Məhkəmə qərarları › İş №e-2(007)-411/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-411/2022

20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-411/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalmaları” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmaları və ananın valideynlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı övladları olmuşdur. Ailə münasibətləri normal olmuş, aralarında həmin münasibətlərə xələl gətirəcək hər hansı ciddi fikir ayrılığı və münaqişə olmamışdır. Bu xeyli müddət belə davam etmiş, lakin son vaxtlar cavabdehin münasibətində yaranmış soyuqluq, evdən uzun müddətdə çıxıb getmək kimi fərqli davranışları, hərəkətlərindəki qəribəliklər diqqətini cəlb etməyə başlamış və bir müddət sonra fərqinə varmışdır ki, cavabdeh narkotik vasitələrdən istifadə etməyə başlamış, nikahları formal xarakter daşıyır, o, artıq bir ər olaraq, cavabdeh üçün uşaqlar da övlad kimi yoxdur. O, həyatını özü istədiyi kimi və ailə münasibətlərinin davam etdirilməsinin mümkün olmadığı səviyyədə davam etdirir. 6 aydan artıq müddətdir ki, cavabdeh evi tərk edib getmiş, uşaqlar isə onun himayəsində qalmışdır. Mövcud vəziyyət onu göstərir ki, övladlarının anası Cavabdeh yanında qalmaları onların psixoloji, mənəvi və tərbiyəvi durumuna olduqca pis təsir edəcək, nəticədə uşaqlar cəmiyyət üçün yararsız bir üzv kimi formalaşacaqdır ki, bu da bir ata olaraq onu narahat etməyə bilməz. Cavabdehin qeyri-etik hərəkətləri övladlarının gələcəkdə əxlaqına və tərbiyəsinə pis təsir edəcəkdir ki, məhz bu səbəblərdən də cavabdeh valideynlik hüququndan məhrum edilməlidir. Qeyd edilən hallar cavabdehin bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyi, valideyn olmasının yalnız doğum haqda şəhadətnamədə ana qrafasında adının olması ilə məhdudlaşmasını tam sübut edir. Hesab edir ki, tərəflər arasında nikah pozulmalı, həmin nikahdan olan övladları cavabdehin həyat tərzi və yaşayış-əxlaqı kifayət etmədiyindən onun himayəsində qalmalı və cavabdeh valideynlik hüququndan məhrum edilməlidir. Buna görə də, onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, həmin nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların atanın himayəsində saxlanılması və Cavabdeh X1 və X5 dair valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, həmin nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların atanın himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək əvvəlcədən təyin olunmuş icra tədbiri ilə əlaqədar olaraq hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmənin əvvəlki iclasında dinlənilən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 bildirmişdir ki, onun 13 yaşı var. O, 7-ci sinifdə oxuyur, dərslərindən “4-5” qiymətləri alır. O, atası və qardaşı ilə birlikdə yaşayır. Atası işdə olanda onlara bibisi baxır. Anası isə bir ilə yaxındır ki, onlarla birlikdə yaşamır. Onun atası ilə anası dalaşıb və bundan sonra anası evdən çıxıb getmişdir. O, valideyinlərinin boşanmalarını istəyir, ona görə ki, onlara analarından ziyan dəyə bilər. Onun anası narkotik aludəçisidir və ondan asılı vəziyyətdədir. O, narkotik vasitəni onların yanında qəbul edirdi. Bu müddət ərzində o və qardaşı analarından görməli olmadığı hərəkətləri görmüşlər. Atası anasına tez-tez zəng vuraraq, harada olmasını və nə etdiyini soruşmuşdur. Anası isə ərzaq məhsulları almaq üçün dükana getdiyini yalandan bildirmişdir. Lakin atasının verdiyi pullara narkotik vasitə almışdır. Anası hətta bir dəfə ondan xahiş etmişdir ki, “jqut”u sıxsın və iynəni vursun. Həmin vasitəni onların gözü qarşısında hazırlamış və hətta onlara narkotik haqqında danışmışdır. Anası narkotik almağa gedəndə onları da yanında aparırdı. Anası onu və qardaşını fərqli məkanlara və yerlərə aparırdı. Onlar anasının narkotiki kimdən və necə aldığını görmüşlər, həmin yerlər onun yadındadır. Evə qayıdanda o, hər şeyi atasına danışmışdır. Atası anası ilə bu işdən əl çəkməsi üçün çox mübahisə etmişdir. Amma anası yalan danışaraq yenə də hərəkətlərinə davam etmişdir. Anası ona demişdir ki, “atana desən məni həbs edəcəklər”, lakin o, atasına demişdir. Anası ona həmişə deyirdi ki, onun bu hala gəlməsində günahkar atasıdır və atasına görə narkotik qəbul edir. Anası narkotik qəbul edəndə onlara qarşı aqressiv olmamış, əksinə bihuş vəziyyətdə olmuş, gözləri şüşə kimi parıldamışdır. Amma qəbul etmədikdə, bərk sümük ağrıları olmuş və titrəmişdir. Bu zaman ərzində anası onlara qarşı şiddət göstərməyib. Anası ilə atası boşandıqdan sonra da atası ilə birlikdə yaşamaq istəyir, o, anasını istəmir. Məhkəmənin əvvəlki iclasında dinlənilən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 bildirmişdir ki, onun 8 yaşı var. O, hal-hazırda atası və bacısı ilə yaşayır. O, 3-cü sinifdə oxuyur, dərslərindən “4-5” qiymətləri alır. Anası isə bir ilə yaxındır ki, onlarla birlikdə yaşamır. Anasının harada olduğunu və hansı səbəbdən getdiyini bilmir. O, anası üçün darıxır. Anasının pis və yaxşı cəhətləri var idi. Yaxşı cəhəti onun mehriban və vaxtı-vaxtında yemək hazırlaması idi. Pis cəhəti bəzən yeməyi gec hazırlayırdı və onlar gözləməli olmuşdur. Hazırda onlara atası baxır. O, işdə olduqda isə bibisi baxır. Dərslərində ona bacısı kömək edir, anası evdə olarkən ona kömək etməmişdir. Valideynləri tez-tez dalaşmışlar. Bir tək onu bilir ki, anası nə isə qəbul edirdi və atası bu səbəbdən çox əsəb keçirirdi. Anası ilə atası boşandıqdan sonra da atası ilə birlikdə yaşamaq istəyir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və uşaqları dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 384214 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 05 yanvar 2008-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon VVADQ Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Parşin”, arvada “Axmetşina” soyadları verilmişdir. - AZ-İİ seriyalı 226374 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 22 oktyabr 2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh qeyd edilmişdir. - AZ-İİİ seriyalı 127625 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 02 avqust 2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh qeyd edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2021-ci il tarixli 2021-006570 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. - Məhkəmənin qərardadı əsasında Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının mübahisə üzrə verdiyi xx.xx.2022-ci il tarixli rəyində göstərmişdir ki, komissiya cavabdehin valideynlik vəzifələrini yerinə yetirmədiyini, övladlarına qarşı laqeyd münasibətini və bu münasibətin dəyişməyəcəyini, həmçinin uşaqların da fikrini nəzərə alaraq, Yelena və Artyomun ataları İddiaçı himayəsinə verilməsini məqsədəuyğun sayır və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64.0.1, 64.0.4 və 64.0.6-cı maddələrinə əsasən Cavabdeh övladları X6 və X2 üzərində valideynlik hüquqlarından məhrum edilməsini məsələnin obyektiv və ədalətli həlli hesab edir. - xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 05 yanvar 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2008-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, həmin nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 valideynlərdən hansının yanında qalmaları məsələsi həll edilməlidir. Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Sözügedən qərarda həmçinin göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 ailədə onların marağına toxunan məsələnin həlli, yəni valideynlərdən hansının yanında qalması müəyyən edilərkən öz fikirlərini bildirmək hüququ təmin edilməklə dinlənilmişdir. Dinləmə zamanı öz fikirlərini sərbəst formada ifadə edərək, uşaqlar atalarının yanında qalmaq istədiyini bildirmişdir. Bununla yanaşı, uşaqlar məhkəmənin əvvəlki iclasında və qəyyumluq orqanının araşdırması zamanı da bunu ifadə etmişlər, o cümlədən məhkəmə araşdırması zamanı da cavabdeh olan ananın narkotik vasitə qəbul etməsi sübuta yetirilmişdir. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi; narkomaniya; alkoqolizm; ağır xəstəlikdən əziyyət çəkməsi; uşaqla qəddar rəftara yol verməsi; uşaqlara qarşı psixi və fiziki zor tətbiq etməsi; valideynlik hüquqlarından suiistifadə etməsi və s. İşin faktiki hallarından və məhkəmə araşdırması zamanı müəyyən olunanlardan görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh münasibətdə yuxarıda qeyd edilən hallardan narkomaniya halı mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların atalarına bağlılıqlarını, atalarının yanında qalmaq istəmələrini, onların yaşını, qəyyumluq orqanının rəyini, valideynlərin hər biri ilə onun arasındakı münasibətləri və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, tərəflərin nikahı pozularkən uşaqlar atalarının yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə yetkinlik yaşına çatmamış uşaqların saxlanılmaları üçün alimentin tutulması məsələsini müzakirə etmiş və iddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün aliment tələb etmədiyini bildirdiyindən, məhkəmə belə qənaətə gəlir ki, alimentin tutulması üçün zərurət yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə mülkiyyətində olan əmlakın bölgüsü ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Sabunçu Rayon VVADQ Şöbəsində bağlanmış və xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Sabunçu Rayon VVADQ Şöbəsində bağlanmış və xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında qalsınlar. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar