Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2445/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 (altı yüz) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AZ/PİC/19/0001 nömrəli xx.xx.2019cu il tarixli sığorta şəhadətnaməsinə əsasən "xxxx" QSC-yə sığorta təminatı verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 3166 məhəllə, 1-ci yaşayış binasının 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində yerləşən "xxxx" mağazasının giriş qapısının sol hissəsində olan şüşəni daşla sındıraraq həmin gün, saat 04:10-da qanunsuz olaraq mağazaya daxil olub kassadan 40,80 manat pulu, piştaxtalardan 169 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİERXO 1755”, 229 manat dəyərində 0,7 litr həcmdə “DEAU Black Extra”, 159 manat dəyərində 0,7 litr həcmdə “DEAU XO”, 149 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER XO”, 139 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER XO X1”, 54,90 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER VSOP”, 329 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER XO Tradition Rare” və 69 manat dəyərində 1,0 litr həcmdə “MBWS GAUTİER VSOP” adlı spirtli içkilərini gizli yolla talayaraq zərər çəkmiş şəxs "xxxx" QSC-yə ümumilikdə 1.338,70 manat məbləğində ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə 1(00xx-xx/2020 nömrəli hökm qəbul etmişdir. Dəymiş zərərlə bağlı 600 (altı yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli sığorta aktının İddiaçı ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, "xxxx" QSC-yə ümumilikdə 600 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC 600 manat məbləğində sığorta ödənişini "xxxx" QSC-nin hesabına köçürmüşdür. İşə əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(00xx-xx/2020 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Cavabdeh barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi- 08 (səkkiz) ay 10 (on) gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməsi və ona qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 04 avqust 2019-cuil tarixdən hesablanması, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşə əlavə olunmuş Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. "“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh tərəfindən 169 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİERXO 1755”, 229 manat dəyərində 0,7 litr həcmdə “DEAU Black Extra”, 159 manat dəyərində 0,7 litr həcmdə “DEAU XO”, 149 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER XO”, 139 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER XO X1”, 54,90 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER VSOP”, 329 manat dəyərində 0,7 litr həcmdə “MBWS GAUTİER XO Tradition Rare” və 69 manat dəyərində 1,0 litr həcmdə “MBWS GAUTİER VSOP” adlı spirtli içkilərini gizli yolla talanaraq "xxxx" QSC-yə zərər vurulmuşdur. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 1(00xx-xx/2020 nömrəli hökmü qəbul edilmişdir. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən ümumilikdə 600 manat məbləğində sığorta ödənişinin "xxxx" QSC-yə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 600 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 600 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 600 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2445/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2445/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver