Məhkəmə qərarları › İş №e-2(006)-917/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-917/2024

05.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-917/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imzasının saxtalaşdırılmaqla Cavabdeh1 ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli saxta zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “TERM” kompaniyasına, Cavabdeh2, İddiaçı və X2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, “TERM” kompaniyasından, Cavabdeh2 və İddiaçı 29 avqust 2013-cü il tarixli, sm4449 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 188700 manat, faiz borcuna görə 14535 manat, cərimə borcuna görə 1000 manat, cəmi 204235 manat məbləğində borcun, ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 61 manat rüsumun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinin açıq hərracdan satılması və onun satışından əldə olunacaq pul vəsaiti hesabına cavabdeh "xxxx" MMCnin 29 avqust 2013-cü il tarixli, sm4449 saylı baş kredit müqaviləsi üzrə cəmi 204235 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və X1 həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, “TERM” kompaniyasından, Cavabdeh2 və İddiaçı müştərək qaydada 131.770,77 manat əsas borc tutularaq iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(105)-28/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya baxışının qeyri-mümkün hesab edilməsi, mülki işin kassasiya şikayətinin qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. May 2022-ci il tarixdə avtomobilini küçədən aparılan zaman ona məlum olmuşdur ki, ğuya onunla Cavabdeh1 ASC-nin Sumqayıt filialı arasında 29 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. O, ümumiyətlə Cavabdeh1 ASC-nin Sumqayıt filialında olmamışdır. Heç bir zaminlik və ya başqa bir müqavilə imzalamamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsindən verdiyi kassasiya şikayətində də məhz belə bir müqavilə imzalamadığını ğöstərmişdir. Bütün müdafiə vasitələri tükəndiyindən iddia ərizəsi yazaraq Cavabdeh1 ASC-nin Sumqayıt filialı arasında 29 avqust 2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsızlığı tələbini irəli sürməli olmuşdur. Onun bu müqavilədən xəbəri belə olmamışdır. Vəkil sorğusu əsasında həmin müqavilənin surətini iyun 2023-cü il tarixdə arxivdən əldə etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, AR ƏN-nin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh2 onun xəbəri olmadan Cavabdeh1 ASC-nin Sumqayıt filialının əməkdaşları ilə əlaqəyə girib 29 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi formasını götürüb özü onun şəxsiyyyət vəsiqəsinin surətində olan imzanı çəkib banka vermişdir. Bu məlumatı Vüqar ilə 13 saylı cəzaçəkmə müəssisəsində görüşü zamanı özü şəxsən ona bildirmişdir. Ona verdiyi hökmün surətini oxumuş və həqiqət ona məlum olmuşdur. Cavabdeh2 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, külli miqdarda ziyan vurmaqla və əmlak hüquqlarını əldə etməklə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibar olunmuş külli miqdarda özgə əmlakını təkrarən mənimsəməklə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, o, 01 sentyabr 2004-cü ildən 17 sentyabr 2012-ci il tarixədək ”Term” kompaniyasının hökmün surətindən göründüyü kimi, Cavabdeh2 Dulyar oğlu çoxsaylı insanları, o cümlədən onu da aldatmış, saxta müqavilə tərtib edib onun imzasını oxşadaraq icra etmişdir. Hesab edir ki, iddia tələbi təmin olunmalı, onunla Cavabdeh1 ASC-nin Sumqayıt filialı arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi etibarsız hesab olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 öncədən məhkəməyə ünvanlamış olduqları etiraz ərizəsini müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçının iddia tələbində istinad etdiyi və onların məhkəmə iclasında təqdim etmiş olduqları məhkəmələrin qanun qüvvəsini almış qərarlarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsi üzrə məhkəmənin mövqeyi müəyyən edilmiş və zamin İddiaçı və digər cavabdehlərdən müştərək qaydada pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsinin əsasları adlanan 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları göstərilmişdir. İddiaçı isə həmin əsaslardan heç birinə istinad etmədən zaminlik müqaviləsinə xitam verilməsini tələb etmişdir. Halbuki, iddiaçının istinad etdiyi hal, yəni zaminlik müqaviləsinə imza etməməsi, xitamın yox etibarsızlığın əsasıdır. Zaminlik müqaviləsinin etibarsızlığına dair MM-nin 471ci maddəsində qeyd edilmişdir ki, Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Göründüyü kimi, iddiaçı sadəcə iddianın adını dəyişməklə etibarsızlığı xitamla əvəz etmişdir. Belə olan hallarda isə Ali Məhkəmənin 14 iyun 2022-ci il tarixli 02/2022 saylı qərardadına əsaslanaraq bildirir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də Cavabdeh1 ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "TERM" kompaniyasına, Cavabdeh2, İddiaçı və X4ma qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, "TERM" kompaniyasından,Cavabdeh2 və İddiaçı 29 avqust 2013-cü il tarixli, sm4449 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 188700 manat, faiz borcuna görə 14535 manat, cərimə borcuna görə 1000 manat, cəmi 204235 manat məbləğində borcun, ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi idarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 61 manat rüsumun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinin açıq hərracdan satılması və onun satışından əldə olunacaq pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin 29 avqust 2013-cü il tarixli, sm 4449 saylı Baş kredit müqaviləsi üzrə cəmi 204 235 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və X1 həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən, "TERM" kompaniyasından, Cavabdeh2 və İddiaçı müştərək qaydada 131.770,77 (yüz otuz bir min yeddi yüz yetmiş manat 77 qəpik) manat əsas borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(105)-28/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya baxışının qeyrimümkün hesab edilməsi, mülki işin kassasiya şikayətinin qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh mənim tərəfimdən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) xx.xx.2023-cü il tarixli, e-2(006)-3786/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı «zaminlik müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5907/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3786/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı və digər cavabdehlərə qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və mübahisəyə dair həmin məhkəmənin 02 dekabr 2014-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilərək, qətnamədə qismən dəyişikliklər olsa da, nəticə etibarı ilə mübahisəyə dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. İddiaçı tərəfindən öncədən də məhkəməyə müraciət edilərək, zaminlik müqaviləsinin etibarsızlığı tələb edilmiş, lakin məhkəmə tərəfindən ərizənin icraata qəbulundan imtina edilmişdir. Hazırda da iddiaçı eyni müqavilənin xitamını tələb edir. Lakin müqavilənin xitamını tələb etsə də, mahiyyət etibarı ilə müqavilənin etibatrısızlığına səbəb ola biləcək hallara istinad edir. Zaminlik müqaviləsinin anlayışını təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin xitamının əsaslarını müəyyən edən həmin Məcəllənin 477-ci maddəsinin tələblərinə görə zaminliyə - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məsələlərə hüquqi qiymət verilməklə, qüvvəsini almış məhkəmə aktlarının mövcudluğu, hazırki işin icraatına xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar