Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-910/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Mustafayev Raufun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Rauf Mustafayevin Cavabdeh qarşı mənzildən çıxarılmaqla istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Mustafayev Rauf Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmamış 17 oktyabr 2013-cü il təvəllüdlü X8, 20 aprel 2015-ci il təvəllüdlü X6, 23 may 2018-ci il təvəllüdlü X7 ilə birlikdə mülkiyyətində olan ünvan 1 saylı evdən çıxarılmaları və Cavabdeh və yetkinlik yaşına çatmamış 17 oktyabr 2013-cü il təvəllüdlü X3, 20 aprel 2015-ci il təvəllüdlü X1, 23 may 2018-ci il təvəllüdlü X2 həmin evdən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Tərəflər 06 sentyabr 2013-cü il tarixində nikaha daxil olmuşlar və birgə nikahdan 17 oktyabr 2013-cü ildə anadan olmuş X8, 20 aprel 2015-ci il tarixində anadan olmuş X6, 23 may 2018-ci ildə anadan olmuş X7 adlı 3 uşaqları vardır. Cavabdeh ilə aralarında bağlanılmış 06 sentyabr 2013-cü il tarixi nikah Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-605/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən uşaqlar X4 yanında saxlanılmışdır. Həmin qətnamə ilə 17 oktyabr 2013-cü il təvəllüdlü X8, 20 aprel 2015-ci il təvəllüdlü X6, 23 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment X5 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh ilə ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamış və cavabdeh ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsiev 129 ünvanında yerləşən fərdi yaşayış evi (payı 5/8 hissədə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa (Seriya RX, ******* saylı) əsasən xüsusi mülkiyyət hüquq əsasında fərdi yaşayış evi (payı 5/8 hissədə) qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 12277 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlə onunla arasında olan nikaha xitam verilsə də, o hələ də iddiaçının mülkiyyətində olan evdə qalmaqda davam edir. Nikaha xitam verildikdən sonra dəfələrlə cavabdehə mülkiyyətində olan evdən könüllü qaydada çıxamğı tələb etsə də, o, buna əhəmiyyət verməmiş və evdən çıxmamışdır. Cavabdeh ilə eyni evdə yaşamaq mümükün deyildir. Onunla aralarında tez-tez mübahisələr baş verir. Cavabdeh Lale Mustafayeva nikah dövrünün son illərində də onu saymır və hörmət etmirdi. O, nikah münasibətlıərinə xitam verildiyindən sonra da evin mülkiyyətçisi olaraq onun fikirlərinə və qərarlarına hörmət etmir, öz istədiyi kimi davranır. Cavabdehlə arasında baş verən mübahisələr daha münaqişələrlə nəticələnməməsi üçün o, yaşadığı evdən çıxarılmalı və onun bu evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bu mübahisə ilə əlaqədar olaraq cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin o yenə də təklifinə hec bir reaksiya verməmişdir. Bundan sonra Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Sessiyasında iştirak edilməməsi barədə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-02083 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mustafayev Rauf tərəfindən Cavabdeh qarşı “Mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” barədə yaranmış mübahisə üzrə xx.xx.2024-cü ilildə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında (MS-da iştirak edən tərəf) Rauf Mustafayevin səlahiyyətli nümayəndəsi iştirak etmiş, digər tərəf - Cavabdeh iştirak etməmişdir. Rauf Mustafayevin nümayəndəsi ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 (əlli) manatı, və kargüzarlıq xərci 10 (on) manat məbləğində xərci ödəmişdir. Cavabdehlə arasında nikah müqaviəsi və yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma yoxdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı Mustafayev Raufun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin edilmiş iddiaçı Rauf Mustafayev izahatında bildirdi ki, xəstəliyi ilə əlaqədar müalicə almalıdır, bunun üçün ona pul lazımdır, ona görə evini satmaq istəyir. Uşaqları da özü ilə götürüb Gürcüstana qayıtmaq istəyir. Cavabdehin evdən qeydiyyatdan çıxmağını istəyir ki, evi satanda ona mane olmasın. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev iddiaçının anasına məxsus olub, anası öldükdən sonra vərəsəlik qaydasında ev iddiaçıya qalmışdır. İddiaçının əvvəlki nikahından övladları da vardır. O, iddiaçının üçüncü arvadıdır. Aralarındakı nikaha xitam verilsə də, indiyə qədər mübahisəli evdə uşaqları ilə birlikdə yaşayaraq birgə təsərrüfat idarə edirlər. İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkir və əməliyyatdan yeni çıxıb. Hətta məhkəmə iclasına gəlməmişdən öncə keçmiş ərinin iynəsini vurub, dərmanlarını verib gəlmişdir. İddiaçıya o qulluq edir, müalicəsinə nəzarət edir. Evə kamera quraşdırılıb, orada bütün bunlar qeydə alınır. İddiaçının belə tələb irəli sürməsinin səbəbi odur ki, evi satmaq istəyir, o isə evin satılmasını istəmir, yaşamağa başqa yeri yoxdur. Atası Rusiyada yaşayır, anası isə rayonda qardaşı ilə birgə qalır. Himayəsində 3 azyaşlı uşaq var, uşaqlar 1, 4 və 6-cı siniflərə gedirlər, təhsillərini Bakı şəhərində alırlar, özü də işləmir, evdən çıxarılsa 3 uşaqla haraya gedəcəyini bilmir, kirayədə yaşamağa imkanı yoxdur. İddiaçı aliment də ödəmir, belə olan halda uşaqları saxlaya bilməyəcək. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşnmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 129 saylı evin mülkiyyətçisi Mustafayev Raufdur. Bakı şəhəri 06 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışına əsasən, tərəflər ailə mübahisəsi üzrə (nikahın pozulması) xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 506938 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Mustafayev Rauf ilə Cavabdeh arasındakı nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-605/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X10 ilə Cavabdeh arasında Sabirabad rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulması, 17 oktyabr 2013-cü il təvəllüdlü X8, 20 aprel 2015-ci il təvəllüdlü X6, 23 may 2018-ci il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması, 17 oktyabr 2013-cü il təvəllüdlü X8, 20 aprel 2015-ci il təvəllüdlü X6, 23 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment X5 tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməsi qət edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 229671 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Mustafayev Rauf, ana qrafasında Cavabdeh qeyd edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 229672 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Mustafayev Rauf, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 302487 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Mustafayev Rauf, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən sözügedən fərdi yaşayış evinin 5/8 hissəsi Mustafayev Raufun adına Bakı şəhəri 13 saylı DNK-nın 2V/294 reyestr nömrəli, xx.xx.2012- ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə və 3M-248 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli “Miras payın bölüşdürülməsinə dair müqavilə”yə əsasən qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: -Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli qərardadındakı hüquqi mövqe: Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən edilir ki, tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və cavabdeh ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən 129 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-605/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar ananın himayəsinə verilmişdir. Cavabdehin uşaqları ilə birlikdə çıxarılması xahiş edilən fərdi yaşayış evi 5/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bölüşdürülməsinə dair müqavilə əsasında xx.xx.2012-ci il tarixdə iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən 129 saylı fərdi yaşayış evi nikahdan əvvəl vərəsəlik üzrə iddiaçının mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla birlikdə yaşayan ailə üzvləri həmin mənzildən onunla bərabər istifadə etmək hüququ əldə etmişlər. İddiaçı ilə cavabdehin nikahı xx.xx.2024-cü il tarixdə ləğv olunduğundan və onlar arasında başqa razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmır. Lakin qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbindən də göründüyü kimi keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər Mənzil qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Cavabdeh izahatında göstərmişdir ki, onun və övladlarının gedib yaşayası bir evi yoxdur. Onun tək ana olaraq himayəsində üç azyaşlı uşağı saxlamaq, onlara təhsil vermək və kirayədə yaşamağa imkanı yoxdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatlardan da görünür ki, cavabdehin mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur. Məhkəmə birgə nikahdan olan 3 azyaşlı uşağın cavabdehin himayəsində olmasını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə alaraq hesab edir ki, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1 il müddətə istifadə hüququ saxlanmaqla iddia qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 129 nömrəli evdən istifadə etmək hüququ 1 il müddətinə saxlanılmalı, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 129 nömrəli evdən çıxarılmaqla istifadə hüququ itirilmiş hesab olunmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 129 nömrəli evdən istifadə etmək hüququ 1 (bir) il müddətinə saxlanılsın. Müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Cavabdeh azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 129 nömrəli evdən çıxarılmaqla istifadə hüququ itirilmiş hesab olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-910/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-910/2025
10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver