Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-239/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2, iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən olunması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində paylara uyğun qeydiyyatın aparılması və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb olunmaqla Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən olunması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində paylara uyğun qeydiyyatın aparılması və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Maraqlı şəxs cavabdeh qismində cəlb olunması, 16 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən təsdiq edilmiş cavabdehlər Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış 16 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Maraqlı şəxs adına verilmiş BA 172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Ford Fusion” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı (buraxılış il: 2017, rəngi – tünd boz metalik, mühərrik HR378373, ban 3FA6P0HDXHR378373) avtomobilə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payların müəyyən edilməsi və həmin hissədə mülkiyyət hüququ tanınması, İddiaçı məxsus olan 1 ədəd komplekt (qolbaq, boyunbağı, üzük, sırğa), 1 ədəd nişan üzüyü və 1 ədəd tək qaş üzüyün Cavabdeh Xəqani oğlundan alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17 mart 2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu nikahdan 20 yanvar 2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin ailə qurduqları vaxtda münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. İddiaçının cavabdehlə aralarındakı ər-arvad münasibətləri kəskinləşmiş, hazırda nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi davam edir. İddiaçı 17 avqust 2022-ci il tarixdə mediasiya prosesində iştirak etmiş, yekunda ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Birgə nikah dövründə, 25 dekabr 2021-ci ildə nəqliyyat vasitəsi "Ford Fusion" markalı ** FN *** dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış il: 2017, rəngi – tünd bozmetallik, mühərrik HR378373, ban 3FA6P0HDXHR378373) cavabdehin adına qeydiyyata alınmışdır. 16 aprel 2022-ci il tarixdə Cavabdeh onların ümumi əmlakı olan Nəqliyyat vasitəsini ("Ford Fusion" markalı ** FN *** dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış il: 2017, rəngi – tünd bozmetallik, mühərrik HR378373, ban 3FA6P0HDXHR378373) onun xəbəri və razılığı olmadan Maraqlı şəxs satmış, həmin tarixdə də sonuncunun adına Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir (BA№172163). Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi 16 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən təsdiq edilmişdir. Nəqliyyat vasitəsi birgə nikah dövründə əldə olunmuş və tərəflərin ümumi əmlakıdır. Hazırki iş üzrə nikahın pozulması barədə iddia verildikdən sonra Cavabdeh Nəqliyyat vasitəsini əmlak bölgüsündən yayındırmaq məqsədilə onun xəbəri və razılığı olmadan alqı-satqı yolu ilə Maraqlı şəxs adına keçirmiş, həmin tarixdə ondan etibarnamə alaraq nəqliyyat vasitəsinin idarə etməyə davam etmiş, sözügedən nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş və buna görə tətbiq olunan 40 manat məbləğində inzibati cəriməni də ödəmişdir. Nəqliyyat vasitəsi birgə nikahda olduqları müddətdə, onların birgə təsərrüfatı nəticəsində əldə edilmiş gəlir ilə alındığından, satıldığı zaman isə onun notariat qaydasında təsdiq edilmiş razılığı alınmadığından Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa, o, cavabdehlə birgə yaşadığı evdən ayrılmış, lakin bu zaman onlar arasında mübahisə olmamışdır. Özünə məxsus olan əşyaları, yəni 1 ədəd komplekt (qolbaq, boyunbağı, üzük, sırğa), 1 ədəd nişan üzüyü və 1 ədəd tək qaş üzük qızıl-zinət əşyaları götürmək üçün yenidən evə qayıtmış və onları götürmüşdür. Bununla belə cavabdeh ona anasının yadigarı olan 3 zinət əşyasını götürməli olduğunu təkidlə bildirdikdən sonra həmin əşyaları götürməsinə razılıq vermişdir. Tərəflər arasında nikah münasibətləri xitam olunmadığından iddiaçı cavabdehlə əvvəllər yaşadığı evdə qalmağa davam etmiş, özünə məxsus olan qızıl-zinət əşyalarını da həmin evə gətirmişdir. Sonrakı müddətdə zinət əşyaları(qızıllar) onun dəfələrlə evə girib-çıxdığı müddətdə burada olsa da, o, sonuncu dəfə evi yenidən tərk etdikdən sonra qızıllar cavabdeh tərəfindən olduğu yerdən götürülmüş, o, bu barədə cavabdehdən izah tələb etdikdə isə “bu barədə danışacaqlar”ı cavabını almışdır. Daha sonra isə Cavabdeh ona qızılların ümumiyyətlə harada olduğunu bilmədiyini bildirmişdir. Bu mübahisədə tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığını müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Belə ki, iddiaçı cavabdehlə olan münasibətləri korlansa da, yenə də ona etimad etmiş, əvvəl anasından yadigar olduğunu söylədiyi əşyaları götürməsinə şərait yaratmış daha sonra isə özünə aid olan qızıl zinət əşyalarını onunla birlikdə yaşadığı evə gətirmişdir. Lakin cavabdeh onun bu etibarından sui-istifadə etmiş, onun yaratdığı qarşılıqlı inam mühitini dağıdaraq onun qızıl-zinət əşyalarını o evdən ayrıldığı müddətdə götürmüşdür. Göstərilənlərə əsasən, 16 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən təsdiq edilmiş Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış 16 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Maraqlı şəxs adına verilmiş BA172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi, "Ford Fusion" markalı **-FN-*** dövlət qeydiyyat nişanlı (buraxılış il: 2017, rəngi – tünd boz metallik, mühərrik HR378373, ban 3FA6P0HDXHR378373) avtomobilə onun 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payının müəyyən edilməsi və həmin hissədə mülkiyyət hüququ tanınması, iddiaçıya məxsus olan 1 ədəd komplekt (qolbaq, boyunbağı, üzük, sırğa), 1 ədəd nişan üzüyü və 1 ədəd tək qaş üzüyün Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaya dair öz etirazını təqdim etmiş, həmçinin nəqliyyat vasitəsini ayrı yaşadıqları dövrdə öz vəsaiti hesabına aldığından İddiaçı razılığının tələb olunmasına zərurət olmadığını və avtomobili satdıqdan sonra atasına və digər şəxslərə olan borcunun qaytardığını bildirmişdir. Qızılların isə İddiaçı özündə olmasını bildirdi və bu barədə “WhatsApp” yazışmanın çıxarışını məhkəməyə təqdim etdi. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh etirazı onunla əsalandırılmışdır ki, ailə qurmamışdan əvvəl şəxsi avtomobili olmuş və nikaha daxil olandan sonra öz avtomobilini satdıqdan sonra münasib qiymətə avtomobil almış, çünki ailə xərcləri çox olduğu üçün ailənin bütün yükü onun üzərində idi. Bununla əlaqədar onun hər zaman yaxınlarına və dostlarına borcu yaranırdı və həmin borcları özü qaytarırdı. İddiaçı işlədiyi halda əmək haqqını ailəyə xərcləməyib. Nikah dövründə ailə büdcəsinə heç bir pul xərcləməyib. Bu səbəbdən ailə borclarına görə yaranan borcları qaytarmaq üçün şəxsi avtomobilini turbo.az saytında elan yerləşdirməklə satmaq məcburiyyəti qarşısında qalıb. Pulun bir qismini borclu qaldığı üçün avtomobili alan şəxs, alğı-satıqı günü onun adına sürücülük hüququ ilə etibarnamə vermişdir. Danışığa əsasən pulun qalan hissəsini ödədikdən sonra, etibarnaməyə xitam verməli idi. Lakin pulu tam ödəyib avtomobili götürdükdən sonra dəfələrlə xahiş etməyə baxmayaraq etibarnaməyə xitam verməmişdir. Bu səbəbdən o, elektron notariat portalı üzərindən etibarnaməyə xitam vermişdir. Hətta Maraqlı şəxs törətdiyi inzibati xətalar, son etibarnamə onun adına olduğuna görə onun şəxsi kabinetinə gəlirdi. Bundan əlavə iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları özündədir. İddiaçı 23 iyul 2021-ci il tarixdə son münaqişədən sonra bütün qızılları götürüb atasının evinə getmiş və buna sübut kimi 27 iyul 2021-ci ildə olan yazışma təqdim edilmişdir. Bundan sonra 2021-ci ilin sonunda iddiaçının evini satmaq səbəbindən barışmaq razılığı ilə ona Cavabdeh məxsus mənzilə köçmüşdür. Yalnız 5-6 gün sonra yaranan münaqişə səbəbindən son dəfə ona məxsus əşyalarını götürmədən mənzili tərk etmiş və həmin tarixdən mənzilə daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdeh Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkili və nümayəndəsini, cavabdehi və cavabdehin vəkili-nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 741382 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2017-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 264 nömrə ilə qeyd edilmişdir. - Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2509/2022-ci il nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və 264 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikah xx.xx.2022-ci il tarixdə pozulmuş, birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X7 anası İddiaçı himayəsində saxlanmış, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-4587 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil1 iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 50 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3- 13-1612-14055/2023 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ilə alıcı Maraqlı şəxs arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus ** FN *** dövlət qeydiyyat nişanlı, “Ford Fusion minik” markalı, 2017ci il buraxılışlı, 3FA6P0HDXHR378373 ban nömrəli nəqliyyat vasitəsini 21000 manat məbləğə alıcıya satmışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 28 oktyabr 2022-ci il tarixli, 1/5099 nömrəli məktubundan görünür ki, ədliyyə leytenantı Maraqlı şəxs hzırda N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçir. - Asanpay ödəniş sistemindən çıxarılmış çıxarışa əsasən 28 oktyabr 2022-ci il tarixli EQ 11924431 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 28 oktyabr 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2021-ci ildə aralarında münaqişə baş verir və hər ikisi Cavabdeh məxsus evdən gedirlər. Cavabdeh birgə nikah dövründə yəni, xx.xx.2021-ci ildə “Ford Fusion minik” markalı, 2017-ci il buraxılışlı, 3FA6P0HDXHR378373 ban nömrəli nəqliyyat vasitəsi əldə edilmişdir. xx.xx.2021-ci il tarixində tərəflər yenidən barışaraq evlərinə qayıdır. Lakin 1 həftədən sonra Cavabdeh evdən yenidən çıxıb gedir. “Ford Fusion minik” markalı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə Cavabdeh Maraqlı şəxs aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 21000 manat müqabilində özgəninkiləşdirmişdir. Hazırda iddiaçı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin avtomobilə iddiaçının 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payın müəyyən edilməsi və həmin hissədə mülkiyyət hüququnun tanınması, iddiaçıya məxsus olan 1 ədəd komplekt (qolbaq, boyunbağı, üzük, sırğa), 1 ədəd nişan üzüyü və 1 ədəd tək qaş üzüyün Cavabdeh Xəqani oğlundan alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddianın predmetini təşkil edən “Ford Fusion minik” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi, Cavabdeh iddiaçının razılığı olmadan birgə nikah dövründə əldə edilmiş əmlak olan “Ford Fusion minik” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Maraqlı şəxs satmışdır. Bununla da, faktiki olaraq iddiaçının qanunla qorunan mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki işin məhkəmə tədqiqi ilə müəyyən edilmiş nəticə ondan ibarət olmuşdur ki, Cavabdeh “Ford Fusion minik” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş vəsait hesabına deyil, öz vəsaiti hesabına iddiaçı ilə ayrı yaşadıqları müddətdə əldə etdiyini bildirsə də ona dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə, nəqliyyat vasitəsini cavabdehin iddiaçı ilə ayrı yaşadıqları müddətdə əldə etməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, onlar cəmi 5 ay ayrı yaşamışlar xx.xx.2021-ci ildə ayrılmışlar xx.xx.2021-ci ildə cavabdeh nəqliyyat vasitəsini əldə edib. Alqı-satqı müqaviləsindən görünür ki, nəqliyyat vasitəsini istifadə olunmuş vəziyyətdə belə 21000 manata satmışdır. Bundan əlavə cavabdeh atasından və digər şəxslərdən borc almasını, uşağın dünyaya gəlməsinə xərc çəkdiyini bildirmişdir. Belə olan halda cavabdehin nəqliyyat vasitəsinin alınması üçün tələb olunan məbləğin qısa müddətdə yəni ayrı yaşadıqları dövrdə əldə etməsi ağlabatan deyil. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-1612-14055/2023 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini Maraqlı şəxs satdıqdan sonra sonuncu Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün uzunmüddətli (10 il) etibarnamə vermişdir. Cavabdeh niyyəti faktiki olaraq ayrıldığı arvadı İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakı özgəninkiləşdirərək əmlak bölgüsündən yayınmaq olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh atası Müdafiə Nazirliyində işləyir. Həmçinin ədliyyə leytenantı Maraqlı şəxs da hərbi hissədə həqiqi hərbi xidmət keçir. Cavabdeh məhkəmə iclasında Maraqlı şəxs hərbçi olmasını təsadüf nəticəsində sonradan bildiyini desə də bu hal məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda, əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə bağlandığı andan etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancı hesabına əldə edilmiş olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Qeyd olunanlarla müəyyən olundu ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələbində qeyd olunan nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə qeyd edir ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin mülkiyyətində olmasından, habelə tərəfin birinin müstəqil qazancının olub-olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Hazırda tərəflər arasında olan ailə münasibətləri pisləşdiyi və mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığı üçün iddiaçı onun razılığı olmadan özgəninkiləşdirilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş ümumi əmlakda olan payların müəyyən edilməsini istəyir. Məhkəmə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Tələbin qızıl-zinət əşyalarının qaytarılması hissəsinə münasibətdə isə iddiaçı qızılzinət əşyalarının Cavabdeh olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hal-hazırda da cavabdehə məxsus mənzildə yaşayır. Cavabdeh əşyalarını da götürmədən mənzildən getmişdir. Həmçinin iş materiallarında olan yazışmalar qızıl-zinət əşyalarının iddiaçıda olmasına dəlalət edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı qızıl-zinət əşyalarının Cavabdeh olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, buraxılış ili 2017-ci il olan “Ford Fusion minik” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış 16 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilməli, “Ford Fusion minik” markalı nəqliyyat vasitəsinə tərəflərin ½ payı müəyyən edilməli və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində paylara uyğun olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunu tələb etmədiyindən, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə Maraqlı şəxs arasında “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 16 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Maraqlı şəxs adına olan “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 16 aprel 2022-ci il tarixli, BA172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin. Birgə nikah dövründə əldə edilmiş “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı ½ hissədə, Cavabdeh Azer oğlunun ½ hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-239/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-239/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver