Məhkəmə qərarları › İş №e-2(007)-103/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-103/2025

06.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-103/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Valeh qızının Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Valeh qızının Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Valeh qızı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 26 avqust 2007-ci ildə 2527 nömrəli akt qeydinə əsasən Bakı şəhəri Səadət Sarayında bağlanmış nikahın pozulması, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayanlar 30 iyun 2008-ci il təvəllüdlü X2 və 11 iyun 2010-cu il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun himayəsində qalması, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayanlar X7 və X1 üçün yetkinlik yaşına çatanadək onların hər biri üçün hər ay 500 (beş yüz) manat olmaqla, hər ay ümumilikdə 1000 (min yüz) manat sabit pul məbləği şəklində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 avqust 2007-ci ildə 2527 nömrəli akt qeydinə əsasən Bakı şəhəri Səadət Sarayında rəsmi nikaha daxil olub. Onların birgə nikahından 30 iyun 2008-ci il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X8 anadan olub. Tərəflər evliliklərinin ilk zamanlarında nisbətən mehriban yaşasalar da, lakin son bir neçə il ərzində onların ailə münasibətləri faktiki olaraq heçə enib. Hətta son zamanlarda artıq cavabdehdə şiddətli keçimsizlik özünü ən yüksək səviyyədə biruzə verib, həmçinin onda olan bu situasiyalar gündəlik vərdiş halını alıb. Eyni zamanda qeyd etmək istəyir ki, cavabdeh artıq uzun zamandır ki, ailənin maddi ehtiyaclarını ödəmək üçün evə qazanc gətirmir. Ailənin bütün maddi və mənəvi yükü onun valideynlərinin üzərində qalıb. Həmçinin, onun valideynləri sadəcə nəvələrinin deyil, əlavə olaraq cavabdehin xərclərini də ödəmək məcburiyyətində qalıb. Belə ki, onlar cavabdehin maddi ehtiyaclarını qızına və nəvələrinə xatir ödəyiblər. İddiaçı illərlə cavabdehin ailə dəyərlərinə bu cür biganə rəftarına səbr edib. O ümid edib ki, cavabdeh nə vaxtsa düzələcək və ailəsinə sahib çıxacaq. Məhz cavabdehin bütün bu mənfi keyfiyyətlərinin mövcudluğu ailə daxilində bitib tükənməyən münaqişələrə səbəb olub. Bununla da, o və uşaqlar mütəmadi olaraq psixoloji təsirə məruz qalıblar. O, ailə-məişət münasibətlərini zədələyən və zamanla bitməsinə səbəbiyyət verən vəziyyətin düzəlməsi üçün dəfələrlə cavabdehlə ünsiyyət qurmağa çalışıb, ailədə rifah içində yaşamaq üçün cəhdlər edib. Lakin təəssüf ki, cavabdehə xüsusi bir faydası olmayıb. Onu da xüsusilə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, illərdir cavabdehin gündəlik ailə münasibətlərinə mənfi təsir göstərən davranışlarını bir çox hallarda görməzdən gələrək gözardı edib. O, hətta cavabdehin bu cür mənfi xüsusiyyətlərdən xilas olması üçün hər zaman ona mənəvi dəstək göstərib. Lakin görünən odur ki, onun bu cəhdlərinin heç bir nəticəsi olmayıb. Nəticə etibarilə, bütün qeyd edilənlərdən görünən odur ki, tərəflərin ər-arvad kimi birgə yaşaması və ailənin mövcudluğunu qoruyub saxlamaq qeyri-mümkündür. Belə ki, cavabdehin ailə dəyərlərini heçə sayması və bir valideyn olaraq övladlarının ehtiyaclarına biganəlik göstərməsi onun şəxsiyyətinin ayrılmaz hissəsinə çevrilib. Bu tip davranışlarından da əl çəkmək istəməməsi həm uşaqların gələcəkdə şəxsiyyət kimi formalaşması, həm də onun və uşaqların psixoloji sağlamlığı üçün çox ciddi problemdir. Odur ki, o, cavabdehə qarşı hazırki mübahisə üzrə mediasiyaya müraciət edib. Lakin cavabdeh 14 mart 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında hazırki tələblə razılaşmayıb. Buna istinad edərək Bakı 18 saylı Mediasiya Təşkilatının mübahisə üzrə təyin etdiyi mediator X4 tərəfindən ona 14 mart 2024-cü il tarixli, MŞB/18/2024-00264 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilib (həmin arayışın əsli iddia ərizəsinə əlavə edilir). Buna görə də onun yuxarıda sadalanan tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Yuxarıda da qeyd edildiyi kimi, onların birgə nikahından iki yetkinlik yaşına çatmayan uşaqları dünyaya gəlib. Təəssüf ki, cavabdeh onların maddi-mənəvi heç bir ehtiyacları ilə maraqlanmır. Belə ki, cavabdeh hazırda rəsmi olaraq heç bir müəssisədə işləməsə belə, ona valideynləri tərəfindən kifayət qədər maliyyə yardımı olunur. Lakin cavabdeh ona verilən pul vəsaitinin heç bir hissəsini nə ailəsi, nə də uşaqları üçün xərcləmir və əldə etdiyi gəlirin çoxunu öz şəxsi maraq və fəaliyyətləri üçün sərf edir. Yeri gəlmişkən qeyd edək ki, tərəflərin övladları abituriyentdir və onların bütün dərs vəsaitlərini iddiaçı valideynlərinin hesabına çətinliklə qarşılayır. O, təkbaşına uşaqlarının gələcəyini inşa edərkən, cavabdehin tək düşündüyü əldə etdiyi qazanc hesabına ailə münasibətlərinin də kəskin olaraq sarsıldığı bir zamanda, ancaq mübahisələr yaratmaqdır. Əfsuslar olsun ki, günümüzdə evliliklərin dağılmasına səbəb olan bu cür mənfi davranışlar bir çox ailə fərdlərinin psixologiyasında dərin izlərə səbəb olmaqla, onların sağlam fərd kimi inkişafını zədələyir. Nəzərə almalıyıq ki, cavabdehin ailəməişət həyatına uyğun olmayan rəftarı ilə yetkinlik yaşına çatmayan 2 azyaşlı uşağın parlaq gələcəyini məhv edə bilər. Əgər uşaqlar ananın himayəsində olmazsa, qeyd olunan hal həmin uşaqların gələcəkdəki yaşamının bənzər çətin vəziyyətə düşəcəyini qaçılmaz edir. Bütün qeyd edilən faktiki və hüquqi arqumentlərin konteksində görünən odur ki, uşaqların onların yanında qalması daha məqsədəuyğundur. Uşaqlarını düzgün tərbiyə etmək, onların fiziki və əqli inkişaflarına dəstək olmaq bir valideyn kimi onun üçün çox vacibdir. Onların mənafelərini nəzərə almaq və sağlam gələcəklərini rəhbər tutmaq zəruridir. Uşaqlar özləri də valideynləri boşandıqdan sonra onunla yaşamaq arzusundadır. Cavabdehin gündəlik həyat tərzinə çevirdiyi şiddətli keçimsizlik, ailənin saxlanmasına etinasızlıq və mübahisələr yaratdığı zamandan bəri uşaqların bütün ehtiyacları yalnız onun valideynləri tərəfindən qarşılanıb. O, uşaqlarının təhsil, sağlamlıq, məişət və s. xərclərini bugünədək çətinliklə də olsa valideynlərinin dəstəyi ilə təkbaşına üstələnib. O, uşaqlarını gələcəyin uğurlu şəxsləri sırasında görməyi arzulayır. Bunun üçün də əlindən gələn hər şeyi edib və etməyə də davam edir. Lakin onun övladlarına olan qayğıkeş münasibətinin eynisini çox təəssüf ki, cavabdehə münasibətdə söyləmək mümkün olmur. Yuxarıda qeyd olunduğu kimi, cavabdehə valideynləri tərəfindən kifayət qədər maddi dəstək olunur. Lakin o, bu vəsaitdən uşaqlarının inkişafı üçün heç nə ayırmır. Bundan əlavə təkrarən nəzərinizə çatdırmaq istəyir ki, tərəflərin övladları hazırda abituriyentdir. Onların dərs vəsaitlərinin və təhsil almaları üçün zəruri olan digər prosedurların öhdəsindən onun təkbaşına olaraq gəlməsi qeyri-mümkündür. Hazırki şəraitdə ölkəmizdə bir uşağın təhsil alması üçün çəkilən xərc göz önünə gətirilsə, iki uşağın təhsil alması üçün ayrılmalı olan məbləği düşünmək heç də çətin olmaz. Təəssüflər olsun ki, cavabdeh bu situasiyada qazancını öz ailəsi və uşaqlarının ehtiyacları üçün xərcləməkdənsə, həmin vəsaiti şəxsi maraqlarına sərf etməyi üstün tutur. Bütün bunlar onu göstərir ki, uşaqların mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh onların saxlanması xərclərini də ödəməlidir. Başqa sözlə, cavabdehdən öz uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanuna uyğundur. Cavabdehin gəlirlərinin valideynləri tərəfindən kifayət qədər yüksək şəkildə qarşılandığı üçün hər bir uşaq üçün ayda 500 (beş yüz) AZN olmaqla, cəmi 1000 (min yüz) AZN aliment ödəmək onun maddi gücünə qəti şəkildə xələl gətirməz.

İş materialları:

3. AZ-İ seriyalı, 344411 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında Bakı şəhəri Səadət Sarayında 26 avqust 2007-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 2527 nömrə ilə qeyd edilmişdir. Ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.

4. AZ-İİ seriyalı, 288193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 iyun 2008-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X5r.

5. AZ-İİ seriyalı, 467184 nömrəli doğum haqqında şəhadətnamənin görünür ki, X8 11 iyun 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası X6r.

6. “Mediasiya Şurası” Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00264 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Valeh qızının nümayəndəsi Nümayəndə və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişlər, tərəflər mediasiya prosessinin davam etdirməyə razılı verməmişdir, İddiaçı Valeh qızının nümayəndəsi Nümayəndə tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Valeh qızının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

8. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli 5-16/2-649/2024 saylı rəyindən görünür ki, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya yuxarıda şərh olunanları nəzərə alaraq, boşanmadan sonra xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X3 anaları İddiaçı Valeh qızının himayəsində saxlanılmasını məqsədəuyğun sayır və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir.

Tərəflərin izahatları:

9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib izahat verərək bildirdi ki, o, nikahın pozulmasına razı deyil. Rəsmi işləmir, gəliri müntəzəm deyil. İddiaçı ailəsinin təsirinə görə nikahlarının pozulmasını istəyir. Uşaqlar hazırda iddiaçının yanındadır.

11. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə ilə məhkəməyə müraicət edərək eyd etmişdir ki, boşanmağa raz deyil. Uşaqlar anada qaldığı təqdirdə hər uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment ödəməyə razıdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

15. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı:

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı:

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

İşin faktiki halı:

18. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Valeh qızı ilə Cavabdeh 26 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 30 iyun 2008-ci il təvəllüdlü X7 və 11 iyun 2010-cu il X8 anadan olmuşdur.

19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin ailə münasibətlərini bərpa etmələri mümkün deyildir, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Tərəflərin ailə münasibətləri pozulmuş, nikahları formal xarakter daşıyır. Məhkəmənin xx.xx.2024-cü il tarixdə barışıq üçün verdiyi 3 ay müddət ərzində tərəflər barışmamışlar. Birgə nikahdan anadan olmuş 30 iyun 2008-ci il təvəllüdlü X7 və 11 iyun 2010-cu il X8 İddiaçı Valeh qızının himayəsindədir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflərdən biri olan arvad nikahın pozulmasında təkidli olduğundan, iddia həmin hissədə təmin edilərək Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən nikah pozulmalıdır.

22. Həmçinin ailə qanunvericiliyinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir.

23. Belə olan halda, məhkəmə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə yetkinlik yaşına çatmayan uşaqların hazırda anasının yanında olmasını, onların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğunu, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli 5-16/2-649/2024 saylı rəyini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 30 iyun 2008-ci il təvəllüdlü X7 və 11 iyun 2010-cu il X3 anaları, İddiaçı Valeh qızının yanında qalmalıdır.

24. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

26. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

27. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları üçün cavabdehdən iddiaçının tələbinə əsasən aliment tutulmalıdır. Hazırda iddiaçı aliment məbləğini hər ay hər uşaq üçün 500 manat məhkəmədən tələb edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay hər uşağa görə 500 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.

28. Belə olan halda, məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən iddia tələbini, uşaqların və iddiaçının mənafelərini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını, 2024-cü ildə və 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini və cavabdehin ərizəsini nəzərə alaraq, belə qənaətə gəlir ki, hər uşaq üçün hər ay 500 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli, uşaqların saxlanılması üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər uşağa hər ay 235 manat, xx.xx.2025-ci il tarixdən başlayaraq isə hər uşağa hər ay 246 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir.

29. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur.

Nəticə:

31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı Valeh qızı (X10) arasında 26 avqust 2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2527 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından 30 iyun 2008-ci il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X8 anaları İddiaçı Valeh qızının yanında qalmalı, 30 iyun 2008-ci il təvəllüdlü X2 və 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər uşağa hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment, xx.xx.2025-ci il tarixdən başlayaraq hər uşağa hər ay 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Valeh qızına verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.

33. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Valeh qızı (X10) arasında 26 avqust 2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2527 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 30 iyun 2008-ci il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X8 anaları İddiaçı Valeh qızının yanında qalsınlar. 30 iyun 2008-ci il təvəllüdlü X2 və 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər uşağa hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment, xx.xx.2025-ci il tarixdən başlayaraq hər uşağa hər ay 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Valeh qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar