Məhkəmə qərarları › İş №e-2(007)-2209/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2209/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2209/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təhsil haqqı ilə bağlı xərclərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “təhsil haqqı ilə bağlı xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsm nikaha daxil olaraq ailə qurub. Birgə nikah dövründə xx.xx.2004-cü il tarixdə İddiaçı anadan olub. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, aralarındakı münasibət pozulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2048/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 554 nömrə ilə qeydə alınmış nikahları pozulub. Həmin qətnamə ilə nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2005-ci il təvəllüdlü İddiaçı onun yanında saxlanılması, eyni zamanda Cavabdeh İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh bütün gəlirlərinin (qazancının) ¼ hissəsi məbləğində alimentin onun xeyrinə tutulması qət edilib. Qeyd edir ki, birgə nikahdan anadan olan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı 2022-ci ildə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin tərcümə (ingilis dili) ixtisasının, əyani şöbəsinin İ kursuna qəbul olmuşdur və hazırda həmin universitetin İİ kursunda təhsil alır. Təhsil haqqı 2000 (iki min) manat təşkil edir. Qeyd olunan təhsil haqqını təkbaşına ödəməkdə çətinlik çəkir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini, birgə nikahdan anadan olan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı universitetdə təhsil haqqı (2,3,4-cü kurs) ilə bağlı xərclərinin ödənilməsi ilə əlaqədar olaraq 2000 manat məbləğində vəsaitin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək, qızının 2, 3 və 4-cü kurslarda hər il 2000 manat olmaqla, cəmi 6000 manat təhsil haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən əsl olmayan iddiaçı X3 əsl İddiaçı ilə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, işləmir və təhsil xərclərini qarşılaya bilmir. Dərslərini çətin olduğu üçün işləməyə vaxtı yoxdur. Atası işləyir və əmək haqqısı kifayət qədər var. O, cavabdehin yeganə övladıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar iddiaçının bir illik təhsil haqqının yarısını, yəni 1000 manatı ödəmişlər. Lakin cavabdeh bunu qızına dəstək olmaq üçün edib, bunu etməklə iddia tələbini qəbul etmirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Avrasiya Universitetinin xx.xx.2022-ci il tarixli T2306-11/20 saylı arayışının surətindən görünür ki, İddiaçı 2022-ci ildə Bakı Avrasiya Üniversitetinin Filologiya fakültəsi Tərcümə (ingilis dili) ixtisasının, əyani şöbəsinin İ kursuna qəbul olmuşdur və hazırda həmin Universitetin İ kurusnda təhsil alır. Təhsil haqqı 2000 manatdır. Məhkəmə iclasında müəyyən olundu ki, X5 ilə Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş iddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı hazırda ali təhsil alır. İddiaçı təhsil xərclərini qarşılaya bilmədiyini bildirərək, Cavabdeh qarşı təhsil haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək bildirir ki, artıq yetkinlik yaşına çatmış İddiaçı ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, cavabdehdən təhsil haqqının tutulması, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması tələbi əsassız olduğundan, onun iddiası təmin olunmamaldır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “2, 3 və 4-cü kurslarda hər il 2000 manat olmaqla, cəmi 6000 manat təhsil haqqının tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “2, 3 və 4-cü kurslarda hər il 2000 manat olmaqla, cəmi 6000 manat təhsil haqqının tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar