Məhkəmə qərarları › İş №e-2(007)-3969/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3969/2021

22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3969/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xidməti otaqların təmirinə çəkilmiş xərclər qismində 10342 manat, əldən çıxmış fayda qismində 20210 manat və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 30582 manat məbləğində pul vəsaitinin “X1 Evi-Uşaq Bağçası” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)- 3969/2021 saylı qərardadı ilə (iddia ərizəsinin icraata götürülməsi mərhələsində), iddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Belə ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən (Park Azure yaşayış kompleksi) “X1 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqlarına cavabdehə məxsus mənzildən böyük həcmdə su axıldılması nəticəsində bağçanın xidməti sahələrinə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan, həmin işə ərazi aidiyyəti üzrə baxılmalıdır. 28 sentyabr 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəmənin 21 sentyabr 2021-ci il tarixli qərardadından şikayətlə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və mübahisəyə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(007)- 3969/2021 saylı qərardadı ilə, məhkəmənin 21 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(103)-10608/2021 saylı qərardadına əsasən, iddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli, 2(007)-3969/2021 saylı qərardadı ləğv edilmiş, iddia ərizəsinin icraata qəbulu məsələsinə (mümkünlüyünə) yenidən baxılması üçün mülki iş məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilənlər nəzərə alınmaqla, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi özünün 25 oktyabr 2021-ci il tarixli, 2(103)- 10608/2021 saylı qərardadını belə əsaslandırmışdır ki, ...Prosessual qanunvericiyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən edilir və işin təfərrüatı araşdırılmadan tələbin mahiyyətin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqlarının pozulmasına şərait yaradan amil kimi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyatla bağlı müddəalarının biləvasitə hazırkı tələblə bağlılığı müəyyən edilmir. Ona görə iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən müzakirə edilməlidir...”. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə, iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab edərkən və hazırlıq iclasını keçirərkən qanunvericiliyin məhz həmin tələbini rəhbər tutmuş, eləcə də işin aidiyyət məsələsini həll edərkən işin faktiki hallarını, aidiyyətlə bağlı qanunvericilik aktlarını və tələbin əsasını təşkil edən mübahisənin xarakterini nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadının məzmunundan və izahından müəyyən olunur ki, hazırkı mülki işin aidiyyətinin məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması və həmin məhkəmə tərəfindən baxılmalı olması müəyyən edilməmiş, bununla bağlı göstərişlər müəyyən olunmamışdır. Qərardadla müəyyən edilmiş göstəriş məhz iddianın mümkünlüyünün birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə yenidən müzakirə edilməli olması ilə əlaqədar olmuşdur. Bununla əlaqədar tərəflərin məhkəmə hazırlıq iclasında iştiraklarının təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, iddiaçının nümayəndəsi və vəkilinin hazırlıq iclasında iştirakı təmin edilmişdir. Hazırlıq iclasında iddiaçı tərəfin dinlənilməsi və sənədlərin tədqiqi ilə müəyyən edilmişdir ki, iddia tələbi pulla bağlı olsa da, mübahisənin əsasını cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka suyun axıdılması ilə ona maddi ziyan vurulması nəticəsində yaranmışdır, hansı ki, həmin iddiaya əmlakın yerləşdiyi yer üzrə aidiyyəti məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə belə qənaətə gələrkən aşağıda istinad edilən qanunvericilik normaları ilə yanaşı, belə iddia tələbləri ilə bağlı geniş yayılmış və tətbiq olunan məhkəmə təcrübəsini əsas götürmüşdür, hesab etmişdir ki, belə qənaətə gəlmə, apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlərin işə baxan birinci instansiya məhkəməsi üçün müəyyən edilmiş məcburiliyə zidd hesab olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Məhkəmə göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırlıq iclası mərhələsində aidiyyət məsələsi həll edilməli, mülki iş müstəsna aidiyyət qaydasında baxılması üçün əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 39.1, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(007)-3969/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar