Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-176/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə, “ödənilməmiş əmək haqqının, son haqqhesabın və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işəgötürən "xxxx" MMC (bundan sonra “Cavabdeh” adlandırılacaq) ilə İddiaçı (bundan sonra ”İddiaçı” adlandırılacaq) 04 yanvar 2019-cu il tarixdə Əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı aylıq vergilər və digər ödənişlər çıxıldıqdan sonra 1385.12 (bir min üç yüz səksən beş manat on iki qəpik) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə “Baş aşbaz” vəzifəsinə işə qəbul etmişdir. 01 iyul 2022-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqavilənə xitam verilmiş və əmrdə də qeyd olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq son haqq-hesabı verilsin. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməyinə baxmayaraq İşəgötürən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günə qədər 2022-ci ilin mart ayı üçün 1385.12 (bir min üç yüz səksən beş manat on iki qəpik) manat əmək haqqını və son haqq-hesab 5949 manat pul əvəzini ödəyəcəyini bildirsə də heç bir ödəniş ödəməmişdir. Bununla bağlı X1 28 mart 2023-cü il tarixli, 3-17-5/2-K-9563/2023 nömrəli məktubuna əsasən "xxxx" MMC barəsində xx.xx.2023 tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəra qəbul edilmiş və müvafiq məsələlərin məhkəmə qaydasında həll olunması tövsiyə olunmuşdur. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddət ərzində xəbərdarlıqlara baxmayaraq Cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində İddiaçı vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, Cavabdeh məhsul istehsalı və satışı, eyni zamanda tikinti, yenidən qurma və quraşdırma fəaliyyəti ilə məşğul olduğu üçün həmin dövrlərdə Cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. İşlədiyi müddət ərzində aylar üzrə gecikmiş əmək haqqı, gecikmə günləri, gecikməyə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış 1% ödənişin məbləği və s. barədə məlumatlar aşağıdakı cədvəldə öz əksini tapmışdır. İşlədiyi müddət ərzində cavabdeh tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən (imperativ norma) əsasən hesablanmış 26500.49 (iyirmi altı min beş yüz manat qırx doqquz qəpik) manat ödənişi də Cavabdeh tərəfindən ödənilməlidir. Əlavə olaraq bildirir ki, 20 iyun 2023cü il tarixdə (qəbzi əlavə olunur) “Cavabdeh”-ə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, qanunvericiliklə müəyyən olunmuş 10 iş günü gözlənilmiş, 13 iyul 2023-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə verilmişdir. Mediasiya haqqında qanuna əsasən, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatının mediatoru Mirzəbəyov Zaur tərəfindən keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Mediasiya xərci İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Mediasiya arayışı qoşmaya əlavə olunmuşdur. Göstərilənlərə əsasən, 2022-ci ilin mart ayı üçün 1385.12 (bir min üç yüz səksən beş manat on iki qəpik) manat məbləğində əmək haqqının, 01 iyul 2022-ci il tarixə müəyyən edilmiş 5949 (beş min doqquz yüz qırx doqquz manat) manat son haqq-hesab olan pul əvəzinin, işlədiyi müddətdə ərzində Cavabdeh tərəfindən əmək haqqının və son haqqhesabın ödənilməsində onun təqsiri üzündən gecikmələrinin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesablanmış günlük 1%, cəmi 26500.49 (iyirmi altı min beş yüz manat qırx doqquz qəpik) manat ödənişin, mediasiya xidmətinə müraciət olunması üçün 50 (əlli) manat dövlət rüsumunun, hüquqi yardım xidmətinə müraciət olunması üçün 400 (dörd yüz) manat ödənişin, cəmi 34284.61 (otuz dörd min iki yüz səksən dörd manat altmış bir qəpik) manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, əlavə olaraq izahatlarında bildirmişdir ki, onunla əmək müqaviləsinə xitam verilmiş lakin əmək haqqı ödənilməmişdir. Məhkəmə mübahisəsinin gedişində cavabdeh tərəf ona zəng edərək razılıq üçün dəvət etmişdir. Lakin sonra ona, heç nə verməyəcəklərini bildirmişlər. Cavabdeh tərəfindən digər aylar üzrə ödənişlər edilmiş, lakin mart ayı üzrə ödənilməmiş əmək haqqı və son haqqhesab məbləği ona verilməmişdir. O həmin məbləği tələb edir. Buna görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatlarında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu ildə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə 1385.12 manat aylıq əmək haqqı nəzərdə tutulmuşdur. İddiaçı ilə əmək müqaviləsinə 01 iyul 2022-ci ildə xitam verilmiş, lakin dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Mübahisənin davam etdiyi dövrdə digər aylar üzrə əmək haqqı ödənilsə də, mart ayı üzrə əməkhaqqı və son haqq-hesab iddiaçıya ödənilməmiş qalmışdır. Məhkəməyə ödəniş ilə bağlı cədvəl təqdim olunsa da, həmin cədvəldə göstərilən məbləğlərin bank hesabına köçürülməsi sübuta yetmir. Bundan başqa iddiaçının bank hesabından həmin ödənişlər görünmür. Həmçinin cavabdeh məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi üçün tələb edilən sənədləri verməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb məməhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə həmin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 04 yanvar 2019-cu il tarixli əmək müqaviləsindən və əmək müqaviləsinə əlavənin kserosurətindən görünür ki, İddiaçı həmin tarixdən müəssisədə baş aşpaz vəzifəsinə işə qəbul edilmişdir. - “Sosial arayış” elektron sistemindən əldə edilmiş məlumatla müəyyən olunur ki, Cavabdeh MMC-də işləyən İddiaçı 2022-ci ilin yanvar-aprel ayları üzrə 1567 manat əmək haqqı hesablanmışdır. - X2 Xidmətinin Bakı Şəhər İdarəsinin 3-17-5/1-K-424/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X2 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Qeyd edilmişdir ki, müraciətlərin araşdırılması ilə əlaqədar tərəflərindən Cavabdeh MMC-nin ünvanına ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə 3- 17-5/2-1218/2023 nömrəli, xx.xx.2023 tarixli məktub (SS819290690AZ) göndərilmiş, məktub müəssisənin ünvanına çatdırılsa da, lakin sənədlər təqdim olunmamışdır. Araşdırma zamanı tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən onunla "Körpü Tunel Tikinti” MMCnin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsaslanmaqla xx.xx.2022-ci il tarixində qüvvədən düşdüyü məlum olmuşdur. Nəzərinə çatdırılmışdır ki, son haqq-hesabının ödənilməməsi səbəbindən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanması ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə) əsasən xx.xx.2023-cü il tarixli, MN 14 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin eyni maddə xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci ilin oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlanılan xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00712 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. - Hüquqi yardım göstərilməsi haqqında 245 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən və eyni tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ilə Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Vəkil arasında əmək münasibətlərindən irəli gələn pul tələbi ilə əlaqədar hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış, xidmət haqqı 400 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən vəkilin hesabına ödənilmişdir. - Məhkəməyə bank hesabından əmək haqqı barədə çıxarışlar təqdim edilmişdir. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş X2 Xidmətinin 3-17-5/2-21559/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar (İşəgötürən- Cavabdeh MMC, bildiriş nömrəsi- xxxxxxx000103, işçi-İddiaçı, müqavilənin başlanğıc tarixi- xx.xx.2019-cu il, iş yeri-əsas, əlavə edilmə tarixi- xx.xx.2019, xitam tarixi- xx.xx.2022, xitam əmrinin tarixixx.xx.2022, xitam maddəsi- 68.2 “a”, aylıq əmək haqqı- 1567 manat), məhkəməyə təqdim edilmişdir, müraciətin İddiaçı hesablanmış və ödənilmiş əmək haqqı barədə hissəsi cavablandırılması üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir, tələb olunan digər sənədlər X2 Xidmətində mövcud deyil. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1/2-95435/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 2022-ci ilin yanvar-iyun ayları üzrə 1567 manat əmək haqqı hesablanmış, lakin tutulmalarla bağlı hansısa əməliyyat aparılmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müqavilə bağlayaraq həmin müəssisədə baş aşpaz vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iddiaçıya son haqq-hesab və əmək haqqı ödənilmədiyindən sonuncu iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “d” bəndinə əsasən Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzanlanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.5-ci maddəsinə əsasən İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənişlərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-cü maddəsinə əsasən əmək haqqı, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.5-ci maddəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməlidir. Bu hal mübahisə yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam məsuliyyət daşıyır. 197-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci naddəsinin “d” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 294-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulması aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iddiaçıya son haqqhesab və əmək haqqı ödənilməmişdir. İddia tələbinin “2022-ci ilin mart ayı üçün 1385,12 manat məbləğində əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışlarla müəyyən olunur ki, işçi İddiaçı 1567 manat əmək haqqı hesablanmış, müvafiq sosial ödənişlər (tutulmalar) aparıldıqdan sonra hesabına sonuncunun hesabına 1385,12 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı ona digər aylar üzrə ödəniş edildiyini və yalnız 2022-ci ilin mart ayı üzrə əmək haqqının ödənilmədiyini qeyd etmiş, həmin hal hesabdan çıxarış məlumatları və məhkəmənin sorğusu əsasında əldə edilmiş çıxarışlarla sübuta yetirilmişdir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, iddiaçının dəlillərinin əksini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər yandan, məhkəmə bu yerdə də qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh tərəfindən pul vəsaitinin hansı həcmdə ödənilib-ödənilmədiyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qanunvericiliyin tələbinə əsasən müvafiq sübutların ekspertizaya təqdim edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, bununla bağlı Cavabdeh MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılaraq vəsatətdə göstərilən hallar MMC-nin diqqətinə çatdırılmış, lakin cavabdeh tərəf müvafiq sübutlarını ekspertizaya təqdim etmədiyindən müvafiq olaraq ekspertiza aparılmasından imtina edilmişdir. Yuxarıda qeyd olunan halları və işdə olan sübutları qiymətləndirərək, məhkəmə iddia tələbinin “01 iyul 2022-ci il tarixə müəyyən edilmiş 5949 manat son haqq-hesab olan pul əvəzinin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hesabdan çıxarışlarla, o cümlədən X2 Xidmətinin Bakı Şəhər İdarəsinin 3-17-5/1-K-424/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X2 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmış, son haqq-hesabının ödənilməməsi səbəbindən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanması ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə) əsasən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar edilmişdir. Göründüyü kimi, iddiaçıya sözügedən son haqq-hesabın ödənilməməsi də işin mübahisəsiz halıdır, buna görə də iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin “işlədiyi müddət ərzində cavabdeh tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış günlük 1%, cəmi 26500,49 manat ödənişin tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında qeyd etmişdir ki, “...Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. ... Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər... Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014cü il 28 yanvar tarixli Qərarı). İddiaçının tələbinin həmin hissəsindən müəyyən olunur ki, o, tələb etdiyi məbləğin hesablanması zamanı 2022-ci ilin mart ayı üçün əmək haqqının verilməli olduğu xx.xx.2022-ci il tarixdən etibarən gecikmə günlərini 410 gün, əmək haqqının miqdarının (tutulmalardan sonra) 1385,12 manat olmasını nəzərə almaqla, gecikməyə görə 1%-lə hesablanmış məbləği 5678,99 manat ((1385,12:100)x1%)x410gün) olaraq müəyyənləşdirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Bundan başqa, tələbinin həmin hissəsində iddiaçı xx.xx.2022-ci ilə tarixə ödənilməli son-haqq hesab məbləğinin (5949 manat) 350 gün gecikmə gününə münasibətdə hesablamasını aparmaqla, 20821,5 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhz həmin hissədə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Çünki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyində son haqq-hesab dedikdə, 1) istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, 2) işçiyə ödənilməli olan əmək haqqı və 3) digər ödəmələr nəzərdə tutulduğu halda, iddiaçının həmin 20821,5 manat pul vəsaitini tələb etməsinə istinad etdiyi əsas Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsidir, hansı ki, həmin maddədə də əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə ödənişlərin məcmusu halında son haqq-hesabın deyil, məhz əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməli, tutulmalı olan vəsaitin həcmi həmin hissədə son haqq-hesab məbləği olan 5949 manata münasibətdə deyil, yalnız son haqq-hesaba daxil olan aylıq əmək haqqı- 1385,12 manata nəzərən, 350 gecikmə günü nəzərə alınmaqla hesablanmalı, cavabdehdən 4847,92 manat ((1385,12:100)x1%)x350gün) pul tutulmalı, ümumilikdə isə iddia tələbinin “işlədiyi müddət ərzində cavabdeh tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış günlük 1%, cəmi 26500,49 manat ödənişin tutulması” hissəsi qismən təmin edilməli, cavabdehdən gecikdirilmiş vaxt üçün (5678,99 manat + 4847,92 manat) cəmi 10526,91 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşdə olan sübutlardan görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və 400 manat xidmət haqqı ödəmişdir, o cümlədən mediasiya xərci qismində 50 manat mediasiya xərci ödəmişdir, buna görə də iddia tələbi “hüquqi yardım xidmətinə görə 400 manat pulun və 50 manat mediasiya xərcinin tutulması” hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC iddianın əsassızlığı ilə bağlı halları sübut edə bilməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, iddiaçının iddia tələbində göstərdikləri isə işdə olan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2022-ci ilin mart ayı üzrə ödənilməmiş 1385.12 manat məbləğində əmək haqqı, 01 iyul 2022-ci il tarixə müəyyən edilmiş 5949 manat məbləğində son haqq-hesab, cavabdehin təqsiri üzündən gecikmələrin baş verməsinə görə cəmi 10526.91 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iş üzrə mediasiya xidmətinə müraciət olunması üçün ödənilmiş 50 manat mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 400 manat xidmət haqqı Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı isə dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan və iddiaçının ödəməkdən azad edildiyi 125 manat pul vəsaitindən 50 manat mediasiya xərci çıxılmaqla, ödənilməli olan 75 manat (125-50) dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2022-ci ilin mart ayı üzrə ödənilməmiş 1385.12 manat məbləğində əmək haqqı, 01 iyul 2022-ci il tarixə müəyyən edilmiş 5949 manat məbləğində son haqq-hesab, cavabdehin təqsiri üzündən gecikmələrin baş verməsinə görə 10526.91 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İş üzrə mediasiya xidmətinə müraciət olunması üçün ödənilmiş 50 manat mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 400 manat xidmət haqqı Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat hissəsi Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-176/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-176/2024
07.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver