Məhkəmə qərarları › İş №e-2(007)-1216/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1216/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1216/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkaran Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(049)-1274/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 27 noyabr 2004-cü ildə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, 01 oktyabr 2011-ci il təvəllüdlü X3 və 01 oktyabr 2011-ci il təvəllüdlü X1 onun himayəsində qalması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə 01 oktyabr 2011-ci il təvəllüdlü X3 və 01 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda himayəsində olan övladlarının 12 yaşları vardır və hər birinin saxlanılması üçün 100 manat pul kifayət etmir. Bundan başqa, özü də onkoloji xəstəlikdən əziyyət çəkir, heç yerdə işləmir, yaxın qohumlarının köməkliyi ilə indiki ağır zamanda ayaq üstə durmağa çalışır. Azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətin gəlir. Onların məsrəfləri xeyli artdığından, Lənkaran Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği onun heç bir tələbatının ödənilməsinə yetmir. Habelə, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 246 manat müəyyən olunmuşdur. Bu səbəbdən aliment məbləğinin artırılmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sadalanan qanun normalarının tələbinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli, alimentin məbləğiən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı (345 manat), eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasının və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin gəlirinin 25% hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması müəyyən edilməlidir. Eyni zamanda tərəfindən mediasiya xərci olaraq da 50 manat ödənilmişdir. Qeyd edilənlərə əsasən 01 0ktyabr 2011-ci il təvəllüdlü X3 və 01 0ktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh gəlirinin üçdə bir hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iki tələblə, yəni övladların yetkinlik yaşına çatanadək saxlanması üçün gəlirin üçdə bir hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin tələb edilməsini xahiş etmişdir. Hesab edir ki, alimentlə bağlı İddiaçı bir tələblə məhkəməyə müraciət etməli idi. Bundan başqa, iddiaçı onun gəlirinin üçdə bir hissəsini və əlavə olaraq 500 manat sabit pul məbləğində aliment tələb edirsə, əmək haqqıdan başqa onun gəliri yoxdur və iddiaçının tələbi onun əmək haqqına yönəlməlidir. Hazırda o, aşbaz vəzifəsində çalışır, bununla bağlı fiziki şəxs (VÖEN:**********) X12 ilə aralarında 15 10.2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və aylıq əmək haqqı 345 (üç yüz qırx beş) manat təşkil edir. Bir daha qeyd edir ki, onun aldığı 345 (üç yüz qırx beş) manat əmək haqqıdan başqa gəliri yoxdur. Qeyd edilənlərə əsasən İddiaçı “aliment” tələbinə dair verdiyi iddia ərizəsinə yuxarıda qeyd etdiklərinə əsasən etiraz edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə mürciət edərək, hər uşağa görə 2023-cü il üçün minimum yaşayışa görə nəzərdə tutulmuş, hər ay hər uşağa 220 manat, ümumilikdə 440 mamat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizəyə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı xərçəng xəstəliyindən əziyyət çəkir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 756809 və AZ-İİ seriyalı 756811 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 və X6 01 oktyabr 2010-cu il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları X4r; - Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(049)-1274/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında 27 11 2004-cıi il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində 1277 ssyla qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra X5 əvvəlki Mirzəyeva soyadının verilməsi, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011ci il təvəllüdlü X1 iddiaçı X2 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir; - AZ-İ seriyalı 412140 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 ilə olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 16 aprel 2022-ci il tarixdə 79 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Mirzəyeva” soyadı verilmişdir; - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan və fərdi sahibkar X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 03 saylı arayışdan görünür ki, Cavabdeh fərdi sahibkar X9 yanında aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə xx.xx.2011-ci il tarixdə Aişə və Fatimə uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün 2021-ci ildə hər ay 200 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 1 il keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirililməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşaqların mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 440 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə həmin halları, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(049)-1274/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödəməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(049)-1274/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar