Məhkəmə qərarları › İş №e-2(007)-1841/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1841/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1841/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci il buraxılışlı, gümüşü metalik rəngli, ** FA *** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı avtomobil üzərində paylar müəyyən edilməklə bölünməsi, 2007-ci il buraxılışlı, qara rəngli, ** FA *** dövlət nömrə nişanlı, “Toyota Prius” minik markalı avtomobil üzərində paylar müəyyən edilməklə bölünməsi, ünvan 1 ünvanında yerləşən, 90.9 kv.metr sahəsi olan mənzil üzərində paylar müəyyən edilməklə bölünməsi, 6000 (altı min) dollar dəyərində tibbi avadanlığın üzərində paylar müəyyən edilməklə bölünməsi, atasından vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.89 kv.metr olan mənzilin satışından əldə etdiyi pulu 55000 ABŞ dolları puldan Cavabdeh tərəfindən götürülmüş 27000 ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 2008-ci il buraxılışlı, gümüşü metalik rəngli, ** FA *** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı avtomobil üzərində paylar müəyyən edilməklə bölünməsi, 2007-ci il buraxılışlı, qara rəngli, ** FA *** dövlət nömrə nişanlı, “Toyota Prius” minik markalı avtomobil üzərində paylar müəyyən edilməklə bölünməsi, ünvan 1 ünvanında yerləşən, 90.9 kv.metr sahəsi olan mənzil üzərində paylar müəyyən edilməklə bölünməsi, atasından vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.89 kv.metr olan mənzilin satışından əldə etdiyi pulu 55000 ABŞ dolları puldan Cavabdeh tərəfindən götürülmüş 27000 ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, arvadı Cavabdeh ilə bir neçə aydır ki, ailə münasibətləri pozulmuşdur. Belə ki, normal ailə münasibətlərində yaşadıqları halda əsassız olaraq Nailə boşanmaq fikrinə düşdü. Hazırda onun iddia tələbi ilə aralarında olan nikahın pozulması, onun mülkiyyətində olan əmlaklarının birgə mülkiyyətləri hesab edilərək bərabər bölünməsi barədə Nizami Rayon Məhkəməsi tərəfindən 2(007)-206/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. Sözügedən məhkəmə prosesində cəmi bir dəfə iştirak etmiş və nikahın pozulmasına qəti etiraz etmişdir, boşanmaq istəməmişdir. Sonuncu prosesdən əvvəl Nailə ilə razılığa gəldilər ki, ərizəsini geri götürsün və onlar qalan problemli məsələləri öz aralarında həll edərlər. Lakin o, belə etmədi və məhkəmənin məlum qətnaməsi qəbul edildi. Məhkəmənin qətnaməsində əmlaklarla bağlı hissədə yalnız onun mülkiyyətində olan əmlaklar qeyd olunmuş, Cavabdeh adında olan əmlaklar isə nəzərə alınmamışdır. Qeyd edir ki, o və arvadı Cavabdeh ixtisasca iqtisadçıdırlar. Ailə qurduqları gündən onun işləməsinə (əmək fəaliyyəti ilə məşğul olmasına) heç vaxt razı olmamışdır. Ailədə o, tək işləmiş və bu günə qədər əldə etdikləri həm öz adında, həm də Nailənin adında olan əmlakları onun qazancı əsasında formalaşmışdır. Ailə qurduqları vaxtdan ötən dövr ərzində Nailənin heç bir problemi olmamış, bütün ehtiyacları tərəfindən qarşılanmış, bir sözlə o, ər kimi üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Lakin qarşılığında Nailə ailənin dağılmasına qərar vermişdir. Beləliklə birgə nikah dövründə aldığı iki ədəd: 2008-ci il buraxılışlı, gümüşü metallik rəngli, ** FA *** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı; 2007-ci il buraxılışlı, qara rəngli, ** FA *** dövlət nömrə nişanlı, “Toyota Prius” minik markalı avtomobillər və ünvan 1 ünvanında yerləşən, 90.9 kv.metr sahəsi olan mənzil hazırda Cavabdeh adında qeydiyyatdadır. Bundan əlavə onun atasından vərəsəlik yolu ilə qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.89 kv.metr olan mənzili xx.xx.2021-ci il tarixdə alqı-satqı yolu ilə 93000 (doxsan üç min) manata satmışdır. Əldə etdiyi pulu ABŞ dolları şəklində 54700 (əlli dörd min yeddi yüz) dollar məbləğində vəsaiti gələcək üçün saxlamaq məqsədi ilə evə qoymuşdur. Məqsədi və pulun saxlandığı yer barədə arvadı Nailə də məlumatlı idi, çünki, ona etibar edirdi, göründüyü kimi ondan gizli heç bir işi, əmlakı da olmamışdır. Sonradan aralarında münasibətlər pozulmağa başlamışdır, Nailə artıq məhkəməyə müraciət etmişdir, 2022-ci ilin təxminən noyabr ayında oğlunun ailəsini və Nailəni də götürüb Qusar rayonuna istirahətə getdilər. Oradan qayıdan zaman bütün pullarını xərclədiyi üçün evdə saxladığı 54700 dollar vəsaitdən müvəqqəti bir neçə yüz dollarını götürmək qərarına gəldi və pulun az olduğunu, 27000 (iyirmi yeddi) min dolların əskik olduğunu gördü. Dərhal Nailədən pulun harada olmasını, nə üçün ona demədən götürdüyünü, təcili 27000 dolları yerinə qoymağını tələb etdi. Nailə isə həkim olmaq istədiyini (ixtisasca iqtisadçıdır), bunun üçün ona pul lazım olduğunu, aylıq ödənişi 2000 (iki min) manat olmaqla kursa getdiyini, həmin tibb mərkəzində 6000 (altı min) dollar dəyərində tibbi avadanlıq aldığını, ümumiyyətlə götürdüyü pulun etibarlı yerdə olduğunu bildirdi. Aralarında mübahisə yarandı, sən demə, oğulları Rəvanın da Nailənin ondan gizlin evdən 27000 (iyirmi yeddi min) dollar pul götürməsindən məlumatı olduğunu və anasının bu hərəkəti ilə ailəsinə sözsöhbət düşəcəyindən narahat olaraq ondan əvvəl onunla mübahisə etdiyini də öyrəndi. Beləliklə Nailənin yazıldığı tibb kursuna da getdi, kursun məsul şəxsi ilə görüşdü, o, da Nailənin 6000 (altı min) dollar qiyməti olan tibbi avadanlıq aldığını, kurs üçün hər ay 2000 (iki min) manat ödədiyini öyrəndi. Bütün bu olanlara rəğmən o, yenə də Cavabdeh ailəsini dağıtmamasını, övladlarının narahatlığını nəzərə almasını və məhkəməyə verdiyi ərizəsini geri götürməsini ondan xahiş etdi. Lakin Nailə heç nəyə məhəl qoymadan öz bildiyi kimi hərəkət edərək nikahın pozulması, əmlaklarının bölünməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsinə nail oldu. Belə olan halda o, da Cavabdeh adında olan əmlakların bölünməsini, birgə mülkiyyətə aid olmayan, ona məxsus olan götürdüyü 27000 (iyirmi yeddi min) dollar pulun ona qaytarılmasını tələb edir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən birgə təsərrüfatdan əldə olunan gəlir hesab etdiyi üçün 55000 (əlli beş min) dollar məbləğində vəsaitin bölünərək 27000 (iyirmi yeddi min) dollarının ona verilməsini tələb etsə də sonradan bu pulun onların birgə mülkiyyətləri olmadığını öyrənmiş və məhkəməyə əlavə ərizə verərək pul tələbi hissəsini iddia ərizəsindən çıxarmışdır. Bundan əlavə hesab edir ki, Cavabdeh tərəfindən 6000 (altı min) dollara aldığı tibbi avadanlığı da birgə nikahda olduqları dövrdə alındığı üçün birgə mülkiyyət hesab edilərək bölünməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 46.89 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə alqısatqı yolu ilə 92000 manata satılmışdır. Bu məbləğ ailənin məsrəflərinə xərclənmişdir. 27000 ABŞ dolları puldan 6000 ABŞ dolları götürüb tibbi avadanlıq almaq barədə deyilənlərlə razı deyildir. Tibbi avadanlığı o, özü xırda-xırda pul yığaraq almışdır. İddiaçı ona inkişaf etməyə imkan verməmişdir. Ona hədə-qorxu gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X4 iddia tələbini azaldılmış həcmdə müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbini qismən, yəni “Toyota Prius” minik markalı avtomobillər və ünvan 1 ünvanında yerləşən, 90.9 kv.metr sahəsi olan mənzil üzərində paylar müəyyən edilməklə bölünməsi hissəsində qəbul edir. Qalan hissədə qəbul etmir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 19 may 2023-cü il tarixli, MŞB/13/2023-00575 nömrəli arayışdan görünür ki, Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X4 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. - 27 mart 1991-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına 30/947 reyestr nömrəsi ilə 27 mart 1991-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********44-05101-093064 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - 06 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili 93000 manata İdrisov Farida satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********15-05301-093017 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil cavabdehin adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli təlim xidmətləri müqaviləsindən görünür ki, bu müqavilə üzrə sifarişçi sifarişdə göstərilən təlimlərin keçirilməsini icraçıya sifariş edir və bunun üçün təsbit olunmuş məbləğdə icraçıya muzd ödəyir. İcraçı isə öz növbəsində təlimçilərin cəlb olunması daxil olmaqla təlimlərin keçirilməsini təşkil edir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli təlim xidmətləri müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 2.5 ay müddətinə 18 dərs olmaqla təlimə yazılmışdır. Təlim üzrə muzdun məbləği 5100 manatdır. - 22 dekabr 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Cavabdeh “psixologiya” təlimi üçün 300 ABŞ dolları (450 manat) məbləğində ödəniş etmişdir. - 21 noyabr 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Cavabdeh “biorezonans diaqnostika və terapiya” təlimi üçün 3000 ABŞ dolları (5100 mnat) məbləğində ödəniş etmişdir. - Baş Dövlət Yol Polis İdarəsinin 14 avqust 2023-cü il tarixli məktubundan görünür ki, “Toyota Prius” minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2022-ci il tarixdən Cavabdeh adına qeydiyyatdadır. - "xxxx" ASC-nin 27 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə Cavabdeh adına aşkar olunmuş hesablarda dövr üzrə məxaric 23768.53 manat, dövr üzrə mədaxil 23768.68 manatdır. - “X2” ASC-nin 30 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına xx.xx.2015-ci il tarixdə əmanət hesabı açılmış və 28.444 ABŞ dolları məbləğində depozit qoyulmuş, xx.xx.2015-ci il tarixdə 27275 ABŞ dolları məbləği məxaric olunaraq əmanət hesabı bağlanmışdır. Qeyd olunan şəxsin xx.xx.2020-ci il tarixdə pensiya hesabı açılmışdır. - "xxxx" KB ASC-nin 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh "xxxx" KB ASC-də xx.xx.2023-cü il tarixinə 91.92 manat pul vəsaiti mövcuddur. - 11 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 228 manat dövlət rüsumu ödəmişdir. - Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə X3 16 dekabr 1995-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Tərəflərin nikahı xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Birgə nikah dövründə tərəflər daşınar və daşınmaz əmlaklar əldə etmişlər. “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2022-ci il tarixdən Cavabdeh adına qeydiyyatdadırlar. ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Mülki Prosessual Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını birgə nikah dövründə və birgə vəsait hesabına əldə edilmiş daşınar və daşınmaz əmlaklara payın müəyyən edilməsi və pul tələbi təşkil edir. Tələbin “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” hissəsinə münasibətdə məhkəmə ilk növbədə tərəflərin rəsmi olaraq nikaha daxil olma zamanını, nikahlarının pozulma zamanını, əmlakın birgə nikah dövründə əldə edilib-edilməməsini və birgə vəsait hesabına alınıb-alınmamasını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi iddia tələbində qeyd olunan daşınar əmlaklar “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2022-ci il tarixlərdə, daşınmaz əmlak olan ünvan 1 ünvanında yerləşən, sahəsi 90.9 kv.metr olan mənzil isə xx.xx.2019-cu il tarixdə cavabdehin adına rəsmiləşdirilmişdir. Müəyyən olunduğu kimi tərəflər 16 dekabr 1995-ci ildə nikaha daxil olmuşlar, xx.xx.2023-cü il tarixdə isə nikahları pozulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin vəkili və nümayəndəsi qeyd olunan əmlakların birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunmasını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan əmlaklar birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında belə bir kontrakt mövcud deyil. Beləliklə məhkəmə iddia tələbinin “2008-ci il buraxılışlı, gümüşü metallik rəngli, ** FA *** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı avtomobil üzərində paylar müəyyən edilməklə bölünməsi, 2007-ci il buraxılışlı, qara rəngli, ** FA *** dövlət nömrə nişanlı, “Toyota Prius” minik markalı avtomobil üzərində paylar müəyyən edilməklə bölünməsi, ünvan 1 ünvanında yerləşən, 90.9 kv.metr sahəsi olan mənzil üzərində paylar müəyyən edilməklə bölünməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin əmlaklar birgə nikah dövründə, ümumi vəsait hesabına əldə edildiyi və tələbin qeyd olunan hissəsini cavabdeh tərəf etiraf etdiyindən “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə, “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillərə və ünvan 1 ünvanında yerləşən, sahəsi 90.9 kv.metr olan mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.89 kv.metr olan mənzilin satışından əldə etdiyi pulu 55000 ABŞ dolları puldan Cavabdeh tərəfindən götürülmüş 27000 ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi” hissəsinə münsaibətdə qeyd edir ki, iddiaçı bu tələbini əsaslı edəcək sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili 06 oktyabr 2021-ci il tarixdə 93000 manata İdrisov Farida satmışdır. İddiaçı həmin mənzilin satışından əldə olunan pulun yarısının Cavabdeh tərəfindən götürüldüyünü bildirsə də bunu məhkəmədə sübut edə bilməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında banklar tərəfindən verilən məlumatlardan görünür ki, həmin tarixlərdə Cavabdeh banklarda əmanət hesabı olması müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən olunmalı, ünvan 1 ünvanında yerləşən, sahəsi 90.9 kv.metr olan mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Toyota Prius” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən olunsun. ünvan 1 ünvanında yerləşən, sahəsi 90.9 kv.metr olan mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar