Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2819/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı olan “əmək haqqı tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı olan “əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işlədiyi müddətdə istifadə etmədiyi bütün iş illəri üzrə 210 gün əsas məzuniyyət günləri üçün pul əvəzinin hesablanıb ona ödənilməsi; istifadə etmədiyi bütün iş illəri üzrə 210 gün əsas məzuniyyət günləri üçün 38797.50 manat pul əvəzinin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi :
2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
5. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarına əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır.
7. Hazırda iddiaçı iddia ərizəsini cavabdeh olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 27 ildən artıq bir müddətdə işlədiyini, xx.xx.2021-ci il tarixdə işdən azad olunduğunu, işdən azad olunarkən son haqqhesabın düzgün aparılmaması ilə əsaslandırmışdır. İddiaçı istifadə etmədiyi 210 gün məzuniyyət gününün olmasını və buna görə cəmi 4688.34 manat (müvafiq çıxılmalardan sonra) məbləğində pul əvəzi ödənildiyini bildirmişdir. İddiaçı məzuniyyət günləri üçün son haqq-hesabın hesablanması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2017-ci il tarixli, **********739700 saylı əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi qaydası”na uyğun olaraq əlavələrin nəzərə alınmadığını iddia edir.
8. Yəni iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş vəzifə maaşına əlavələri nəzərdə tutan qaydalara riayət edilməməsi, yəni cavabdehin hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu bildirir.
9. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələb ilə inzibati məhkəməyə müraciət edə bilər.
10. Mülki prossesual qanunvericiliyə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
Nəticə :
11. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı olan “əmək haqqı” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı olan “əmək haqqı” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva