Məhkəmə qərarları › İş №e-2(007)-1664/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1664/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1664/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 19 yanvar 2023-cü il tarixdə barəmdə yalan olduğunu bildiyi halda Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nə böhtan xarakterli şikayət etməklə nəticədə bu əməli ilə ona mənəvi zərər vuran Cavabdeh vurduğu mənəvi zərərin qarşılığı olaraq 900 (doqquz yüz) manat pul məbləğinin onun xeyirinə tutulması haqqında əsaslı və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səsləndirdiyi həqiqətəuyğun olmayan böhtan və təhqir xarakterli ifadələr nəticəsində ona vurduğu mənəvi zərərin qarşılığı olaraq Cavabdeh 500 (beş yüz) manat təzminat məbləğinin onun xeyirinə tutulması haqqında, barəsində Azərbaycan Respublikasının DİN-in 102 Məlumat Mərkəzinə məlumat verməklə Kürdəmir RPŞ-nə böhtan xarakterli şikayət ərizəsi ilə müraciət edən cavabdeh X1 qeyd olunan əməlinin nəticəsində ona vurduğu mənəvi zərərə görə 500 (beş yüz) manat təzminat məbləğinin tutulması haqqında qanuni, əsaslı və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş iddiaçının ərizəsinə əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli e-2(007)-445/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx.2023-cu il tarixdə yenidən yuxarıda göstərilən iddia ilə məhkəməyə müraicət etmiş, xx.xx.2023-cü il tarixdə iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli e-2(007)-1228/2023 saylı qərardadı mülki işin icraatına xitam verilmiş və iddiaçıya izah olunmuşdur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Hazırda isə iddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nə böhtan xarakterli şikayət etməklə nəticədə bu əməli ilə ona mənəvi zərər vurduğunu qeyd edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən işlər üzrə cavabdehə qarşı qaldırılmış iddialar ilə hazırkı iddia eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iddiadır. Belə ki, e- 2(007)-1228/2023 saylı iş üzrə iddiada iddiaçı Cavabdeh yardım və dəstək göstərdiyini, bundan sonra isə aralarındakı münasibətlərin pozulması nəticəsində Cavabdeh tərəfindən Abşeron RPİ-nə, atası X3 tərəfindən isə Kürdəmir RPŞ-nə böhtan xarakterli şikayət ərizələri ilə müraciət edildiyini, və s. hallar qeyd edərək, iddiasını əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh qarşı qaldırılmış hazırkı iddia, e-2(007)-1228/2023 saylı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iddiadır və həmin iş üzrə məhkəmə qərardadı əsasən icraata xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı oğlunun hazırkı iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduğundan ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in: 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar