Məhkəmə qərarları › İş №e-2(006)-816/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-816/2023

30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-816/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, PBA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Mazda CX 7” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində S.Rüstəm küçəsində “Renault Undero” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı Cəmiyyət tərəfindən müvafiq araşdırma aparıldığı zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli hadisə zamanı cavabdeh X1 səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerindən yayınmışdır və onun barəsində 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Baş vermiş sığorta hadisəsi ilə bağlı ASC tərəfindən 170 (yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən 170 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 AZN xidmət haqqının, cəmi 200,40 AZN pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansısa bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində “Mazda CX 7 minik” markalı, ** GU *** markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan PBA********** saylı “İcbari Sığorta Müqaviləsi”nin surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan “Mazda CX 7 minik” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, «Cavabdeh2 məxsus “Mazda CX 7 minik” markalı, ** GU *** markalı avtomobilini idarə etmək hüququ Cavabdeh1 etibar edilmişdir. Etibarnamə xx.xx.2016-cı il tarixdə verilmişdir, xx.xx.2021-cü il tarixədək qüvvədədir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, BS-S-22/5646 saylı “Geriyə tələb (subroqasiya)” məktubundan görünür ki, məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İş materiallarında olan edilmiş xx.xx.2022-ci il tarixli, 1886 saylı “Sığorta aktı”na və “Zərərin Hesablanması aktı”na əsasən 170 (yüz yetmiş) manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, ASC tərəfindən dəymiş ziyanın aradan qaldırılması üçün 170 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “Mazda CX 7 minik” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkəti qaydalarını pozaraq, X2 məxsus olan “X4 minik” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X2 dəymiş zərər ödənilərək sığorta ödənişləri həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 170 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (eyni Məcəllənin 1099.2-ci maddəsi). Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 yüksək təhlükə mənbəyi olan “Mazda CX 7” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair yol vərəqəsi (etibarnamə) əsasında idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh2 məxsus olmasına baxmayaraq, yol vərəqəsi (etibarnamə) əsasında Cavabdeh1 tərəfindən idarə edilmiş, həmçinin, onun xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə yalnız Cavabdeh1 məsuliyyət daşımalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 subroqasiya hüququ əsasında 170 AZN (bir yüz yetmiş manat) məbləğində sığorta ödənişi və 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 subroqasiya hüququ əsasında 170 AZN (bir yüz yetmiş manat) məbləğində sığorta ödənişi və 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar