Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2383/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan 27 oktyabr 2022-ci il təvəllüdlü uşağı X4 18 yaşına çatanadək onun saxlanması üçün hər ay sabit pul məbləği ilə 400 (dörd yüz) manat məbləğində aliment tutularaq (alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmaqla) ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 noyabr 2021-ci il tarixində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurub. Birgə nikahdan 27 oktyabr 2022-ci il tarixində X10 adlı bir uşaqları dünyaya gəlib. Cavabdeh ilə ailə quraraq onun valideynləri ilə birgə yaşadığı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evə gəlin köçərək orada yaşayıb. Həmin evə gəlin köçərkən özü ilə gətirdiyi çoxlu sayda cehiz əşyaları, o cümlədən bahalı mebelləri evin birinci və ikinci mərtəbələrinə müvafiq otaqlara yerləşdirilib. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ailə münasibətlərinin normal olmasına və ailədə baş verən mübahisələri qarşılıqlı anlaşma ilə həll etməyə çalışıb. Lakin 25 may 2023-cü il tarixində ona məlum oldu ki, Vüsal Selimxanov onunla evlənənədək başqa bir qadınla münasibət qurmuş və hətta ondan bir uşağı da vardır. O isə bunu uzun müddət ondan gizlətmiş və onunla ailə qurmuşdur. Artıq bu məsələ ortaya çıxdıqdan sonra cavabdehlə aralarında olan ailə münasibətləri gərginləşməyə başladı. Hətta o, belə bir halın olmadığını boynundan atmağa çalışırdı. Cavabdeh və onun anası Tamara İsmailova bu vəziyyətdən istifadə edərək ona “bu evdən çıx get, artıq səni boşayırıq” dedilər. Buna görə də, uşaqlı olduğu üçün onun işlərini onun adından aparmaq məqsədi ilə anasına etibarnamə vermək qərarına gəldi. 01 iyun 2023-cü il tarixində anası ilə birgə uşağı da özü ilə götürərək notariat ofisinə getdilər. Onlar yolda olarkən qayınanası Tamara İsmailova ona zəng edərək dedi ki, “evə gəlmə, qapını bağlamışıq, açarları da dəyişmişik.” O, bu zaman həm uşağının, həm də özünün ehtiyat geyim və digər əşyaları olmadığına və qapı arxasında qaldıqlarına görə “102”yə zəng edərək bu vəziyyət barədə məlumat verdi. “102” xidmətindən yaşadıqları ünvanın qapısına gələrək akt tərtib etdilər. Sonra cavabdehlər polis vasitəsi ilə uşağına və ona bir-iki ədəd, o qədər də yararlı olmayan geyim əşyası göndərdilər. Həmin vaxtdan da uşağı ilə birlikdə valideynlərinin yanına gedərək onlarla birlikdə yaşayır. Onun uşağının saxlanması üçün maddi yardıma ehtiyacı vardır. Uşağı hələ çox körpə olduğu üçün heç yerdə işləmir. Hazırda uşağını valideynlərinin köməyi ilə saxlayır. Cavabdehlə uşağın saxlanmasına dair aliment barədə aralarında razılaşma və ya hər hansı müqavilə olmamışdır. Cavabdehdən ayrıldıqdan sonra o, uşağın saxlanmasında iştirak etməmişdir. Ona görə də, cavabdeh uşağın saxlanmasında öz valideynlik vəzifəsini yerinə yetirərək aliment ödəməlidir. Cavabdehin rəsmi müqavilə ilə işlədiyi iş yeri olmasa da, ailəlikcə anası, qardası ilə birlikdə ailə biznesləri vardır. "xxxx" MMC-nin (VÖEN:**********) təmsilcisi qayını X5r. Həmin MMC-də cavabdeh də fəaliyyət göstərir. Yəni maddi imkanı qənaətbəxşdır. Uşağının maddi ehtiyaclarını və cavabdehin maddi vəziyyətinin yüksək olduğunu nəzərə alaraq cavabdehdən hər ay 400 manat məbləğində sabit pulməbləğində aliment tələb edir. X7 iştirak edilməməsi barədə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-0037 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onun tərəfindən Cavabdeh və X6 qarşı irəli sürülmüş “aliment tələbi və əmlakqızıl-zinət əşyalarımın, cehiz əşyalaraının, geyim və sair əşyaların tələbi” barədə yaranmış mübahisə üzrə 14 iyul 2023-ci ildə, saat 12:30-də keçirilməsi nəzərdə tutulan X7 o və onun nümayəndəsi Nümayəndə iştirak edib, cavabdehlər Cavabdeh və X8 iştirak etməyiblər. O, ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 (əlli) manat məbləğində xərci ödəyib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların nikahları pozulmayıb. Cavabdeh uşaqları hələ 7 aylıq olarkən onları evdən qovub, artıq 4 aydır ki, uşağı ilə maraqlanmır. İddiaçının şəxsi biznesi var, özü ustadır, su aparatlarını düzəldir. Alimenti ödəmək üçün kifayət qədər vəsaiti var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, cavabdeh işləmir və 400 manat məbləğində alimenti ödəyə bilməyəcək. Onun başqa övladı da var və hazırkı həmin uşağın saxlanılması üçün 154 manat məbləğində aliment ödəyir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 468813 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X12 22 noyabr 202-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5069 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir; - AZ-İV seriyalı 821025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 oktyabr 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Səlimxan oğludan hər ay 154 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından 27 oktyabr 2022-ci il tarixdə X10 doğulmuşdur. Həmçinin, cavabdehin xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladı var. Tərəflər hazırda bir yerdə yaşamırlar, cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində yaşayan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay uşağa görə 400 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, cavabdeh tərəfindən X1 üçün aliment ödənilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay 400 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 20 iyul 2023-cü il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 iyul 2023-cü il tarixdən başlayaraq, 27 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X7 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X7 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməli, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində (xx.xx.2023-cü il tarixli X7 iştirak edilməməsi barədə arayışa əsasən) pulun ödənilməsi səbəbindən və iddiaçı alimentin alınması barədə iddia üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 iyul 2023-cü il tarixdən başlayaraq, 27 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2383/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2383/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver