Məhkəmə qərarları › İş №e-2(007)-2350/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2350/2021

06.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2350/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Kreditor Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinin ödənilməsinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinin ödənilməsinə” dair iddia ərizə ilə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Kreditor MMC ilə Borclu arasında bağlanmış 09.10.2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət tərəfindən borcluya 12 ay müddətinə ümumi qiyməti 1296,82 manat dəyərində LGDoorCooling+B502SQCL markalı soyuducu satmışdır. 09.10.2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin 8.2-ci maddəsindən görünür ki, alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda, satıcının öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya əşyanın qaytarılmasını alıcıdan tələb edə bilər. Bu tələb alıcı tərəfindən 3 (üç) gün müddətində yerinə yetirilməlidir. Tələb yerinə yetirilmədikdə, alıcı hər gecikdirilmiş gün üçün əşyanın qiymətinin 1% cərimə ödəyir. Müqavilənin şərtində geyd olunmuş tələb yəni xəbərdarlıq (pretenziya) iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.4-ci maddəsinə əsasən iddia ərizəsinin forması və məzmununda müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat qeyd olunmalıdır. MPM-nin 50.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. MPM-nin 152.1.6-cı maddəsinin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinin ödənilməsinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyatı üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar