Məhkəmə qərarları › İş №e-2(007)-1229/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1229/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1229/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran qızının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran qızı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X2 həddibuluğa çatanadək saxlanılması üçün Cavabdeh maaşının dörddə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü ildən Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir övladları anadan olmuşdur. Baxmayaraq ki, onlar rəsmi nikahdadırlar, amma faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşayırlar, yaranmış vəziyyət ilə əlaqədar o, məcburiyyət qarşısında qalaraq qızı ilə birgə müvəqqəti olaraq valideynləri ilə birlikdə yaşayır. Valideynləri ona kömək etsələr də cavabdeh bir ata kimi öz övladının qayğısına qalmalıdır. Cavabdeh “Yeni Klinika”da baş mühasib vəzifəsində çalışır, yüksək maaş alır, ona görə də öz maaşından hər ay aliment ödəmək imkanındadır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər rəsmi olaraq nikahda olsalar da, faktiki olaraq ayrı yaşayırlar və aralarındakı münasibətlərin normallaşması üçün heç bir cəhd edilmir. İddiaçı hazırda valideynləri ilə yaşayır və uşaq ananın yanındadır. Cavabdeh müxtəlif məbləğlərdə, bəzən bir dəfəyə 300 manat, bəzən 130-140 manat iddiaçıya aliment göndərmişdir. Lakin iddiaçının tələbi alimentin cavabdehin maaşına və gəlirlərinə əsasən müəyyən edilməsidir. Onun bildiyi qədər cavabdeh klinikada baş mühasib işləyir və onun 2000 manatdan çox gəliri var. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun işlədiyi klinikaya 1 ay bundan qabaq məktub gəlmişdir ki, onun əməkhaqqı ilə bağlı məlumatları əldə olunsun. O da iddiaçıya demişdir ki, nə lazımdırsa özü verəcəkdir. İddiaçı da ona iddianı geri götürəcəyini demişdir. Bu günə kimi də o, nağd və kart hesabı vasitəsilə məhkəmə bildirişinə qədər iddiaçıya uşağa görə ödənişlər etmişdir. Lakin ödəniş qəbzlərini saxlamamışdır. Uşağın bütün xərclərini, dərmanlarını, digər hər bir şeyi özü etmişdir. Təkcə elə bu ay 800 manat pul vermiş, 600 manat da kartına vurmuşdur. O, iddiaçıya aylıq 600 manat ödəməyi də təklif etmişdir. O, dəfələrlə iddiaçı ilə barışmaq istəmiş, ailəsi ilə yaşadığı evə də getmişdir. Eyni zamanda bildirdi ki, “Yeni Klinika” Tibb Mərkəzində baş mühasib kimi çalışır və hal-hazırda 694 manat əmək haqqı alır. Lakin, töhmət almamışdan qabaq maaşı 1600 manat olmuşdur. O, 4 aydır ki töhmət almışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran qızı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediaisya xərci çəkilmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış X1 üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə -qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən onun bildirməsinə görə hazırda töhmət aılması ilə əlaqədar 694 manat, barəsində tənbeh tədbiri olmadığı halda isə aylıq 1600 manat əmək haqqı almasını, iddiaçının aliment tələbinin cavabdehin əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi məbləğində olmasını, hazırda 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran qızının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran qızının xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri qismində Bağırzadə Bahadurzadə Nəzrı̇ n İmran tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar