Məhkəmə qərarları › İş №e-2(007)-1134/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1134/2024

06.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1134/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə nikahın pozulması, birgə nikahdan xx.xx.2018-ci ildə doğulmuş X2 və xx.xx.2020-ci ildə doğulmuş X1 18 yaşına çatanadək yanında saxlanılmaları üçün, yəni 2 (iki) uşağa görə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində onun xeyrinə cavabdehdən aliment və ilkin mediasiya xərcinə görə 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat olmaqla, cəmi 100 (yüz) manat ödənilmiş xərcin cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nigah 14 iyun 2017-ci ildə Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə akt qeydiyyatı kitabında həmin tarixdə 1730 nömrə ilə qeyd edilmişdir. Birgə nigahdan xx.xx.2018-ci ildə Damla adlı qızı və xx.xx.2020-ci ildə isə Tunar adlı oğlu doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da sonradan pozulmuş və birgə yaşayış qeyri-mümkün olmuşdur. Belə ki, cavabdeh əsaslı səbəb olmadan tez-tez onu döyüb işgəncə verdiyindən artıq dözə bilməmişdir. Hətta sonuncu dəfə döyülərkən xəsarət aldığından Nizami rayonundakı PŞ-nin aidiyyəti bölməsinə şikayət etməli olmuş və hər iki uşaqları da götürüb ata evinə gəlməyə məcbur olmuşdur. Odur ki, ayrılmaq qərarına gəlmiş və bu barədə fikri qətidir. Birgəyaşayış qeyri-mümkün olduğundan hər iki uşaqlarla birgə ata evinə qayıtmışdır. Ona görə də, ailə münasibətlərindən irəli gələn məsələlərlə əlaqədar mediasiya təşkilatına müraciət etmiş və təyin edilmiş ilkin mediasiya sesiyasından keçərək 50 manat mediasiya xərcini birtərəfli qaydada ödəməli olmuş və müvafiq arayış əldə etmişdir. Bundan sonra nigahın pozulması və uşaqların yanında saxlanmasına görə aliment tələbi ilə cavabdehin qeydiyyatı üzrə Nizami rayon məhkəməsinə müraciət etmək imkanı yaranmışdır. Cavabdeh Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsin (PHŞ) komunal laboratoriyasında aparıcı mühəndis (12-ci dərəcəli) vəzifəsində işləyir və əmək haqqı 1212 (min iki yüz on iki) manatdır (növbəli smenə çıxanda əmək haqqında artım olur). O isə işsiz qalmışdır, cavabdeh onun karyerasını məhv etmiş, özü də təqaüdçü ata himayəsinə sığınmaq məcburiyyətində qalmışdır. “Azərbaycan Respublikasında 2023ci il üçün yaşayış minimiumu hqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-ci il üçün yaşayış minimimu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 2024-cü il üzrə isə hər bir uşağa görə yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Ona görə də uşaqların yanında saxlanmasına görə cavabdeh tərəfindən aliment ödənilməsini tələb edir. Cavabdeh sağlam şəxsdir, əmək qabiliyyətlidir, qazancını uşaqların saxlanmasına sərf etməlidir.

İş materialları :

3. AZ-T seriyalı, 026977 nömrəli “nikah haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət Mərkəzi” Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1730 nömrə ilə qeyd edilmişdir. Ərə Cəlilov arvada Cəlilova soyadı verilmişdir.

4. AZ-İV seriyalı, 410256 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə doğulmuş və bu barədə 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 387 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

5. AZ-İV seriyalı, 104831 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə doğulmuş və bu barədə 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 2256 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

6. “Mediasiya Şurası” Qəbələ 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

7. İddiaçı məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

8. ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən cavabdeh ilə arasında barışıq olduğu üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə barışdığını, nikahın pozulmasının istəmədiyini qeyd edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

12. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

13. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.

15. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

16. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.

Nəticə :

17. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; əməliyyat İD: 399282995; qəbzin nömrəsi : 23173; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 11:44) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

19. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; əməliyyat İD: 399282995; qəbzin nömrəsi : 23173; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 11:44) dövlət büdcəsindən iddiaçıya qaytarılsın İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar