Məhkəmə qərarları › İş №e-2(007)-1931/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1931/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1931/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh birgə nikah dövründə anadan olmuş övladları –xx.xx.2022-ci il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər uşaq üçün 235 manat olmaqla, hər ay 470 manat aliment tutulması, uşaq 3 yaşına çatanadək onun üçün 150 manat aliment tutulması və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikah 5 saylı Asan Xidmət Mərkəzində bağlanmış və akt kitabında 3849 № ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2022-ci ildə X7, xx.xx.2024-cü ildə X6 dünyaya gəlmişdir. Artıq bir neçə aydır ki, Cavabdeh ilə münasibətləri korlanıb və noyabr ayından o atasının evində yaşayır. Qeyd etdiyi kimi, övladlarından biri 2 aylıqdır, digəri 2 yaşındadır. Ayrı yaşadıqları müddət ərzində Cavabdeh tərəfindən uşaqların saxlanması üçün hər hansı maddi kömək göstərilməmişdir. İddiaçı işləmir və uşaqların saxlanması üçün maddi imkanı yoxdur. Cavabdeh isə daxili işlər orqanlarında xidmət edir və yüksək əmək haqqı alır. Bununla əlaqədar olaraq cavabdehə uşaqlar üçün aliment ödənilməsi və uşaq 3 yaşına çatanadək özü üçün aliment ödənilməsi təklifi ilə mediasiya təklifi göndərmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesində Cavabdeh təkliflə razılaşmamışdır. Mediasiya Təşkilatı xx.xx.2024-cü ildə “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış vermişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir.

İş materialları :

3. AZ-İİ seriyalı, 532200 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 3849 nömrə ilə qeyd edilmişdir. Ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir.

4. AZ-İV seriyalı, 838079 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə doğulmuş və bu barədə 5 saylı Bakı “Asan Xidmət “Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2023ci il tarixdə 225 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

5. AZ-İV seriyalı, 983612 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2024-cü ildə doğulmuş və bu barədə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2024cü il tarixdə 1735 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

6. 3 saylı Bakı DOST mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

7. “Mediasiya Şurası” Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00919 nömrəli “X2 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh tələbi qəbul etməmiş və tam mediasiya sessiyasına getməkdən imtina etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

8. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlandığı ərizədən görünür ki, o ona qarşı qaldırılan iddianı qismən qəbul edir. Hər bir uşaq üçün 150 manat aliment ödəməsinə razıdır, qalan hissədə iddianı qəbul etmir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, , cavabdehin ərizəsinə münasibətdə bildirmişdir ki, 150 manat hər uşaq üçün aliment ödənilməsi ilə razı deyil. Belə ki, 235 manat aliment bir uşağın saxlanılması üçün minimum məbləğdir. Qanunvericiliyə əsasən isə uşağın saxlanılması üçün alimentin məbləği yaşayış minimumumdan aşağı ola bilməz.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X6 anadan olmuşdur.

13. Nikahları pozulmasa da, iddiaçı və cavabdeh hazırda ayrı yaşayırlar və birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 470 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək onun üçün 150 manat aliment tutulması və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək hər ay hər uşağa 150 manat aliment ödəyə biləcəyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

19. “Uşaq Hüquqları haqqında” Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

25. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

26. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

27. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh qarşı 235 manat sabit pul məbləğində aliment tutulması tələbini irəli sürmüşdür.

28. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hər uşaq üçün 150 manat aliment tutulmasına razı olduğunu bildirmişdir.

29. Cavabdehin hazırda hər bir uşağa görə 235 manat aliment ödəmək imkanının olmamasına dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Göründüyü kimi qanunverici əmək qabiliyyəti olan hər bir valideynin (hətta heç bir yerdə işləməyən) uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsini müəyyən etmişdir.

31. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

33. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

34. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

35. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların uşağın əvvəlki təminatının səviyyəsini, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alınaraq qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları ilə bağlı hər biri üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

36. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər uşaq üçün hər ay 235 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

37. İddiaçı Cavabdeh həmçinin uşaq 3 yaşına çatanadək onun üçün 150 manat aliment tutulması tələbini irəli sürmüşdür və tələbini onun işləməməsi, uşaqlara baxması ilə əsaslandırmışdır.

38. Ailə qanunvericiliyinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

39. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı işləmir və onun müstəqil gəliri yoxdur.

40. Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq hesab edir ki, uşağın 3 yaşına çatanadək arvadın xeyrinə aliment tutulmasına dair iddia tələbi əsaslıdır.

41. Belə ki, hal-hazırda nikahda olan şəxslərin, yəni ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması qanundan irəli gələn vəzifədir və cavabdehin yalnız uşağa aliment ödəməklə bu vəzifədən yayınması qəbul edilə bilməz.

42. Məhkəmə əlavə xərclərə görə alimentin miqdarı ilə bağlı qeyd edir ki, iddiaçı uşaq 3 yaşına çatanadək 150 manat məbləğində aliment tutulmasına dair tələb irəli sürməsinə baxmayaraq, cavabdehin hər ay ona 150 manat ödəmək iqtidarında olmasına, yəni zəruri vəsaitə malik olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

43. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, 3 yaşına çatanadək iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay 50 manat məbləğində müəyyən edilməsi qanuni və əsaslıdır.

44. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi iilə bağlı məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

45. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri :

46. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

47. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

48. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

49. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 50 manat mediasiya xərcinin 25 manatı iddiaçının özünə aid edilməli və 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Nəticə :

50. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat və uşaq 3 yaşına çatanədək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanədək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı iddiaçının özünə aid edilsin və 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar