Məhkəmə qərarları › İş №e-2(007)-1297/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1297/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1297/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2017-ci il təvəllüdlü oğulları X1 üçün xx.xx.2022-ci ildən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması və mediasiya sessiyası üçün 51 manat məbləğində pulun onun xeyrinə olaraq alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə el adəti ilə toy edib, faktiki olaraq xx.xx.2016-cı ildə ailə qurmuşlar. Aralarında olan nikahları isə xx.xx.2016-cı il tarixdə Quba RİHB-nin Yerfi İƏD üzrə Nümayəndəliyində rəsmiləşdirilmişdir. Onunla birgə nikahlarından bir uşaqları olmuşdur: X5 - doğulduğu il: 18 aprel 2017-ci il. Cavabdehlə ailə qurduqdan sonra bir neçə il Bakı şəhərində, qısa müddətlərdə Quba rayonunun Talış kəndində yaşamışlar. Son illərdə isə, yəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək oğulları İmanla birlikdə faktiki olaraq Bakı şəhərində valideynləri ilə birlikdə yaşamışdır. Həmin vaxtlarda cavabdeh Dövlət Sərhəd Xidmətində işə düzəlmək üçün təlimlərdə idi. Təlimlər qurtardıqdan sonra DSX-yə qəbul olundu. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayının 10-na kimi Yevlax şəhərində yaşadılar. xx.xx.2022-ci ildən hal-hazıradək yenidən oğlu İmanla birlikdə Bakı şəhərində valideynlərinin yanında yaşamağa başladı və bütün xərclərini valideynləri qarşılayır. Həmin vaxtdan etibarən hal-hazıradək cavabdeh tərəfindən oğlu İmanın saxlanılması üçün maddi yardım edilməmişdir cəmi 150 (ad günündə 50 və məktəbədək hazırlığa getdikdən sonra 100) manatdan başqa. Dəfələrlə cavabdehdən oğullarının saxlanılması üçün maddi yardım etməsini tələb etsə də, heç bir köməklik göstərməmişdir. 2022-ci ilin iyul ayında cavabdehdən oğullarının maddi cəhətdən saxlanılması üçün maddi köməklik etməsini tələb edəndə isə deyirdi ki, qanunla nə qədər aliment kəsilərsə, onda həmin alimenti ödəyər. Bundan sonra qanunvericiliyə uyğun olaraq bu məsələni mediasiya qaydasında həll etmək qərarına gəldi. xx.xx.2022-ci il tarixdə cavabdehə alimentin ödənilməsi barədə mediasiya təklifi göndərdi. Həmin vaxtdan sonra da xeyli müddət gözlədi ki, bəlkə özü başa düşüb alimenti könüllü qaydada ödəyər. Lakin həmin vaxtdan 6-7 ay keçsə də, cavabdeh aliment ödəməkdən imtina etmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə ilkin Mediasiya sessiyası üçün ərizəni 17 saylı Mediasiya Təşkilatına göndərdi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi və bu barədə ona rəsmi Arayış verildi. Mediasiya xərci olaraq 51 manat pul ödədi. Ona görə də məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh ailəli olduqları vaxtlarda və hal-hazırda da fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onun aylıq qazancı özünün deməsinə görə orta hesab ilə 1000-1200 manat olur. Lakin cavabdeh qazandığı pulları özü üçün xərcləyirdi və bu səbəbdən də aralarında tez-tez narazılıqlar olurdu. Onunla boşanmaq da istəmişdir, lakin cavabdehin xahiş-minnətindən sonra ailəsinin dağılmaması və oğullarının atasız böyüməməsi xatirinə onunla barışmışdır. Ona görə də belə hesab edir ki, Cavabdeh faktiki olaraq fərdi əməklə məşğul olmasını və hər ay orta hesabla 1000-1200 manat məbləğində qazancı olduğunu nəzərə alaraq, ondan iddiaçının xeyrinə olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü oğulları İmanın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək hər ay üçün 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Əlavə olaraq Mediasiya sessiyası üçün ödədiyi 51 manat məbləğində pul da cavabdehdən onun xeyrinə olaraq turulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, qızı və nəvəsi 11 aprel 2022-ci ildən onlarla yaşayır və maddi cəhətdən onların himayəsindədir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 971152 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 02 iyun 2016-cı il tarixdə Quba RİHB-nın Yerli İƏD nümayəndəliyində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvad Səlimova soyadını qəbul etmişdir. - AZ-İİİ seriyalı, 931593 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 aprel 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 mart 2023-cü il tarixli, MŞB/17/2023-00156 saylı arayışdan görünür ki, Cavabdeh 13 mart 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. - 01 avqust 2022-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif”in surətindən görünür ki, İddiaçı birgə nikahdan olan 18 aprel 2017-ci il təvəllüdlü X1 üçün faktiki olaraq ayrıldıqları vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hər ay üçün 300 manat aliment tələb edir. Aliment könüllü olaraq ödənilmədikdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1297/2023 saylı, 17 mart 2023cü il tarixli qərardadının surətindən görünür ki, ərizə qismən təmin edilmiş, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, 18 aprel 2017-ci il təvəllüdlü X1 üçün 16 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Ərizə qalan hissədə təmin edilməməmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “Xidmətçi heyət, kafeteriya” vəzifəsində işləyir. Aylıq əmək haqqısı 350 manatdır. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə İddiaçı 02 iyun 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 18 aprel 2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar, uşaq ananın himayəsindədir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-1297/2023 saylı, 17 mart 2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, 18 aprel 2017-ci il təvəllüdlü X1 üçün 16 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Ərizə qalan hissədə təmin edilməməmişdir. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən 18 aprel 2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci ildən etibarən yetkinlik yaşına çatana qədər hər ay 300 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “Xidmətçi heyət, kafeteriya” vəzifəsində işləyir. Aylıq əmək haqqısı 350 manatdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, onun aylıq pul təminatını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 18 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı aliment tutulması ilə bağlı 01 avqust 2022-ci il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən 01 avqust 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Lakin iddiaçı iddia ərizəsində ödənilmiş 51 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etdiyindən və aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 46.40 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq (17 mart 2023-cü il tarixli qərardad nəzərə alınmaqla) hər ay 220 manat sabit pul məbləğində aliment və 51 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq (17 mart 2023-cü il tarixli qərardad nəzərə alınmaqla) hər ay 220 manat sabit pul məbləğində aliment və 51 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 46.40 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar