Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2142/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkilləri- “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1 və “Femida” Vəkil Bürosunun vəkili Vəkil2, Cavabdeh1 Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh1 Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh1 Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlara, yəni İddiaçı1 və İddiaçı2 birgə mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nizami rayonu, 2520/2522-ci məhəllə, Nəsimi küçəsində 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 62 saylı mənzil (bundan sonra “Mənzil”) Nizami rayon İcra Şöbəsinin 05 oktyabr 2020-ci il tarixli, MZ/PV-0519/04/15 saylı sifariş məktubuna əsasən Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş və “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü bitdikdən sonra, yəni qanunla nəzərdə tutulmuş qaydada sonuncu əldə etmə müddəti olan 21 yanvar 2021-ci il tarixdə deyil, 2021-ci ilin mart ayında cavabdeh kredit təşkilatına köhnə tarixli hərrac protokoluna imza edilməsinə şərait yaradılmaqla, dəyərindən qat-qat aşağı qiymətə ona satılması nəticəsində iddiaçıların mülkiyyət hüquqlarına qəsd törədilmişdir. Artıq hamı tərəfindən birmənalı şəkildə qəbul edilir ki, ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz nümunəsidir. Real dəyəri 160.000 manat olan əmlakın əvvəlcə 100.000 (bir yüz min) manata, daha sonra 85000 (səksən beş min) manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil və mövcud sözdə açıq hərracın mahiyyətini (hərrac təşkilatı ilə kredit təşkilatının əlbir hərəkət etmələrini və.s) ifadə edir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. Necə oldu ki, 160.000 manat dəyərində olan əmlak 85.000 manata açıq hərraca çıxarıldı, lakin heç bir alıcısı olmadı? Yekunda da 63.750 (altmış üç min yeddi yüz əlli) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə 30 gün əldə etmə müddətində də deyil, bundan bir neçə ay sonra mart ayında cavabdeh kredit təşkilatı tərəfindən köhnə tarixli saxtalaşdırılmış protokola imza edilməklə guya əldə edilmişdir. Hesab edirlər ki, Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin “21 yanvar 2021-ci il tarixli, 04/03 saylı ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokoluna real imza edilmə müddəti saxtalaşdırıldığından, həmçinin cavabdeh kredit təşkilatı tərəfindən ipoteka predmetinin real əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş ödəmələr vaxtında və qanunla tələb olunan hesaba köçürülmədiyindən həmin protokol etibarsız hesab olunmalı və "xxxx" ASC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli müqavilə üzrə ipotekaya xitam verilməlidir. İddiaçı Cavabdeh1 BOKT ASC-in cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, "xxxx" ASC ilə İddiaçı1 arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları hesablanmış faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 tutulması, ipoteka predmetinin 100.000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan “mənzil”ə yönəldilməsi və “mənzil”in hərracdan satılaraq 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqa manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nə ödənilməsi, İddiaçı1 və İddiaçı2 “mənzil”dən çıxarılması və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Həmin qətnamədən narazı qalan cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, borcun əvəzinə girov qoyduğu və xüsusi mülkiyyətində olan “mənzil”in boşaldılaraq bankın mülkiyyətinə verilməklə onunla bağlanmış 28 aprel 2015-ci il tarixli borc müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-937/2019 saylı, 16 avqust 2019-ci il tarixli qətnaməsinə əsasən Apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinin “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilməsi, əsas borc məbləği 72416,24 ABŞ dolları, faiz borcunun məbləğinin 13718.85 ABŞ dolları müəyyən olunması, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının iddiaçıdan, 45 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli 2(102)-1975/2020 saylı qətnaməsinə əsasən isə cavabdeh İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-937/2019 saylı, 16 avqust 2019-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-937/2019 saylı, 16 avqust 2019-ci il tarixli icra sənədi üzrə Nizami rayon İcra və Probasiya Şöbəsinin MZ/PV-0519/04/15 saylı, 05 oktyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən “mənzil”ə tutmanın yönəldilərək hərracda satılması qərara alınmışdır. Həmin sifariş əsasında Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən “Birja yenilikləri” qəzetində dərc olunmuş: Bakı şəhəri, Nizami rayonu 2520/2522-ci məhəllə, Nəsimi küçəsi 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzil ilə bağlı açıq hərracın 11 noyabr 2020-ci il tarixdə, 100000 (bir yüz min) manat ilkin satış qiyməti ilə ünvan 1 ünvanında keçiriləcəyi barədə iddiaçılara və Cavabdeh1 BOKT ASC-yə 11 noyabr 2020-ci il tarixli, 01/1877 nömrəli bildiriş göndərilmişdir. Həmin hərrac baş tutmadığından Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən “Birja yenilikləri” qəzetində dərc olunmuş: Bakı şəhəri, Nizami rayonu, 2520/2522-ci məhəllə, Nəsimi küçəsi 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzil ilə bağlı 2-ci açıq hərracın 07 dekabr 2020-ci il tarixdə, 85000 (səksən beş min) manat ilkin satış qiymətindən 15% aşağı qiymətlə ünvan 1 ünvanında keçiriləcəyi barədə iddiaçılara və Cavabdeh1 BOKT ASC-yə 08 dekabr 2020-ci il tarixli, 01/2263 nömrəli bildiriş göndərilmişdir. Həmin hərrac da baş tutmadığından Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən “Birja yenilikləri” qəzetində dərc olunmuş: Bakı şəhəri, Nizami rayonu, 2520/2522-ci məhəllə, Nəsimi küçəsi 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzil ilə bağlı təkrar hərracın 23 dekabr 2020-ci il tarixdə baş tutmaması səbəbilə 63750 (altmış üç min yeddi yüz əlli) manat, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə 30 təqvim günü ərzində ipoteka saxlayana təklif edilməsi barədə iddiaçılara və Cavabdeh1 BOKT ASC-yə 23 dekabr 2020-ci il tarixli, 01/2454 nömrəli təklif göndərilmişdir. Daha sonra Cavabdeh1 BOKT ASC “21 yanvar 2021-ci il tarixli, 04/03 saylı ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə” protokolu qanunla müəyyən edilmiş hərrac baş tutmadıqdan sonrakı 30 gün müddət ərzində, yəni 21 yanvar 2021-ci il tarixədək deyil, həmin müddəti ötürdükdən sonra 2021-ci ilin mart ayında imzalamışdır. Həmin protokol köhnə tarixlə, 2021-ci ilin mart ayında imzalansa da, cavabdeh kredit təşkilatı bu günədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada ipoteka predmetini əldə etməmişdir. Vəkil sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsinin 12 aprel 2021-ci il tarixli, 17/71-2F1550 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı protokolu 12 mart 2021-ci il tarixdə İcra şöbəsinə daxil olmuşdur. Vəkil sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 12 aprel 2021-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, “mənzil”in cavabdeh kredit təşkilatı tərəfindən əldə edilməsi ilə bağlı sənədlərin təqdim edilməsi kommersiya sirri sayıldığı üçün sənədlərin məhkəmə qaydasında əldə edilməsi mümkündür. Bildirirlər ki, mübahisələndirilən ipoteka predmeti ilkin satış qiyməti 100000 manat olmaqla 07 dekabr 2020-ci il tarixdə birinci hərrac, 21 dekabr 2021-ci il tarixdə isə təkrar hərraclara çıxarılmış və alıcı olmadığından satılmamışdır. Hərrac təşkilatı tərəfindən Cavabdeh1 BOKT ASCyəünvanlanmış 23 dekabr 2020-ci il tarixli təklif məktubu ilə ipoteka saxlayana ipoteka predmetinin 30 təqvim günü ərzində alınması, əks təqdirdə ipoteka predmetini əldə edilməməsinə görə ipotekaya xitam verilməsi bildirilmişdir. İpoteka predmetinin əldə edilməsi dedikdə onun satınalma qiymətinin və yuxarıda qeyd olunan ödəmələrin ipoteka saxlayan tərəfindən hərrac baş tutmadıqdan sonra 30 gün ərzində ödənilməsi başa düşülür. Yəni satınalma qiyməti və qeyd olunan ödəmələr 30 gün ərzində ödənilməzsə, ipoteka saxlayan ipoteka predmetini əldə edə bilməz və hərrac protokolunu, eləcə də alqı-satqı müqaviləsini imzalaya bilməz. Zəruri ödəmələr edilmədən istənilən tarixlə imzalanmış protokol etibarsızdır. Hərrac təşkilatına ünvanlanmış sorğulara imtina cavabı verildiyindən hərracla bağlı zəruri ödəmələrin cavabdeh kredit təşkilatı tərəfindən ödənilib-ödənilməməsi və ya ödənilibsə hansı tarixdə ödənilməsini hazırki halda rəsmi qaydada müəyyən edə bilmirlər. Lakin məhkəməyə təqdim etdikləri iddiaçıların bank hesabından çıxarışdan da görünür ki, cavabdeh kredit təşkilatı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmiş, iddiaçıların qalıq kredit borcu olduğu kimi qalmışdır. Xüsusilə qeyd edirlər ki, mülki qanunvericiliyin məhkəmələrə hərracın nəticələrini yoxlamaq səlahiyyəti verməsi məhz ədalət mühakiməsi orqanının üzərinə müvafiq tələb əsasında qanunu kobud pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmək vəzifəsi qoyur. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edirlər ki, iddiaçılar tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələb əsaslıdır. Çünki ipoteka predmeti birinci və təkrar hərracda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində, yəni 22 yanvar 2021-ci il tarixədək ipoteka saxlayan qanunvericilikdə nəzərdə tutulmuş qaydada ipoteka predmetini əldə etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi və cavabdeh "xxxx" ASC ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçıların nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, “PARA“ BOKT ASC “21 yanvar 2021-ci il tarixli, 04/03 saylı ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə” protokolu, qanunla müəyyən edilmiş hərrac baş tutmadıqdan sonrakı 30 gün müddət ərzində, yəni 22 yanvar 2021-ci il tarixədək deyil, həmin müddəti ötürdükdən sonra 2021-ci ilin mart ayında formal olaraq imzalamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nizami rayon İcra və Probasiya Şöbəsinin 12 aprel 2021-ci il tarixli, 17/71-2F1550 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı protokolu 12 mart 2021-ci il tarixdə İcra şöbəsinə daxil olmuşdur və həmin tarixdə də DƏDRX-nə göndərilmişdir. Halbuki, həmin protokol rəsmiləşdirilərkən Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən imzalanmış və möhürlənmişdir. Əgər həqiqətən protokol həmin tarixdə imzalanmışdısa, nəyə görə Nizami rayon İcra və Probasiya Şöbəsi onu həmin gün əldə etməmişdi? Buradan da aydın olur ki, Nizami rayon İcra və Probasiya Şöbəsi həmin protokolu 12 mart 2021-ci il tarixdə imzalamış və qeydə alınması üçün dəftərxanasına təqdim etmişdir. Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 12 aprel 2021-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, “mənzil”in cavabdeh kredit təşkilatı tərəfindən əldə edilməsi ilə (hərrac xərci) bağlı sənədlərin təqdim edilməsi kommersiya sirri sayıldığı üyün sənədlərin məhkəmə qaydasında əldə edilməsi mümkündür. Həmin sənədlər necə kommersiya sirri ola bilər ki, sonradan həmin xərclər ipoteka qoyandan tələb ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ipoteka saxlayan tərəfindən heç bir ödəmə olmadan protokol imzalanmışdır. Çünki cavabdehlər tərəfindən məhkəməyə bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi, cavabdeh kredit təşkilatı tərəfindən 22 yanvar 2021-ci il tarixinədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, eləcə də iddiaçıların təqdim etdiyi bank hesabından çıxarışdan da göründüyü kimi kredit borcunun qalıq məbləğində heç bir dəyişiklik baş verməməklə, yəni hərracdan alış məbləği ödənilmədiyi üçün ipoteka predmeti əldə edilmədiyindən kredit borcundan silinmə aparılmamış, lakin formal və qanunsuz olaraq hərracın yekunlarına dair protokol imzalanmışdır. Beləliklə, belə ödəmələr vaxtında olmadan, kredit borcundan silinmə aparılmadan köhnə tarixlə formal rəsmiləşdirilmiş hərrac protokolu da etibarsızdır. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 Bank Olmayan Kredit X4 Cəmiyyətinin İdarə Heyətinin Sədrinin birinci müavini Rəcəb Hüseynov iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 Bank Olmayan Kredit X4 Cəmiyyətinə və qeyrilərinə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsinə dair iddia tələbi əsassızdır. İlk olaraq bildirirlər ki, iddiaçıların iddialarını əsaslandırdığı halların heç bir hüquqi əsası yoxdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllədə yerləşən 32E saylı evin 62 saylı mənzilinə dair keçirdiyi son hərracdan sonra 30 gün müddətində həmin əmlak BOKT tərəfindən rəsmi qaydada protokol imzalanaraq əldə edilmişdir. Bunu təsdiq edən 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə Protokol məhkəməyə təqdim edilmişdir. İddiaçı göstərilən portokolun saxta və qanunsuz olduğunu iddia ərizəsində dönə-dönə vurğulasa da, bu protokolun saxtalığının nədən ibarət olmasını bildirmir. Hərrac təşkilatı tərəfindən hərracın baş tutmamış elan edilməsindən sonra tərəflərindən həmin əmlak 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə Protokol əsasında BOKT-un mülkiyyətinə götürülmüşdür. Bunu təsdiq edən 17 mart 2021-ci il tarixli çıxarış məhkəməyə təqdim edilmişdir. Qanunvericilik hərracın baş tutumamasından sonra tələbkarın əmlakı əldə etməsini müəyyən etdiyi 30 gün müddətində onlar əmlakı əldə etmişlər. Əmlakın əldə edilməsi protokolla ehtiva edilir. Protokolla əmlakı əldə etdikdən sonra mülkiyyətə dair çıxarışın alınmasına qanunvericilik heç bir müddət müəyyən etməmişdir. Qanunun şərhinə dair Konstitusiya Məhkəməsinin müvafiq qərarında da bu barədə heç bir müddət müəyyən edilməmişdir. İpoteka haqqında qanunun 43.8-ci maddəsinə əsasən “ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Hərracın keçirilməsindən sonra qanunverici tərəfindən müəyyən edilmiş müddətdə əmlak tərəflərindən alınmışdır. İddiaçılar protokolun 21 yanvar 2021-ci il tarixli olmasına baxmayaraq, çıxarışın 17.03.2021-ci il tarixində alınmasını əsas gətirərək protokolun saxta olduğunu iddia edirlər. Qanunverici isə mülkiyyətə dair çıxarışın alınmasına dair müddət müəyyən etməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyətə dair əsasın əldə edilməsindən sonra istənilən vaxt müvafiq İcra hakimiyyəti orqanına müraciət edilə bilər. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib, iddia ərizəsinə etirazda göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı1 (ipoteka qoyan), İddiaçı1 (borclu) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) arasında bağlanmış 30 may 2013-cü il tarixli MZ/PB-0298/05/13 nömrəli ipoteka (girov) müqaviləsinin və həmin müqaviləyə 02 nömrəli əlavə müqavilənin surətlərindən görünür ki, ipoteka qoyan və borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllədə yerləşən 32E saylı evin 62 saylı mənzili ipoteka saxlayandan aldığı 85000 ABŞ dolları məbləğində pul vəsaitinin təminatı qismində ipoteka qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, ipoteka predmeti İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllədə yerləşən 32E saylı evin 62 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınıb, verilmiş RX seriyalı, ******* saylı çıxarış 1856 nömrəli reyestr kitabının 171019 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 28 mart 2013-cü il tarixdə qeydə alınmışdır; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 937/2019 saylı qətnaməsinin “təsviri” hissəsindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı1 arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları hesablanmış faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 tutulması, ipoteka predmetinin 100.000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nizami rayonu 2520/2522-ci məhəllə, Nəsimi küçəsi, 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzilə yönəldilməsi və həmin mənzilin hərracdan satılaraq 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nə ödənilməsi, İddiaçı1 və İddiaçı2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 937/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinin “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilməsi, əsas borc məbləğinin 72416,24 ABŞ dolları, faiz borcunun məbləğinin 13718,85 ABŞ dolları müəyyən olunması, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının iddiaçıdan, 45 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; -"xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 11 noyabr 2020-ci il tarixli 01 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 07 dekabr 2020-ci il tarixdə saat 11:00-da açıq auksion formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir; -"xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 08 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 21 dekabr 2020-ci il tarixdə saat 11:00-da açıq auksion formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilmişdir; -"xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış 23 dekabr 2020-ci il tarixli 01/2454 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifinin surətindən görünür ki, Nizami rayon İcra və Probasiya Şöbəsinin 17/71-8F44 saylı 27 oktyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinin təkrar satılması ilə keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 23 dekabr 2020-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 63750 manata ala bilər. “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli qanunun 150.1.13, 150.3-1, həmçinin 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir; -Hərracın yekunları barədə 04/03 saylı, 21 yanvar 2021-ci il tarixli protokolun kserosurətindən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzil 63750 manat qiymətlə 21 yanvar 2021-ci il tarixdə ipoteka saxlayan tərəfindən əldə edilmişdir; -Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin Vəkil2 ünvanladığı 17/71-2F/550 saylı, 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 12 mart 2021-ci il tarixdə "xxxx" MMC-nin 04/03 saylı, 21.01.2021-ci il tarixli protokolu Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və həmin tarixdə rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 28 mart 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı1 "xxxx" ASC-dən (hazırkı Cavabdeh1 BOKT ASC) aldığı 85000 ABŞ dolları kredit məbləğinin təminatı qismində, 30 may 2013-cü il tarixli ipoteka (girov) müqaviləsi və həmin müqaviləyə 02 nömrəli əlavə müqaviləyə əsasən həmin mənzilini ipoteka qoymuşdur. Borclu kredit öhdəliklərini yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı1 arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları hesablanmış faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 109853,05 ABŞ dollarının, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, İddiaçı1 və İddiaçı2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019cu il tarixli, 2(103)-937/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinin “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilməsi, əsas borc məbləğinin 72416,24 ABŞ dolları, faiz borcunun məbləğinin 13718,85 ABŞ dolları müəyyən olunması, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının iddiaçıdan, 45 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilmiş, icra mərhələsində icra şöbəsinin sifarişi əsasında hərracı həyata keçirən "xxxx" MMC 11 noyabr 2020-ci il tarixdə tərəflərə bildiriş göndərərək onları 07 dekabr 2020-ci il tarixdə mənzilin hərracda satılması üzrə hərraca dəvət etmişdir. Hərrac baş tutmadığından hərrac təşkilatı təkrarən 08 dekabr 2020-ci il tarixdə tərəflərə bildiriş göndərərək onları 21 dekabr 2020-ci il tarixdə mənzilin hərracda satılması üzrə hərraca dəvət etmişdir. Hərracı həyata keçirən təşkilat təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 23 dekabr 2020-ci il tarixli nömrəsində məlumat dərc etdirmiş, o cümlədən həmin məlumatda hərracın baş tutmamış elan edildikdə ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə 63750 manata ala bilməsini, ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunmasını, həmçinin vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəzərə alınmaqla alıcı və ya ipoteka predmetini əldə edənin yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməli olmasının nəzərə alınmalı olmasını bildirmişdir. Hazırda iddiaçılar, cavabdeh “PARA“ BOKT ASC-nin “21 yanvar 2021-ci il tarixli, 04/03 saylı ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə” protokolun qanunla müəyyən edilmiş hərrac baş tutmadıqdan sonrakı 30 gün müddət ərzində, yəni 22 yanvar 2021-ci il tarixədək deyil, həmin müddəti ötürdükdən sonra 2021-ci ilin mart ayında formal olaraq imzalaması, cavabdeh kredit təşkilatı tərəfindən 22 yanvar 2021-ci il tarixinədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləğinin ödənilmədiyi, həmin ödəmələrin “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülmədiyi, habelə hərracın yekunlarına dair protokolun kredit borcundan silinmə aparılmadan köhnə tarixlə formal surətdə rəsmiləşdirildiyi əsası ilə hərrac protokolunun etibarsız hesab edilməsini və 02 saylı əlavə müqaviləyə əsasən ipotekaya xitam verilməsini xahiş edirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir; 43.1.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və nəzərdə tutulmuş digər hallarda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, sifariş əsasında hərracı həyata keçirməli olan "xxxx" MMC 07 dekabr 2021-ci il tarixdə hərracın keçirilməsinin, o cümlədən 21 dekabr 2021-ci il tarixdə təkrar keçirilməsinin təşkili ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmiş, lakin həmin hərraclar baş tutmamışdır. Kütləvi informasiya vasitəsində təkrar hərracın baş tutmaması barədə 23 dekabr 2021-ci il tarixdə məlumat dərc edilmiş, o cümlədən ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, 63.750 manata ala bilməsi barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1 və 139-1.1.2-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 319.3-cü maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur; 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməli olduğu halda, bunu etməmişdir. Belə ki, məhkəmə iclasında ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi ASC-nin iddia ərizəsinə verdiyi etirazı müdafiə edərək, hərrac təşkilatı tərəfindən hərracın baş tutmamış elan edilməsindən sonra Cavabdeh1 BOKT ASC tərəfindən sözügedən mənzilin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə protokol əsasında mülkiyyətinə götürdüklərini, bunun məhkəməyə təqdim etdikləri çıxarışla da təsdiq edildiyini bildirsə də, qeyd olunan ipoteka ilə yüklü edilmiş mənzili əldə edərkən vergi qanunvericiliyində müəyyən edilmiş qaydada sadələşdirilmiş vergi xərclərini, o cümlədən hərrac xidmət haqqını ödədiklərini təsdiq edən sübutları, əks halda sadələşdirilmiş vergi və hərrac xidmət haqqını ödəməməklə qeyd olunan mənzili hansı formada əldə etdiklərinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, bir halda ki, qanunvericiliyin sözügedən tələbi, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib edilməli olması, həmçinin vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəzərə alınmaqla alıcı və ya ipoteka predmetini əldə edənin yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməli olmasının nəzərə alınmalı olması tərəflərə hələ 23 dekabr 2020-ci il tarixli bildirişlə "xxxx" MMC tərəfindən bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin: 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi- mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 150.1 və 150.1.3-cü maddələrinə əsasən, aşağıdakılar istisna olmaqla, yaşayış və qeyriyaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi; 150.1.13.5. verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı çıxış etdikdə ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi; 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.2-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi ASC-nin "xxxx" MMC-nə ünvanladığı 06 yanvar 2021-ci il tarixli məktubu və ona əlavə edilmiş 07 yanvar 2021-ci il tarixli qaiməni təqdim edərək, mübahisə predmeti olan mənzili hərrac təşkilatının təklif etdiyi qiymətə, yəni ilkin satış qiymətindən 25% az olmayan qiymətə qəbul etdikləri barədə hərrac təşkilatına məlumat verdiklərini əsas gətirərək, 07 yanvar 2021-ci il tarixli həmin poçt qaiməsinin sübut qismində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qaimənin məhz hansı bildiriş və ya məktuba aid olması təsdiq edilmədiyi halda sübut qismində qəbul edilməsi yolverilməzdir, həmçinin bu qaimənin məhz göstərilən tarixdə tərtib edilməsi öz təsdiqini tapmır, möhür və ya qeydiyyat nömrə və tarixi olmadığından onun istənilən şəxs tərəfindən, istənilən vaxt əldə edildiyi, hazırlandığı qənaətinə gəlinə bilər. Bu zaman məhkəmə xüsusilə vurğulamağı zəruri bilir ki, məhkəmə araşdırması zamanı iddiaçıların vəsatətləri əsasında, o cümlədən məhkəmənin öz təşəbbüsü ilə, bir neçə dəfə "xxxx" MMC-nə sübutların təqdim edilməsi barədə sorğu verilərək, ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolun imzalanmasına əsas olan bütün hərrac sənədlərin əsilləri və ya təsdiq edilmiş surətləri (hərrac qovluğu), eləcə də mübahisəli mənzilin təklif əsasında Cavabdeh1 BOKT ASC tərəfindən əldə olunması ilə bağlı hərracın xidmət haqqının və həmin hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərin (ödəniş tapşırığı, elektron qaimə və.s) təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş hərrac qovluğunda isə hərracın nəticələri barədə yekun protokol da daxil olmaqla, nə cavabdeh tərəfin məhkəmə iclasında təqdim etdikləri sübutlara dair sənədlər, nə də ki ipoteka predmetinin əldə edilməsi zamanı ödənilmiş xidmət haqqına, hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərə (ödəniş tapşırığı, elektron qaimə və s) dair sübutlar aşkar edilməmişdir, həmin sənədlərin hərrac qovluğunda mövcud olmamasının özü də cavabdehin nümayəndəsinin sübut qismində təqdim etdiyi sənədlərin həqiqiliyinə şübhə doğurur. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh, yəni ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 22 yanvar 2021-ci il tarixinədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, hərrac təklifi ilə yüklü edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə "xxxx" MMC-nə bu barədə bildiriş 21 yanvar 2021-ci il tarixədək sonuncuya təqdim edilməmişdir. Bunun əksini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla iddia tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu” etibarsız hesab edilməli və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə İddiaçı1 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsi verilərkən dövlət rüsumu qismində ödənilmiş 10,00 manat iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu” etibarsız hesab edilsin və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə İddiaçı1 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB- 0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. İş üzrə iddia ərizəsi verilərkən dövlət rüsumu qismində ödənilmiş 10,00 manat iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2142/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2142/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver