Məhkəmə qərarları › İş №e-2(007)-2898/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2898/2025

27.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2898/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilmiş gün üçün ödənc məbləğinin və ödənilməmiş qalıq məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilmiş gün üçün ödənc məbləğinin və ödənilməmiş qalıq məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən işlədiyi müddət ərzində ödənilməmiş 2769,20 manat (6 ay 13 gün üçün), eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün hesablanacaq 1 faiz ödənc məbləğləri üçün 6718,27 manat məbləğin, ödənilməmiş qalıq məzuniyyət gününə münasibətdə 227,75 manat, həmçinin tərəfindən ödənilmiş 60 manat mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni verdiyi tarixdən qətnamə tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni, əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün hesablanacaq 1 faiz ödənc məbləğlərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixli ərizəsi əsasında, həmin tarixlə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və hüquqşünas vəzifəsində çalışmışdır. Çalışdığı 9 ay müddət ərzində ona cəmi 3 ayın ödənişi 05 mart 2025-ci il tarixində ödənilmiş, bundan sonra ümumiyyətlə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən dəfələrlə edilmiş şifahi və yazılı müraciətlərinə baxmayanıq əmək haqqı məbləğləri bu günki tarixədək ödənilməmişdir.xx.xx.2025-ci il tarixində iş yerini dəyişməyi zərurəti ilə əlaqədar olaraq əmək müqaviləsinə həmin tarixlə xitam verilməsi üçün tərəfindən ərizə ilə MMC-nin online kargüzarlıq qaydasında nəzərdə tutulmuş VÖEN (**********) nömrəsinə (istər pdf, istərsə də elektron imzalı) müraciət etmişdir. Bundan sonra, həmin ərizəni gördükdən sonra onunla əlaqəyə çıxıb 1 ay müddətinə xitam verəcəklərini bildirib, özlərinə vaxt qazanmağa çalışmışdırlar ki, ödənişi bir az daha gecikdirə bilsinlər. Dəfələrlə etdiyi təkidlərdən sonra, onlar onun əmək müqaviləsinə ərizəsini təqdim etdiyi tarixdən 3 gün sonra, yəni xx.xx.2025-ci il tarixində xitam verilmişdir, hansı ki, o, ərizəsində də iş yerini dəyişməyi zərurəti ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsini istəmişdir. Əmək müqaviləsinə xitam verildiyi gündən, yəni, xx.xx.2025-ci il tarixindən etibarən bu günkü tarixədək ona son haqq-hesab məbləği ödənilməmişdir. Bununla bağlı son dəfə danışıqlar aparmağına baxmayaraq, həmin danışıqlar da fayda verməmişdir. İddia ərizəsinə əlavə etdiyi cədvəldə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr ərzində ödənilməmiş əmək haqqı məbləğləri, hər gecikdirilmiş gün üçün hesablanmış 1 faiz ödənc məbləği və qalıq məzuniyyət günü üçün hesablanmış ödəniş öz əksini tapmışdır. Mülki iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflər və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə verərək məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəfə sorğu göndərilmiş, sənədlər işəgötürən tərəfindən istənilmiş, lakin cavabdeh tərəf sənədləri təqdim etməmişdir. Onun müraciəti əsasında cavabdeh tərəf inzibati qaydada məsuliyyətə cəlb edilmiş və cərimə edilmişdir. Onun cavabdeh tərəflə münasibətləri var idi, ancaq əmək haqqısını çox gecikdirdilər. Cavabdeh tərəfin rəhbəri maddi imkanı olmadığı üçün heç bir əməkdaşa pul ödənilmədiyini bildirirdi, təxminən 6-7 ay vəziyyət belə olmuş, ancaq sonradan öyrənmişdir ki, bir neçə əməkdaşa əmək haqqısı ödənilib. Onun əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmış,cavabdeh tərəf ilə hüquq münasibətləri də həmin vaxtdan yaranmışdır. Ona 2025-ci il mart ayında əmək haqqı ilə bağlı ödənişi edilmişdir. Burada gecikmə iki hissədən ibarətdir, cavabdeh tərəf sentyabr ayından ödənilməli olan əmək haqqısının 3 ayının ödənişini xx.xx.2025-ci ildə etmişdir. Hər gecikdirilmiş gün üçün məbləğ 4 manat edir. O, məhkəməyə müraciət etmək üçün müddəti ötürməmişdir. Onun bu işlə bağlı vaxtı gedir, sadəcə prinsipə görə bu məsələni izləyir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işə düzəlmiş, əmək haqqı məbləği 500 manat müəyyən edilmiş, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 3 dəfə 451,50 manat əmək haqqı yüklənilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanılmış xx.xx.2025-ci il tarixli ərizə və məktubdan görünür ki, İddiaçı iş yerini dəyişməyi zərurəti ilə əlaqədar olaraq onunla bağladıqları əmək müqaviləsinə bu günki tarixdən etibarən öz xahişi nəzərə alınmaqla xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli ev 25 mənzil 15) tərəflərindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-64905/2025 nömrəli məktub göndərilmiş və onlara aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidməti vasitəsilə (ss9********) geri göndərildiyindən müraciətin araşdırılması mümkün olmamışdır. Müraciət ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMCnin işəgötürəni arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsini 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2025-ci il tarixində xitam verildiyi məlum olmuşdur. Araşdırma zamanı Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli 25-1-0-0/000-0029-2 saylı qərar üzrə inzibati xəta haqqında işə baxılması üçün materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə təqdim olunmuşdur. Təqdim edilmiş materiallardan onlara qanunvericiliyin tələbləri pozularaq 2025-ci ilin mart ayından 2025-ci ilin iyun ayının 20-dək əmək haqqı tam məbləğdə ödənilməli olduğu halda ödənilməmiş, həmçinin əmək müqaviləsinə xitam verildiyi gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozularaq son haqq-hesab ödənilməmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) maddəsinə əsasən tərtib edilmiş 08 iyul 2025-ci il tarixli 25-1-0-0/000-0029-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara uyğun olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Qərarla inzibati cərimə edilmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar onun məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə iddiaçının ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya cavabdeh MMC tərəfindən işlədiyi müddət ərzində xx.xx.2025-ci il tarixdə 3 dəfə olmaqla 451,50 manat əmək haqqı ödənilmiş, digər ayların ödənişləri edilməmişdir. Bunun nəticəsində Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) maddəsinə əsasən tərtib edilmiş 08 iyul 2025-ci il tarixli 25-1-0-0/000-0029-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara uyğun olaraq həmin şəxs xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Qərarla inzibati cərimə edilmişdir. Hazırda İddiaçı cavabdehdən işlədiyi müddət ərzində ödənilməmiş əmək haqqını, eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün hesablanacaq 1 faiz ödənc məbləğlərini, ödənilməmiş qalıq məzuniyyət gününə münasibətdə pulun, həmçinin tərəfindən ödənilmiş 60 manat mediasiya xidmət haqqının tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxsin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsininn 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 114.1-ci maddəsinə əsasən əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. 114.2-ci maddəsinə əsasən işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 172-ci maddəsinin:

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Məhkəmə iddia tələbinin “cavabdehdən işlədiyi müddət ərzində ödənilməmiş 2769,20 manat (6 ay 13 gün üçün) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı “Team4U" MMC-də xx.xx.2024-cü il tarixdə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Göründüyü kimi işçiyə 8 ay tam, 13 və 20 gün olmaqla təxminən 2769,34 manat (8ay x 451,50 manat)+(14/30 x 451,50 manat)+(20/30 x 451,50 manat) əmək haqqı ödənilməli idi. Hazırda 3 ayın ödənişi iddiaçıya tam şəkildə həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə təmin edilməli, ödənilməmiş əmək haqqı kimi 2769,20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün hesablanacaq 1 faiz ödənc məbləğləri üçün 6718,27 manat məbləğin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, gecikdirilmiş gün üçün hesablanacaq 1 faiz ödənc məbləği əmək haqqı məbləğinin gecikdirilməsi üçün nəzərdə tutulmuş, lakin iddiaçı məzuniyyət pulunun da ödənc məbləğinin tutulmasını məhkəmədən tələb etmişdir. Hansı ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (iddiaçının tələbinə əsasən) (310 gün x 210,7 manat)x1%, 2024cü ilin oktyabr ayından xx.xx.2025-ci il tarixədək (124 gün x 451,50 manat)x1%, 2024-cü ilin noyabr ayından xx.xx.2025-ci il tarixədək (94 gün x 451,50 manat)x1%, 2024-cü ilin dekabr ayından xx.xx.2025-ci il tarixədək (63 gün x 451,50 manat)x1%, 2025-ci ilin yanvar ayından xx.xx.2025-ci il tarixədək (220 gün x 451,50 manat)x1%, 2025-ci ilin fevral ayından xx.xx.2025-ci il tarixədək (192 gün x 451,50 manat)x1%, 2025-ci ilin mart ayından xx.xx.2025-ci il tarixədək (161 gün x 451,50 manat)x1%, 2025-ci ilin aprel ayından xx.xx.2025-ci il tarixədək (131 gün x 451,50 manat) x1%, 2025-ci ilin may ayından xx.xx.2025-ci il tarixədək (100 gün x 451,50 manat)x1%, 2025-ci ilin iyun ayından xx.xx.2025-ci il tarixədək (80 gün x 301 manat)x1% olmaqla ödənilməmiş əmək haqqı məbləğinin 1 faizi olaraq 5792,74 manat ödənc tutulmalıdır. Həmçinin məhkəmə iddia tələbinin “ödənilməmiş qalıq məzuniyyət gününə münasibətdə 227,75 manat pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir və əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 273 gün müddətinə cavabdeh MMC-də işləmişdir. Ona görə də onun qalıq məzuniyyət müddəti təxmini 16 gün (21x273):365) hesablanmalı, iddiaçının bir günlük əmək haqqının məbləği 14,85 manat (451,50:30,4) müəyyən edilərək qalıq məzuniyyət məbləği 237,60 manat (16 günx14,85 manat) olaraq hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli və ödənilməmiş qalıq məzuniyyət gününə münasibətdə 227,75 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin həmçinin məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni verdiyi tarixdən qətnamə tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni, əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün hesablanacaq 1 faiz ödənc məbləğlərinin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə ona əmək haqqının vaxtında ödənilməməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddia tələbinin bu hissədə təmin edilməməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 2769,20 manat, əmək haqqının gecikdirilməsinə görə 5792,74 manat ödənc, qalıq məzuniyyət gününə münasibətdə 227,75 manat pul İddiaçı xeyrinə tutulmalı, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni verdiyi xx.xx.2025ci il tarixdən qətnamə tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, aylıq 451,50 manat məbləğində əmək haqqı məbləğinin hər gecikdirilmiş günü üçün hesablanacaq 1 faiz ödənc məbləğləri Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Həmçinin, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 60 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir.

Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 2769,20 manat, əmək haqqının gecikdirilməsinə görə 5792,74 manat ödənc, qalıq məzuniyyət gününə münasibətdə 227,75 manat pul, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində xərcin əvəzi İddiaçı xeyrinə tutulsun. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni verdiyi xx.xx.2025-ci il tarixdən qətnamə tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, aylıq 451,50 manat məbləğində əmək haqqı məbləğinin hər gecikdirilmiş günü üçün hesablanacaq 1 faiz ödənc məbləğləri Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin və Cavabdeh MMC-dən 107,90 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar