Məhkəmə qərarları › İş №e-2(007)-162/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-162/2024

26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-162/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və əlavə xərc” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və əlavə xərc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında 06 yanvar 2009-ci il tarixində İsmayıllı rayonu, Ruşan İƏB-sü üzrə nümayəndəliyində qeydiyyata alınmış rəsmi nikahın pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş 29 noyabr 2010-cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il X1 onun yanında (himayəsində) qalması, uşaqlar 18 yaşına çatana qədər usaqların saxlanılması üçün cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması və cavabdehdən X1 xəstəliyinin müalicəsi üçün əlavə xərclərdə iştirakı üçün hər ay 300 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, uşaqların saxlanılması üçün cavabdehin əmək haqqının 1/3 hissəsi, həm də hər uşaq üçün əlavə 130 manat sabit pul məbləğində alimentin tutulması və digər iddia tələblərinin təmin edilməsini xahiş etdi.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 06 yanvar 2009ci il tarixində İsmayıllı rayonu, Ruşan İƏB-sü üzrə nümayəndəliyində qeydiyyata alınmaqla rəsmi nikah bağlanıb. Birgə nikahlarından 29 noyabr 2010-cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il X5 doğulub. Nikahın pozulması barədə ərizə verməyinin səbəbi cavabdehlə xasiyyətinin tutmamasıdır. Aralarında olan ailə münasibətlərinin bərpa olunması mümkün deyil. Övladları onun himayəsindədir, hesab edir ki, cavabdehdən hər ay usaqlar üçün qazancın (başqa gəlirlərin) 1/3 hissəsi tutulmalıdır. Övladlarından biri X5 birinci dərəcəli əlildir, serebral İflicdir (Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, kvadroplegik serebral iflic, spastik tetraplegiya, yuxarı və aşağıətrafların iflici, aktiv hərəkət məhdudluğu). Cavabdeh mediasiya sessiyasında iştirak etməyib. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəyib (mediasiya prosesinə dair arayış və mediasiya xərcinin ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilir).

İş materialları:

4. AZ-İ seriyalı, 438110 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında İsmayıllı rayonu Ruşan İcra Nümayəndəliyində 06 yanvar 2009cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Ərə Feyziyev, arvada Feyziyeva soyadı verilmişdir.

5. AZ-İİ seriyalı, 577115 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 noyabr 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.

6. AZ-İİİ seriyalı, 041308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 yanvar 2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.

7. “Mediasiya Şurası” Bakı 12 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/12/2023/00568 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

8. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

9. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli 5-16/1-1546/2023 saylı rəyindən görünür ki, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya rəy şərh olunanları, habelə yetkinlik yaşına çatmayanın fikrini nəzərə alaraq, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun sayır və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-237367/2023 saylı məktubundan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialdan 200 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin təqaüdü və 270 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinət ödənilir. Həmçinin, X1 anası İddiaçı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 31364/2-15920/2023 saylı məlumatından görünür ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh hesablanan aylıq təmaninat xərcliyindən bütün tutulmalar tutulduqdan sonra 587,12 manat əməkhaqqı alır.

Tərəflərin izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ananı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdehin əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqların ananın yanında qalması ilə bağlı Qəyyumluq və Himayəçilik üzrə Komissiya tərəfindən rəy verilmişdir.

13. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edib, izahat verərək bildirdi ki, o, boşanmağa razıdır. 15 yanvar 2013-cü il təvəllüdlü Elgün Feziyevin onun yanında saxlanılmasını xahiş edir. Hər iki uşaq ananın yanında saxlanılarsa hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödədəyə bilər.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

18. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı:

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı:

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

İşin faktiki halı:

22. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 06 yanvar 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 29 noyabr 2010-cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur.

23. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin ailə münasibətlərini bərpa etmələri mümkün deyildir, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Tərəflərin ailə münasibətləri pozulmuş, nikahları formal xarakter daşıyır. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. Birgə nikahdan anadan olmuş 29 noyabr 2010-cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il təvəllüdlü X5 İddiaçı himayəsindədir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

25. Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia nikahın pozulması hissəsində təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır.

26. Həmçinin ailə qanunvericiliyinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir.

27. Belə olan halda, məhkəmə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə yetkinlik yaşına çatmayan uşaqların hazırda anasının yanında olmasını, onların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğu, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli 5-16/1-1546/2023 saylı rəyini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 29 noyabr 2010cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 anaları, İddiaçı yanında qalmalıdır.

28. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

29. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

30. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

31. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları üçün cavabdehdən iddiaçının tələbinə əsasən aliment tutulmalıdır. Hazırda iddiaçı aliment məbləğini cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və eyni zamanda sabit pul məbləğində hər ay hər uşaq üçün 130 manat məhkəmədən tələb edir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Ağsu Rayon Plis Şöbəsinin əməkdaşıdır və aylıq əmək haqqı məbləği bütün tutulmalardan sonra 587,12 manat təşkil edir. Hazırda 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmiş və cavabdehdən əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularsa həmin məbləğ yaşayış minimumundan aşağı olacaqdır. Lakin, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşı, onların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, işin faktiki hallarını, nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləği cavabdehin hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında olması ilə yanaşı sabit hər uşaq üçün 130 manat da əlavə aliment müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29 noyabr 2010-cu il təvəllüdlü X4 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay Cavabdeh əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir.

32. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 17 iyul 2023-cü il tarixdən hesablanmalıdır.

33. Məhkəmə iddia tələbinin “əlаvə хərclərə görə 300 mаnаt vəsаitin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən X5 müddətsiz birinci qrup əlildir. Ona “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici Kvadroplegik serebral iflic. Spastik tetraplegiya. Yuzarı və aşağı ətrafların iflici, aktiv hərəkət məhdudluğu” diqnozu qoyulmuşdur. İş materiallarına uşağın müayinə olunması ilə bağlı sənədlər əlavə olunsa da, onun xəstəliyi ilə bağlı çəkilmiş xərclərə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-237367/2023 saylı məktubundan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialdan 200 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin təqaüdü və 270 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinət ödənilir. Həmçinin, X1 anası İddiaçı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “əlаvə хərclərə görə 300 mаnаt vəsаitin tutulması” hissəsində təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur.

Nəticə:

35. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 06 yanvar 2009-cu il tarixdə İsmayıllı rayonu Ruşan İcra Nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından 29 noyabr 2010-cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalı, Cavabdeh 29 noyabr 2010-cu il təvəllüdlü X4 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.

37. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 06 yanvar 2009-cu il tarixdə İsmayıllı rayonu Ruşan İcra Nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 29 noyabr 2010-cu il təvəllüdlü X6 və 15 yanvar 2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh 29 noyabr 2010-cu il təvəllüdlü X4 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar