Məhkəmə qərarları › İş №e-2(006)-85/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-85/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-85/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 2696 (iki min altı yüz doxsan altı) manat pulun (sığorta ödənişinin) və ödənilmiş 46.96 (qırx altı manat 96 qəpik) manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı özünə məxsus “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, N.Rəfiyev küçəsində hərəkətdə olarkən soldan gələn “Ford Fusion” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil onu görmədiyi üçün toqquşmuş, nəticədə zərbədən “Ford Fusion” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil digər avtomobilin sol qarşı tərəfinə dəymişdir. Daha sonra Xətai RPİ DYPŞ tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində baş vermiş yol nəqliyyat hadisəsi “Ford Fusion” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 təqsiri üzündən baş vermişdir. “Haval Azerbaijan” Servisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən İddiaçı məxsus buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə çəkiləcək xərc 2696 (iki min altı yüz doxsan altı) manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin müvəkkil qiymətləndirmə şirkəti olan "xxxx" MMC-nin 18.10.203-cü il tarixli qiymətləndirmə rəyinə əsasən “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanının məbləği 1025 (bir min iyirmi beş manat) manat təşkil edir. Beləliklə, qeyd edilən qiymətləndirmə rəyləri arasında kəskin fərq olduğundan cavabdeh sığorta şirkətinin ziyanın müqabilində təklif etdiyi məbləğ (1025 manat) açıq-aşkar ədalətsizdir və real bazar qiymətinə uyğun deyil. Belə ki, iddiaçıya məxsus buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobil yenidir. İstismar müddəti bir ildən azdır. Rəsmi servis tərəfindən verilmiş qarantiyası mövcuddur. Göründüyü kimi, yeni avtomaşına dəymiş ziyan nəticəsində bazar qiymətinin aşağı düşməsi işin mübahisəsiz halıdır. Lakin cabadeh sığorta şirkəti qeyd edilən halları nəzərə almamışdır.

3. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı irəli sürdüyü iddia tələbinin qismən, 1.025 (bir min iyirmi beş) manat məbləğində təmin edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iddianı qismən qəbul edib bildirdi ki, iddiaçı tərəfin yeganə sübutu olan “Haval Azerbaijan” tərəfindən verildiyi iddia edilən aktda möhür və imza olmadığından, həmin akt və onun əsasında verilmiş ekspert rəyi əsaslı sübut kimi qəbul edilə bilməz. Buna görə də iş materiallarındakı digər mötəbər qüsur aktına əsasən, iddianın 1.025 manat hissədə təmin edilməsinə razıdır. Belə ki, sığorta hadisəsinin baş verdiyini və iddiaçının avtomobilinə zərər dəydiyini mübahisələndirmir, lakin iddiaçı tərəfindən tələb edilən məbləğ heç bir mötəbər sübutla öz təsdiqini tapmadığı üçün, iddianın 1.025 manat hissədə təmin, qalan hissədə isə rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, cavabdehin iddia tələbini qismən etiraf etməsini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Nəqliyyat vasitəsinin BB seriyalı 341092 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2022-ci il olan “Haval Dargo” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur.

8. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 15:20-də Xətai rayonunda “Ford Fusion” minik markalı, 10TY747 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir (inzibati xəta haqqında İXP ******* nömrəli protokol da əlavə edilmişdir).

9. İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, “Ford Fusion” markalı, 10TY747 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalı olmuşdur.

10. “Haval Azerbaijan” ("xxxx" QSC) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, 2022-ci il buraxılışlı, “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2.696 manat məbləğində zərər dəymişdir. Akt sadə kağızda çap edilmiş, imzalanmamış və möhürsüz olmuşdur.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş hesabat cədvəlindən görünür ki, İddiaçı məxsus “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2023-cü il tarixə olan dəymiş zərərin həcmi 1.025 manat təşkil edir.

12. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:20 dəqiqədə Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs “Ford Fusion” minik markalı, 10TY747 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X2r (mülkiyyətçi X5). Hadisə nəticəsində İddiaçı məxsus “Haval Dargo” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qabaq hissəsinə və “Kia Sorento” markalı digər avtomobilin qabaq sol hissəsinə zərər dəymişdir.

13. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 46,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sürücü X3 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş İXP5629465 saylı inzibati protokol əsasında tətbiq edilmiş cərimə məbləği ödənilmişdir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/133 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Haval Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2022-ci il buraxılışlı “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.607 manat müəyyən edilir.

16. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

18. İş materiallarına, həmçinin, yol-nəqliyyat hadisəsindən sonra sürücülərin yazdıqları izahatlar, “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəlqiyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Haval Dargo” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış “Ford Fusion” minik markalı, 10TY747 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulmuş, hadisədə “Ford Fusion” minik markalı avtomobilin sürücüsü təqsirli olduğundan, barəsində protokol tərtib edilmiş, həmin protokol əsasında yazılmış cərimə isə ödənilmişdir.

20. İddiaçı “Haval Azerbaijan” tərəfindən tərtib edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktına istinadən avtomobilinə 2.696 manat məbləğində zərər dəydiyini hesab edir. Həmin akt möhürsüz və imzasızdır.

21. Cavabdeh tərəfin təklif etdiyi qiymətləndirmə şirkəti olan "xxxx" MMC tərəfindən tərtib edilmiş aktla isə həmin nəqliyyat vasitəsinə 1.025 manat zərər dəyməsi müəyyən edilmişdir.

22. İddiaçı "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda göstərilən məbləğlə razılaşmadığından, “Haval Azerbaijan” tərəfindən tərtib edildiyi iddia edilən akta istinadən avtomobilinə dəymiş zərərin əvəzi olan 2.696 manat sığorta ödənişinin və iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq ona ödənilməsini; cavabdeh isə iddiaçının təqdim etdiyi qüsur aktını mübahisələndirərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda göstərilən 1.025 manat məbləğində sığorta ödənişinin ödənilməsinə razı olduqlarını bildirərək, iddianın yalnız həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişlər.

23. Nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi yalnız “Haval Azerbaijan” tərəfindən tərtib edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli möhürsüz, imzasız qüsur aktındakı məlumatlara əsaslanmış, iş materiallarındakı "xxxx" MMC tərəfindən tərtib edilmiş akt isə nəzərə alınmamışdır. Rəydə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.607 manat müəyyən edilmişdir. Ekspert nəzəri hesablama yolu ilə tədqiqat apardığını qeyd etsə də, iş materiallarındakı 2 qüsur aktından yalnız birini nəzərə almış, digərini isə nəzərə almayıb, müqayisəli tədqiqat aparmamış, iş materiallarındakı qüsur aktlarından birinə üstünlük vermə, digərini isə nəzərə almama səbəblərini əsaslandırmamışdır.

24. Təyin edilmiş təkrar ekspertizanın aparılmasından isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmişdir.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə iddia tələbi və cavabdehin tələbi qismən – 1.025 manat hissədə etiraf etməsi ilə əlaqədar hesab edir ki, cavabdehin etirafı qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

26. Belə ki, hazırkı iş üzrə tərəflər sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi faktını mübahisələndirmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyətində olan avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişini tələb etməyə hüququ vardır.

27. Lakin məhkəmə tərəfindən müəyyən edilir ki, ziyanın qiymətləndirilməsi, yəni sığorta ödənişinin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə vardır. Belə ki, iddiaçı sığorta hadisəsindən sonra “Haval Azerbaijan” tərəfindən tərtib edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli möhürsüz, imzasız qüsur aktına istinadən avtomobilinə 2.696 manat məbləğində ziyan dəydiyini iddia edərək, cavabdeh tərəfindən təklif edilən ekspertlər siyahısından seçdiyi "xxxx" MMC tərəfindən verilən aktda göstərilmiş 1.025 manat ziyan məbləği ilə razı olmadığını bildirir.

28. Ziyanın məbləğinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, tərəflər arasındakı mübahisənin obyektiv tədqiqi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy isə yalnız “Haval Azerbaijan” tərəfindən tərtib edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli möhürsüz, imzasız qüsur aktındakı məlumatlara əsaslanmış, iş materiallarındakı "xxxx" MMC tərəfindən tərtib edilmiş akt isə nəzərə alınmamışdır. Rəydə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.607 manat müəyyən edilmişdir. Ekspert nəzəri hesablama yolu ilə tədqiqat apardığını qeyd etsə də, iş materiallarındakı 2 qüsur aktından yalnız birini nəzərə almış, digərini isə nəzərə almayıb, müqayisəli tədqiqat aparmamış, iş materiallarındakı qüsur aktlarından birinə üstünlük vermə, digərini isə nəzərə almama səbəblərini əsaslandırmamışdır.

29. Cavabdeh “Haval Azerbaijan” tərəfindən tərtib edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli qüsur aktının möhürsüz və imzasız olduğunu mübahisələndirərək, əlavə ekspertizanın keçirilməsi üçün vəsatət verdiyindən, məhkəmə tərəfindən vəsatət qismən təmin edilərək, təkrar ekspertiza rəyin edilsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə təkrar ekspertizanın aparılmasından imtina edilmişdir.

30. İddiaçı tələb etdiyi 2.696 manat sığorta ödənişi məbləğinin əks olunduğu sənədin, həqiqətən də, “Haval Azerbaijan” tərəfindən tərtib edildiyini sübut etmək vəzifəsi daşısa da, bu vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdehin bu məsələni mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclası məhz iddiaçının cavabdehin onun təqdim etdiyi aktla bağlı etirazının bu dəlilinə münasibət bildirməsi, habelə aktın mötəbərliyini təsdiq etməyə iddiaçıya şərait yaradılması məqsədilə təxirə salınmış, növbəti məhkəmə baxış iclasında iştirak edən iddiaçı tərəf aktın mötəbərliyini sübuta yetirməmişdir. Həmin iclasda təkrar ekspertiza təyin edilərək, işin icraatı dayandırılmış, lakin işin Məhkəmə Ekspertizası Mərkəzində olduğu uzun müddət ərzində iddiaçı təqdim etdiyi sənədin mötəbərliyini təsdiq etmək üçün heç bir hərəkət etməmiş, iddia etdiyi məbləğin, həqiqətən də, onun avtomobilinə dəymiş ziyanın məbləği olmasını təsdiqləyən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə araşdırmasının aparıldığı kifayət qədər uzun müddət ərzində iddiaçı öz iddiasının əsaslandığı, cavabdehin etirazının dəlilini təkzib edən həmin halı təsdiq edən heç bir mötəbər sübutu məhkəmə araşdırmasına təqdim etməmişdir. Onun təqdim etdiyi möhürsüz, imzasız sənədin isə məhz iddia edilən şirkət tərəfindən tərtib edildiyi də öz təsdiqini tapmamışdır. Bu aktın istənilən bir şəxs tərəfindən hazırlanmasının mümkünlüyünü nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini əsaslandırdığı həmin sənəd mötəbər sübut kimi qiymətləndirilməməlidir.

31. İş materiallarındakı ekspert rəyi də məhz kim tərəfindən tərtib edildiyi bəlli olmayan və məhkəmə tərəfindən mötəbər sayılmayan həmin akta əsaslanaraq verildiyindən, rəy verilərkən digər iş materialları nəzərə alınmamaqla yanaşı, nəzərə alınmamasının səbəbləri də ekspert tərəfindən əsaslandırılmadığından, həmin ekspert rəyi də məhkəmənin qənaətinə görə, mötəbər sübut kimi qəbul edilməməlidir.

32. Beləliklə, məhkəmə araşdırmaları dövründə iddiaçının istinad etdiyi halın mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

33. Bunun əksinə, cavabdehin etirazının və iddia tələbini qismən etiraf etməsinin əsasını təşkil edən hal iş materiallarındakı yeganə mötəbər sübut olan "xxxx" MMC tərəfindən tərtib edilmiş iddiaçının avtomobilinə dəymiş zərərin 1.025 manat məbləğində qiymətləndirilməsinə dair aktla öz təsdiqini tapır. Aktı tərtib edən "xxxx" MMC-nin qanunla Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmiş səlahiyyət əsasında onun tərəfindən aparılan rəsmi reyestrdə müstəqil sığorta eksperti kimi qeydə alınması məhkəmə tərəfindən müəyyən edilmişdir (https://www.cbar.az/page- 207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts). Həmin aktın mötəbər hesab edilməməsi üçün heç bir əsaslı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

34. Beləliklə, "xxxx" MMC-nin aktı ilə iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 1.025 manat təşkil etməsi müəyyən edildiyindən, cavabdeh 1.025 manat sığorta ödənişini ödəməyə razı olduğundan, iddiaçının istinad etdiyi sənəd və iş materiallarındakı ekspert rəyi mötəbər sübutlar hesab olunmadığından, iddiaçı tələbini əsaslandırdığı başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, cavabdehin iddia tələbini qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul edilir. Belə ki, işin göstərilən faktiki hallarını nəzərə alan məhkəmə cavabdehin qismən etirafını tədqiq edərək hesab edir ki, həmin etiraf qanuna müvafiqdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.025 (bir min iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Məhkəmə bu tələblərlə bağlı qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

36. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

37. Azərbaycan Respubkikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16.2-16.3. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34- 1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

40. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

41. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

42. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

44. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.025 (bir min iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 19 (on doqquz) manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 31 (otuz bir) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.025 (bir min iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 19 (on doqquz) manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 31 (otuz bir) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar