Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2278/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay uşaq yetkinlik yaşına çatanadək qazancının və digər gəlirlərinin ¼ hissəsində alimentin tutulmasına və uşağın əlavə xərclərində iştirak üçün aylıq 150 manat sabit pul məbləğinin tutulmasına, mediasiya xərci olaraq ödənilmiş 55 manatın və vəkilə ödənilmiş 120 manat məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay uşaq yetkinlik yaşına çatanadək qazancının və digər gəlirlərinin ¼ hissəsində alimentin, uşağa dair çəkilmiş xərclərin yarısı kimi birdəfəlik olaraq 1200 manat məbləğin, uşağın əlavə xərclərində iştirak üçün aylıq 150 manat sabit pul məbləğinin, mediasiya xərci olaraq ödənilmiş 55 manatın və vəkilə ödənilmiş 120 manat məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci ildə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Həmin nikah 5 saylı Bakı Asan Xidmətin Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 3237 nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Qeyd edir ki, cavabdehlə münasibətləri uzun müddətdir ki pozulmuşdur, faktiki ər-arvad münasibətlərində deyillər. Münasibətlərinin bərpası da mümkünsüzdür. Uşaq anadan olduğu gündən etibarən o, atası evində yaşayır. Cavabdeh nə xəstəxana xərclərində, nə də hazıradək uşağın saxlanmasında iştirak etməmişdir. Hazırda uşaq azyaşlı olduğundan onun ehtiyacı və qidalanması daha məsrəflidir. Ona görə də hesab edir ki, birgə nikahdan anadan olmuş uşaq onun himayəsində olduğundan uşaq yetkinlik yaşına çatanadək cavabdehdən qazancının və digər gəlirlərinin ¼ hissəsində aliment və uşağın əlavə xərclərində iştirak üçün aylıq 150 AZN sabit pul məbləği tutulmalıdır. Mübahisənin həlli üçün ilkin olaraq Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Həmin təşkilatın mediatoru X9 tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuş və 55 manat mediasiya xərci onun tərəfindən ödənilmişdir. Cavabdeh 1 saylı X5 və Təbii Sərvətlər İdarəsində mütəxəssis olaraq çalışır. Cavabdeh “elektron kabinet” vasitəsi ilə iddia tələbinə etiraz göndərərək bildirmişdir ki, məhkəmənin icraatında olan İddiaçı ona qarşı “aliment və əlavə xərclər tələbinə” dair mülki işin şifahi icraat qaydasında məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 12:10-a təyin edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə vəkili tərəfindən elektron kabinetdən əldə edilməklə ona təqdim edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəf olaraq, verilmiş iddia tələbini qismən qəbul edir. Yəni iddianı əlavə xərclər hissəsində qəbul etmir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün müəyyən edilmiş prosessual müddət tərəfindən ötürülmədiyi və 154.2.3-cü maddəsinə istinad edərək, “Etiraz”-la məhkəməyə müraciət edir. İddia və digər ərizədə qeyd olunan və hazırki işin hallarına uyğun olmayan məlumatlarla bağlı məhkəmənin diqqətinə çatdırır ki, orada göstərilənlər uydurma və yalan olmaqla həqiqəti əks etdirmir. İddiaçı ərizəsində onun tərəfindən evdən qovulduğunu bildirsə də əksinə iddiaçı özü evdən çıxıb getmiş, uşağı ona göstərməyəcəyini bildirmiş, hətta bununla kifayətlənməyərək və atasının mövqelərindən istifadə edərək ona qarşı şər və böhtan dolu şikayət ərizələri ilə iş yerinə və digər orqanlara müraciət etmişdir. Bundan əlavə, iddiaçı ərizəsində hazırki işə aid olmadığı halda, valideynlərinin iş yeri barədə məlumatları qeyd etmiş, lakin öz valideynlərindən yalnız anasının işsiz olmasını bildirmişdir. Atasının məhkəmə sədri olması barədə isə heç bir məlumat qeyd etməmişdir. Düzdür iddiaçıdan fərqli olaraq o, başa düşür ki, bu halların işə aidiyyatı yoxdur, lakin qeyd edirsə, hamını qeyd etsin. Bundan əlavə, iddiaçı gizli fotoşəkillərini çəkib iddia ərizəsinə əlavə etməklə şəxsi həyata müdaxilə ilə nəticələnən qanunsuz hərəkətlərə yol verdiyini nümayiş etdirmişdir. Nəzərə çatdırır ki, izləmə əməliyyat-axtarış tədbiri olmaqla müvafiq qərar əsasında edilməli olan bir hərəkətdir və bunun özbaşına edilməsi cinayət məsuliyyətinə səbəb olur. Bununla bağlı şikayətini aidiyyatı orqanlara bildirər. Aşağıdakı xüsusatlardan və səbəblərdən İddiaçı iddiasını aliment hissəsində qəbul edir, digər hissələrdə isə rədd edilməsini xahiş edir. Belə ki, o, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsində müfəttiş vəzifəsində işləyir və 890 (vergilər çıxılmamış 1074 manat) manat əmək haqqı alır. Həmin məbləğlə o, 400 manat kirayə haqqı, 435 manat kredit ödəyir və bundan əlavə özünün də zəruri xərcləri vardır. Lakin xərclərini tam qarşılaya bilmədiyindən valideynləri ona dəstək olur. Ona görə də iddiaçının qeyd etdiyi əlavə xərcləri qarşılamaq imkanında deyil. Bundan əlavə, iddiaçı ondan dəfələrlə daha da təminatlı olmaqla digər xərcləri özü qarşılamaq imkanındadır. Bu səbəbdən bütün xərcləri ondan tələb etməsinin əsası yoxdur. Uşağı saxlamağın hər iki valideynin borcu olduğu nəzərə alınsa, hamısını ondan tələb etmək əvəzinə, iddiaçı özü də bu vəzifənin icrasında iştirak etməlidir. Ümumiyyətlə, iddiaçının ailəyə qarşı davranışının yaxşı olmaması evdəki necə-hansı şəraitə görə gəlin köçdüyü evini-yuvasını, həyat yoldaşını tərk etməsi səbəbini, hallarını, onunla yaşayıb sonrada çıxıb getməsini anlatmadı, izah etmədi və ya nə isə baş veribsə, olubsa da, var idisə də, o, iddiaçıdan fərqli olaraq, bu ərizədə onları ifadə etmək niyyətində deyil. İddiaçının iddia tələbinə diqqət yetirsələr, görərlər ki, o, əlavə xərclərə dair tələbinin əsası kimi istinad etdiyi halları, sübutları məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsində tutarlı fakt dəlil göstərməmiş, yəni iddiasını əsaslandıran mötəbər, sübut növləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 etiraz ərizəsində qeyd edilənləri müdafiə edərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Uşağın saxlanması üçün əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması hissəsində razıdır. Lakin 150 manat əlavə xərcin və birdəfəlik 1200 manat məbləğində pulun tutulması hissəsində razı deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 452856 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2021-ci ildə il tarixdə 5 saylı Bakı “Asan xidmət” X6 tərəfindən nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3237 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Qurtuluşzadə” soyadını qəbul etmişdir. - AZ-İV seriyalı 880721 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 04 iyul 2023-cü il tarixli, MŞB/18/2023-00910 saylı arayışdan görünür ki, Cavabdeh 04 iyul 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat ödəmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “məsləhətçi” vəzifəsində işləyir. Aylıq əmək haqqı 1074 manatdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “böyük mütəxəssis” vəzifəsində işləyir. Aylıq əmək haqqı 799 manatdır. - 20 iyun 2023-cü il tarixli “evlərin kirayə müqaviləsi”ndən görünür ki, Cavabdeh ünvan 1 ünvanında kirayə evdə yaşayır. Aylıq 400 manat olmaqla kirayə haqqı ödəyir. - “X12” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinin surətindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq ödəniş 435.61 manat olmaqla “X12” MMC qarşısında öhdəlik götürmüşdür. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət üçün 120 manat məbləğində pul ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-100/2023 saylı, 10 iyul 2023cü il tarixli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, 17 aprel 2023-cü təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment 10 iyul 2023-cü il tarixdən başlayaraq, İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2023cü il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər nikahda olsalar da faktiki olaraq ayrı yaşayırlar. Uşaq ananın himayəsində qalır. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən xx.xx.2023-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehin aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin təyin edilməsini, uşağa dair çəkilmiş xərclərin yarısı kimi birdəfəlik olaraq 1200 manat məbləğin, uşağın əlavə xərclərində iştirakı üçün aylıq 150 manat sabit pul məbləğinin pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-100/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərardadı da bu zaman nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin “uşağa dair çəkilmiş xərclərin yarısı kimi birdəfəlik olaraq 1200 manat məbləğin, uşağın əlavə xərclərində iştirak üçün aylıq 150 manat sabit pul məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlərdən görünür ki, o, uşağın zəruri ehtiyaclarına dair 2400 manatdan çox xərc çəkmişdir. Məhkəmə hesab edir ki, uşağın saxlanmasında və zəruri ehtiyaclarının ödənilməsində hər iki valideyn iştirak etməlidir. Bu səbəbdən cavabdehdən birdəfəlik olaraq 1200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 150 manat sabit pul məbləğinin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, bu hissədə cavabdehin hüquqları, onun maddi ehtiyacları nəzərə alınmalıdır. Göründüyü kimi cavabdeh kirayə evdə yaşayır, həmçinin lizinq müqaviləsinə əsasən hər ay pul ödəyir. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquqi yardım üçün ödənilmiş 120 manat məbləğində pulun tutulmasına dair iddiaçı tərəfindən sübut təqdim edildiyi üçün iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq (xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment, uşağa çəkilmiş xərclərin yarısı kimi birdəfəlik olaraq 1200 manat, mediasiya xərci olaraq 55 manat və hüquqi yardım üçün ödənilmiş 120 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 52.22 (əlli iki manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq (xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment, uşağa çəkilmiş xərclərin yarısı kimi birdəfəlik olaraq 1200 manat, mediasiya xərci olaraq 55 manat və hüquqi yardım üçün ödənilmiş 120 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 52.22 (əlli iki manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2278/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2278/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver