Məhkəmə qərarları › İş №e-2(007)-3264/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3264/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3264/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh ilə 28 sentyabr 2016-cı il tarixində nikaha daxil olublar.Birgə nikahdan tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X3 adında övladları dünyaya gəlib. Bakı şəhər Nizami rayon Məhkəməsinin 3203-2019 nömrəli, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulub və tərəflərin birgə nikahdan olan övladı cavabdehin yanında saxlanılıb. Nikah pozularkən cari iş üzrə iddiaçının aylıq qazancının dörddə bir hissəsində aliment tutulub cavabdehə ödənilməsi qət edilib. Qətnamə qüvvəyə mindiyi gündən indiyə qədər aliment qətnamədə qeyd edilən miqdarda fasiləsiz olaraq iddiaçıdan tutulur və cavabdehə ödənilir.İddiaçı 08 may 2020-ci ildə başqa şəxslə rəsmi nikaha daxil olaraq yeni ailə həyatı qurub.Hazırda iddiaçının ikinci nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 olmaqla iki azyaşlı övladı vardır. İddiaçı iki azyaşlı övladının da dünyaya gəlməsi ilə əlaqədar ailə xərcləri artdığından ilkin nikahdan olan övladı üçün aylıq gəlirinin dörddə bir hissəsi, təxminən bir uşaq üçün aylıq 500 manat miqdarında aliment tutulması onu olduqca əlverişsiz vəziyyətə salır və bu hal övladlarının saxlanması üçün aylıq xərcləri arasında ədalətli bölünməsini təmin etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən 3 uşaq üçün aliment miqdarı valideynin aylıq qazancının yarısı qədər müəyyən edilib.Ailə Məcəlləsinin bu norması cari situasiayaya tətbiq edildiyi təqdirdə cavabdehin aliment öhdəliyi aylıq qazancının altıda bir hissəsi tutulmaqla müəyyən edilməli uşaqların saxlanmasının ədalətli təmin edilməsinə səbəb olacaq.Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3203/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş İddiaçı saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq iddiaçının aylıq qazancının 6/1 hissəsi məbləğində müəyyən olunması haqqında qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 öz izahatında bildirdi ki, hazırki iş üzrə iddiaçının iddiası tamamilə əsassızdır və cavabdeh qanunvericiliyin müddəalarını isə öz xeyrinə təhrif etməklə iddia qaldırıb.İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı “X5 Kompani S.A" şirkətində tikinti və təmir şöbəsində rəis müavini vəzifəsində işləyir. Əmək haqqı isə rəsmi olaraq 2520 manat təşkil edir. Bundan əlavə iddiaçı “instaqram” sosial şəbəkəsi vasitəsilə “dioxmeridetox. az” səhifəsi adı altında şəxsi ticarətlə də məşğuldur və istifadəsində 055 *** ** ** nömrəli telefon vardır. Həmçinin o ölkənin ən bahalı restoranlarından biri hesab edilən “Teleqüllə” restoranında ad günü keçirməyə imkanı çatdığı halda, övladının saxlanılması üçün ondan tutulan əmək haqqının 1/4 hissəsinin ədalətli olmadığı qənaətindədir. Bu hal isə özözlüyündə ədalətsizlikdir. Bundan əlavə iddiaçının tələb etdiyi kimi uşağın saxlanması üçün alimentin miqdarının 1/4 deyil, onun əmək haqqının 1/6 hissəsi miqdarında tutulması, uşağın mənafeyinə ziddir. Bundan əlavə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunb ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilən minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunan minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.Qeyd olunan qərarda vurğulanıb ki, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri olan şəxsdən qazancın müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi və s. kimi hallar nəzərə alınır.Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması eləcə də onun digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunan digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır”. Ölkə üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat nəzərdə tutur bununa belə yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan butun tələbatlarının qarşılanmasının real əvəz qəbul edilməməlidir.Hesab edir ki uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipini əsas götürülməlidir.Uşağın əvvəlki təminat səviyyəsinin maksimal səviyyədə saxlanması anlayışı nikahın pozulmasından sonra valideynlərin ayrı yaşaması ilə əlaqədar uşağa çəkilən xərclərin kəskin azaldılmaması, uşağın maddi rifahının pisləşməməsi və ya digər məhrumiyyətlərə məruz qalmamasını ehtiva edir. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkiliinin verdiyi izahatı müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 2520 manat əmək haqqı alır. Onun başqa nikahdan iki övladı var, bir övladı da onunla olan nikahdandır.2520 manat beş nəfər arasında böləndə hərəsinə 500 manat düşür. Bundan başqa da, o, çay satır internet vasitəsi ilə, əlavə gəlir əldə edir. Əgər düşünürsə ki, ona pul çatmır, həyat yoldaşı da gedib işləsin, onun kimi ailəsinə kömək etsin. Xahiş edir ki iddia təmin olunmasın. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallrında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3203/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq xx.xx.2017-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün üç yaşına çatanadək 05 sentyabr 2019-cu il tarixdən hesablanmaqla İddiaçı hər ay 50 manat sabit pul miqdarında alimentin tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. İş materiallaranda olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, İddiaçı “X5 Kompani S.A" tikinti və təmir şöbəsində rəis müavini vəzifəsində işləyir. Əmək haqqı 2520 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb yuxarıda qeyd olunan maddi hüquq normalarınınn tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki,hazırkı halda İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3203/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunan, iddiaçının qazancının (digər gəlirlərinin) ¼ hissəsində alimentin azaldılması məqsədəuyğun deyil. Belə ki,iddiaçının qazancı (aylıq əmək haqqı-2520 manat) respublika reallığı ilə kifayət qədər yüksəkdir və onun ¼ hissəsi 630 manata bərabərdir. Qazancının 1890 manat hissəsi iddiaçının istifadəsində qalır ki, bu da digər uşaqların minimal həyat səviyyəsini normal saxlanması üçün kifayət edir. Bu səbəbdən alimentin məbləğinin azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyil, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir.Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar