞ dolları olduğunu bildikdə o, ipoteka müqaviləsini imzalamaqdan imtina etmişdir; lakin həmin filialın əməkdaşları onu aldadaraq bildirmişlər ki, narahat olmasın krediti manata dəyişəcəklər. Üzərindən bir müddət keçdikdən sonra kreditin manatla dəyişilməsini Bankdan tələb etsə də onu təkrar olaraq aldatmışlar və kreditini manata dəyişməmişlər. Faktiki olaraq onu aldatmaqla ipoteka müqaviləsi bağlamışlar və o, bunun nəticəsində ziyana düşmüş, öz əmlakını itirmək təhlükəsi yaranmışdır. Halbuki, Bank onu aldadaraq onunla ipoteka müqaviləsi bağlamışdır. Onun hüquqi savadı olmadığından o biri Məhkəmə proseslərində ipoteka müqaviləsinin etibarsızlığı məsələsini qaldırmamışdır. Buna görədə bu mərhələdə iddia qaldırmaq məcburiyyətindədir. Belə hesab edir ki, aldatma yolu ilə onunla ipoteka müqaviləsi bağlandığından Cavabdeh ASC-nin Şəmkir filialı ilə aralarında bağlanmış 16 aprel 2015-ci il tarixli müqavilə etibarsız hesab olunmalı və ünvan 1-lə bağlı yüklülük və Cavabdeh ASC-nin adına verilmiş 18.04.2015-ci il tarixli RX seryalı ******* nömrəli Çıxarış ləğv olunmalıdır. Buna görədə məhkəmə Cavabdeh ASC-nin Şəmkir filialı ilə aralarında bağlanmış 16 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması, ünvan 1-lə bağlı yüklülüyün və Cavabdeh ASC-nin adına verilmiş 18.04.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul etməlidir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilərək ondan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələblərini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəmdələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 Cavabdeh ASC Şəmkir filialının xeyrinə 16.04.2015-ci ildən 16.04.2018-ci ilədək, yəni 36 ay müddətinə yüklü edilmişdir. İpoteka saxlayan Cavabdeh ASC ilə ipoteka qoyan İddiaçı və borcalan X3 arasında bağlanmış 16.04.2015-ci il tarixli, SHNİP-0203 saylı saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC ilə X3 arasında bağlanmış 16.04.2015-ci il tarixli, SHNİP-0203-119 saylı baş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 257, bina 1, 15 saylı mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.02.2017-ci il tarixli, 2(008)- 449/2017 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər X1 və İddiaçı müştərək qaydada 24930.37 ABŞ dolları əsas, faiz borcuna görə 5699.68 ABŞ dolları, dəbbə borcuna görə 200 ABŞ dolları, cəmi 30830.05 ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 60 manat pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, 59.6 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac vasitəsilə satılması, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, 59.6 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 63.000 (altmış üç min) manat qiymətləndirilməsi, satışdan əldə olunmuş vəsait hesabına 30830.05 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla) tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(103)- 7484/18 saylı qətnaməsindən görünür ki, cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 449/2017 saylı işi üzrə 06 fevral 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli, 2(102)-7865/2018 saylı qərarından görünür ki, cavabdehlər X3 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 iyul 2018-ci il tarixli, 2(103)-7484/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(005)- 4678/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjasının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2020-ci il tarixli, 2(103)- 3298/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2019cu il tarixli, 2(005)- 4678/2019 nömrəli qətnaməsinin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrü "Cavabdeh” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 10.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi, Cavabdeh ASC ilə X2 arasında bağlanmış 16.04.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan-iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 59.6 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Borclu kredit müqaviləsi üzrə yaranmış öhdəliyini lazımınca icra etmədiyindən, cavabdehin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.02.2017-ci il tarixli, 2(008)- 449/2017 nömrəli qətnaməsinə əsasən tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, 59.6 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac vasitəsilə satılması qət edilmişdir. Hazırda ipiteka predmeti olmuş ünvan 1 ünvanda yerləşən, 59.6 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzil "Cavabdeh” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci və 339.3-cü maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli Qərarında da göstərilir: “Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.» İş materiallarından göründüyü kimi, iddiaçı ipoteka müqaviləsinin aldatma yolu ilə bağlandığını iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia ərizəsinin məzmununa diqqət yetirilsə isə aydın olar ki, iddia tələbinin əsas mahiyyəti manatın ABŞ dollarına qarşı məzənnəsinin aşağı düşməsi təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli “... bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafıq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər... manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi); xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri). Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi). ... Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.” Beləliklə, kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində istənilən valyutada ola bildiyindən və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən, hazırki müqavilə üzrə borcluya (iddiaçıya) verilmiş pulun ABŞ dolları valyutasında olması bu ipoteka müqaviləsinin etibarsızılığına dəlalət etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bundan da əlavə, iddiaçı hazırki iddianın predmeti olan 16.04.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsızlığını 05.10.2020-ci il tarixdə mübahisələndirməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edilməlidir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan isə bir ay ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, mülki qanunvericiliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Beləliklə Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. İş materiallarından göründüyü kimi, mübahisəli müqavilə 16.05.2015-ci il tarixində bağlanıldığı halda, hazırkı iş üzrə həmin müqavilənin etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə 05.10.2020-ci ildə müraciət olunmuşdur. Məhkəmə iddiaçının müqavilənin etibarsız sayılmasına əsas ola biləcək hallar barədə məhkəməyə müraciət etməmişdən məlumatlı olmadığını ağlabatan saymır. Eyni zamanda iddiaçı tərəfindən bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə iddiaçının əqdin etibarsız sayılması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq kəsici müddəti ötürmüş olduğunu hesab edir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə də, məhkəmə hesab edir ki, araşdırma zamanı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadığından iddianın təmin edilməsi mümkün deyildir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən maddəyə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Gəncə şəhəri İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar