Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2657/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Makharamov Geirata qarşı “aliment” tələbinə dair iddia tələbi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Makharamov Geirata qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh Makharamov Geiratdan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, cavabdeh Makharamov Geirat ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Minsk şəhəri Moskva rayonu administrasiyasının VVAQ Şöbəsi tərəfindən 2196 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2017-ci il tarixdə İ-BH №0686497 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarıxx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pozulmuşdur. Qeyd edir ki, artıq cavabdehlə birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. Cavabdeh uşaqların maddi təminatlarında iştirak etmir, bütün xərclər onun tərəfindən ödənilir. Bu səbəbdən birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladları, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Diqqətə çatdırır ki, mübahisənin həll olunması məqsədilə ilkin mediasiya prosesinin təşkil olunması üçün mediasiya müraciəti etmişdir. Lakin Bakı 12 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00673 nömrəli “İlkin mediasiya sessiyasında (İSM) iştirak edilməməsi barədə” arayışdan da göründüyü kimi cavabdeh Makharamov Geirat ilkin mediasiya prosesində iştirak etməmişdir. Bu səbəbdən mübahisənin ədalət mühakiməsini həyata keçirən məhkəmə qaydasında həll edilməsi qanunamüvafiq hesab edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı cavabdehlə bir yerdə yaşamırlar. Aliment üçün birinci dəfədir ki, məhkəməyə müraciət edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Makharamov Geirata məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-BH seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada tərcüməsindən görünür ki, Makharamov Geirat ilə İddiaçı 08 dekabr 2017-ci il tarixdə Minsk şəhəri Moskva rayonu administrasiyasının VVAQ Şöbəsi tərəfindən nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2196 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Həsənova” soyadında qalmışdır. - İ-BH seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcüməsindən görünür ki, X5 01 sentyabr 2017-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Makharamov Geirat, ana qrafasında İddiaçı qeyd edilmişdir. - İ-BH seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcüməsindən görünür ki, X4 24 iyul 2019-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında Makharamov Geirat, ana qrafasında İddiaçı qeyd edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 03 avqust 2023-cü il tarixli, MŞB/xx/xx/00673 saylı arayışdan görünür ki, Makharamov Geirat 03 avqust 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir. - X2 və İnformasiya Təminatı Baş İdarəsinin 14 iyul 2023-cü il və 21 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü Makharamov Geirat sonuncu dəfə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 12 ünvanında qeydiyyat alınmışdır. - İ-BH seriyalı ******* nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, Makharamov Geirat İddiaçı doğulmuş X3 atası kimi təsdiq edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 27 oktyabr 2017-ci il tarixdə 294 nömrə ilə qeyd edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı "Bakı Baş Səhiyyə Mərkəzi" X7 “Kiçik tibb bacısı” vəzifəsində işləyir. Aylıq əmək haqqısı 522.35 manatdır. - 09 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Makharamov Geirat rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşlar. Hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 saxlanılmaları üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Makharamov Geiratdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment tutulub İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 21 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Makharamov Geiratdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment tutulub İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Lakin, alimentin tutulması ilə bağlı ödənilməli olan 72.80 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən çox olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasına baxmayaraq məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Makharamov Geiratdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment tutulub İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2657/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2657/2023
16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver