Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1347/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək onun, eləcə də, 08 may 2006-cı il tarixdə doğulmuş X1 və 29 may 2007-ci il tarixdə doğulmuş X2 Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən 39/4B saylı evdə yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri, cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuşlar. Həmin vaxtddan da ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 39/4A saylı evdə yaşayırlar. Birgə nikahdan 08 may 2006-cı il tarixdə qızları Lamiyə, 29 may 2007-ci il tarixdə oğulları Muxtarzadə Rəsul dünyaya gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2021-ci ildə nikahları pozulmuş, azyaşlı 2 övladının onunla qalması qət edilmişdir. Nikahları pozulandan sonra Cavabdeh ona qarşı çox aqressivdir. Tələb edir ki, uşaqları da götürüb evdən çıxsın. Fevralın 1-dən 2-ə keçən gecə saat 2 radələrində cavabdeh qışqıraraq onları yuxudan oyatmış və evi tərk etmələrini tələb etmişdir, ev əşyalarını vurub dağıtmış, şüşə qabları sındırmışdır. Evi tərk etməsələr, ona xəsarətlər yetirəcəyi ilə hədələmişdir. Çıxılmaz vəziyyətə düşdüyü üçün polis orqanlarına müraciət etməli olmuşdur. Orada isə bildirdilər ki, yaşayış sahəsinə dair hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etsin. Artıq 17 il yaşadıqları ünvandakı yaşayış evi 2005-ci ildə inşa edilmiş və həmin vaxtdan da oraya gəlin gələrək yaşamışlar. Həmin ev özbaşına tikilsə də, xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İradəsi tərəfindən evin qiymətləndirilməsinə dair hesabat tərtib edilərək 209-bəl. sayı altında qeydiyyatı aparılmışdır. Ramin Muxtarov tərəfindən onun və övladlarının sözü gedən mənzildə yaşamasına etiraz olunur və maneələr yaradılır. Mübahisənin həlli ilə bağlı Mediasiya üçün müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddaçı İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəni dəqiqləşdirmək istəyir. Belə ki, iddia ərizəsində ərə gələndən cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən 9/4A saylı evdə yaşadığını bildirmişdir. Halbuki, həmin ünvanda yerləşən ev qayınatası Marif Muxtarova məxsusdur və ilk vaxtlar həmin mənzildə yaşasa da, sonradan birgə nikah dövründə inşa etdikləri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən, dövlət Reyestr Xidmətində sənədsiz ev kimi qeyd olunmuş 9/4B saylı evdə yaşamışlar. Məsələ burasındadır ki, o, adətləri üzrə xx.xx.2004-cü il tarixdə (bu barədə toy zamanı çəkilmiş fotoşəkilləri təqdim edir) toy etməklə cavabdehlə ailə qursa da, rəsmi nikahları artıq o, hamilə olarkən, 1 il sonra, xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. Ərə gələrkən həyat yoldaşi ilə yaşamaqları üçün ayrı ev olmadığından həyat yoldaşının valideynləri tərəfindən məsləhət bilinmişdir ki, ilk vaxtlar onlara məxsus evdə yaşasınlar və valideynləri cehiz əvəzinə onlar üçün tikiləcək evin inşasına köməklik etsinlər. Beləliklə, faktiki olaraq ailə kimi xx.xx.2004-cü il tarixdən birgə yaşamışlar və evin tikilməsinə sərf edilmiş təxminən 30 min manatın yarısı onların tərəfindən sərf edilmişdir. Nikahları xx.xx.2005-ci il tarixdə rəsmi qeyd edildikdən sonra da evin tikilməsi və təmiri davam etdirilmiş, əlavə olaraq kombi sisteminin qurulmasına, divar kağızlarının alınmasına və daha sonra dəyişdirilməsinə, döşəmələrin parketlənməsinə 10000 manat da əlavə vəsait xərclənmişdir. Qeyd edilənlərə əsasən iddia ərizənə edilmiş əlavələr nəzərə alınmaqla onu təmin edib, onun, eləcə də, 08 may 2006-cı il tarixdə doğulmuş X1 və 29 may 2007-ci il tarixdə doğulmuş X2 Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən 9/4B saylı evdə yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri, cavabdehdən rüsum kimi ödənilmiş 50 (əlli) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli mənzildə faktiki olaraq 2005-ci il tarixindən yaşamışdır. Cavabdeh iddiaçıya onunla boşandığı üçün artıq onunla bir evdə yaşamaq istəmədiyini bildirmiş və onun mübahisəli evdə yaşamasına maneəçilik törədir. İddiaçı gəlin köçdüyü zaman cehiz aparmamışdır. Belə ki, iddiaçının ailəsi cavabdehə cehizin əvəzinə evin təmir xərclərinin ödənilməsində kömək edəcəklərini bildirmişlər. İddiaçının ailəsi ev təmir edildiyi zaman pul vermişdir. Həmçinin, iddia ərizəsində mübahisələndirilən evin nömrəsi 9/4B kimi göstərilsə də, məhkəmədən evin nömrəsinin 39/4B kimi nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 23 may 2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, iddiaçı onun baldızının gəlinidir, tərəflərlə münasibətləri yaxşıdır. O, 2000-ci ildə ailə həyatı qurub, bu nəsilə gəlin gəlmişdir. İddiaçı isə 2004-cü il tarixində gəlin gəlmişdir. İddiaçı gəlin gəldiyi evin həyətində yeni bir ev tikilmişdi. İddiaçı mübahisə predmeti olan evi təmir etdirib evə köçmüşdür. İddiaçının özündən eşitmişdir ki, mübahisəli evin təmiri üçün iddiaçının anasıgil köməklik etmişdir. Tərəflər bir-birlərini sevib evlənmişlər. O, iddiaçı ilə qapı qonşudur. İddiaçı özü işləyirdi, evin təmir etdirilməsində iddiaçının anası və bacıları köməklik etmişlər. 23 may 2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təxminən 15 il bundan qabaq iddiaçı öz həyat yoldaşı ilə gəlib onun işlətdiyi dükandan oboy, alçıpan, kombi sistemi almışdır. Aldıqları malların dəyəri 15000 manat olardı. Malları nisyə aldıqları üçün Adil müəllim zamin olmuşdur. 23 may 2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. Qızı cavabdehlə 2004-cü ildə evlənmiş, 2007-ci ildə isə hazırkı mübahisələndirilən evi tikmişlər. Qızı evlənərlən ondan cehiz istəmədi, əvəzində ona pul verilməsini istədi ki, evi tiksinlər. O, özü həmişə “lotoreya” oynamışdır. 2000 manat, 3000 manat pul vermiş, evin daşın, qumun, sementin almış, evin tikintisinə artıqlaması ilə köməklik göstərmişdir. Ev tam tikilib, amma pilləkənlər hazır deyil. Qızı evin tikintisində çox əziyyət çəkmiş, həmçinin himayəsində iki uşağı vardır. Hazırda qızı mübahisələndirilən evdə yaşasa da, cavabdeh qızına evdə yaşamağa maneəçilik törədir. Qızı cavabdehlə 2004-cü ildə evlənsə də, nikahlarının rəsmiləşdirilməsi bir müddət sonra olmuşdur. 23 may 2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçı mübahisəli evə oğlunun iki yaşı olanda köçmüşdür. Evin sadəcə boş divarları var idi. Pilləkən belə yox idi. Cavabdeh gəlib evə pilləkən düzəltmək istədiyini dedi, valideynləri pul verdilər ki, evə pilləkən düzəldilsin, evə daxil olmaq mümkün olsun. Ev 3 ilə tikildi. Anasının “lotoreya” pulu, kredit götürdüyü pulla ev tikilmişdir. Məhkəmə ididaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ № seriyalı 861256 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 08 may 2006-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - AZ-İİ № seriyalı 001847 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 29 may 2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3326/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 avqust 2005-ci il tarixdə bağlanmış və 574 №-si ilə qeyd edilmiş nikahın pozulması, 08 may 2006-cı il təvəllüdlü X6 və 29 may 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanması, Cavabdeh 08 may 2006-cı il təvəllüdlü X6 və 29 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 17 iyul 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutuması qət edilmişdir. - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə” dair hesabatından görünür ki, M.Ağayev küçəsi ev 39/4b ünvanında yerləşən özbaşına tikili Cavabdeh məxsusudur. Obyektin inventar dəyəri 42259,139 manatdır. - Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarından görünür ki, vətəndaş İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət və yaxud inzibati xəta tərkibi yaradacaq səbəb və əsas müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəməyə xx.xx.2004-cü il tarixdə keçirilmiş toy mərasiminin fotoşəkilləri təqdim edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh X9 faktiki olaraq xx.xx.2004-cü il tarixdə evlənsələr də, nikahları rəsmi olaraq 16 avqust 2005-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Daha sonra isə M.Ağayev küçəsi ev 39/4b ünvanında yerləşən evə köçərək cavabdehlə birgə təsərrüfat aparmış, onun cavabdeh X9 ilə birgə nikahından 08 may 2006-cı il tarixdə Lamiyə və 29 may 2007-ci il tarixdə Rəsul adlı iki uşaqları anadan olmuşdur. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçıya uşaqları ilə birlikdə həmin evdən yaşamasına maneəçilik yaradır. İşin müəyyən edilmiş digər hallarına əsasən iddiaçının yaşadığı mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, cavabdehin sahinliyindədir. İddiaçı hazırkı tələbində həmin evə istifadə hüququnun tanınması, uşaqları ilə birlikdə evə köçürülməsini xahiş edir. Məhkəmə hazırki mübahisəyə hüququn tətbiqi ilə bağlı qeyd edir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan mübahisəyə qanunun analogiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, Mülki Məcəllənin özbaşına tikili ilə bağlı normaları (180-ci maddə) hazırki münasibətləri tənzimləmir. Həmin norma özbaşına tikiliyə anlayış verməklə (180.1-ci maddə), özbaşına tikilini aparmış şəxsin ona mülkiyyət hüququnun və ona dair sərəncam vermək hüququnun olmaması (maddə 180.2-ci maddə), özbaşına tikiliyə mülkiyyət hüququnu tanınması (180.3-cü maddə) və özbaşına tikilinin sökülməsi (180.4-cü maddə) barədə münasibətləri tənzimləyir. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Məhkəmə vurğulayır ki, özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Belə ki, məhkəmə, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi ev 39/4b saylı evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyətində deyil, məhz faktiki sahibliyində olduğunu, eləcə də, ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institutunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə bu və ya digər şəxsin istifadəsində və ya icarəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən qanunvericilik aktına istinad edilməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (Köhnə Mənzil Məcəlləsinin) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin, baxılan işin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Nəticədə, mübahisəli evin mülkiyyətçisi olmadığından hazırki mübahisənin həllində Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinin göstərişlərinin tətbiq edilməsi mümkün deyil. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Baxılan işdə iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli evə köçmüş və onların ailə üzvü kimi 17 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Tərəflər arasında olan nikah pozulsa da, istinad edilən normanın məzmununa əsasən yaşayış sahəsinə köçürülmüş şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu sübut etməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 17 ildir ki, mübahisəli evdə yaşayır, o cavabdehlə bilikdə həmin evdə yaşamaqla onunla birlikdə birgə təsərrüfat aparmış, maddi vəsait sərf etməklə evin tikinti və təmirində yaxından iştirak etmiş, evdə təmir-tikinti işləri tərəflər faktiki olaraq birgə təsərrüfat apardıqları zaman həyata keçirilmişdir. İddiaçı mübahisə predmeti olan evdə daimi əsaslarla yaşamış, həmçinin iddiaçının hazırda mülkiyyətində və ya qanuni istifadəsində onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsi yoxdur. Belə olan halda, iddiaçı, hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 39/4b saylı fərdi yaşayış evindən cavabdehlə birlikdə yararlanaraq, orada yaşaması üçün həmin evə köçürülməlidir. Məhkəmə uşaqların da iddiaçı ilə birlikdə mübahisəli evə köçürülməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçı həmin evə köçürülməsi qərara alındığından və onun yetkinlik yaşına çatmamış uşaqları iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli ev özbaşına tikili olub heç bir hüquqi sənədi olmadığı üçün iddia tələbi “istifadə hüququnun tanınması” hissəsində təmin ediməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 08 may 2006-cı il təvəllüdlü X6 və 29 may 2007-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yerləşən 39/4B saylı evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 08 may 2006-cı il təvəllüdlü X6 və 29 may 2007-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yerləşən 39/4B saylı evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1347/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1347/2022
20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver