Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4345/2025 03.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan cavabdehin xeyrinə tutulan aliment məbləğinin azaldılaraq 2025ci ilin uşaqların yaşayış minimumuna uyğun (246 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X2 adlı bir övladı vardır. Onların cavabdehlə nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və övladı yetkinlik yaşına çatanadək anasının himayəsində saxlanılmış, ondan uşaqlarının saxlanılması üçün aliment tutulmağa başlanılmışdır. Cavabdeh ödənilən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2552/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının tələbi təmin olunaraq ondan tutulan alimentin məbləği 154 manat müəyyən edilmişdir. O, hər ay öhdəliklərini vaxtı-vaxtında etmişdir. Daha sonradan, Cavabdeh yenidən ərizə ilə məhkəməyə müraciət edərək alimentin 2025-ci il üçün müəyyən edilmiş minimum aliment məbləğinə uyğun olaraq indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, alimentin məbləği indeksasiya olunaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hədsiz çoxdur. Belə ki, onun maddi imkanı buna yol vermir. 2025-ci ildə bir uşaqların yaşayış minimumu 246 manat müəyyən edildiyi halda ondan heç bir rəsmi gəliri və işi olmadan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində tutulması müəyyən edilmişdir. O, hazırda 500 manata yaxın aliment ödəyir və demək olar ki, ancaq borc taparaq ödəyir. Hesab edir ki, alimentin məbləği azaldılmasa bu onu çıxılmaz vəziyyətə salacaqdır. Onun rəsmi işi yoxdur və o, gündəlik işlərdə çalışaraq dolanmağa çalışır. Əks halda bu onun hüquqlarının pozulması ilə nəticələnir. O, hər zaman ailənin qayğısına qalmış, istər sərt pandemiya dövründə, istərsə də daha sonradan onların maddi və mənəvi bütün xərclərini qarşılamışdır. Cavabdeh hansı yolla olursa olsun ona ziyan vurmağa çalışır. O, məhkəmədən əvvəl məsələnin qarşılıqlı razılaşma əsasında həll edilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir. Bununla bağl xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmişdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi onun iddia tələbi qanuni və əsaslıdır. Onun iddiasını təsdiq edən kifayət qədər sübutu vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbinə etiraz etdiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, onlar 280 manat alimentə razı deyillər. Bildiyi qədərilə cavabdeh minimum əmək haqqı alır, başqa gəliri yoxdur. Uşaqlardan biri hazırda 9-cu sinifdə oxuyur, Azərbaycan Tibb Universitetinə hazırlaşır, ingilis və çin dilindən hazırlığa gedir və həmin dilləri səlis bilir, bunların hamısı isə xərcdir. Uşağın hazırda xərcləri çoxdur, alimentin azaldılması uşağın təhsil hüququnu da məhdudlaşdıracaqdır. Bir neçə ildən sonra alimentin ödənilməsi kəsiləcəkdir, uşağa hər iki valideyn dəstək olmalıdır. Qarşı tərəf aliment təyin ediləndən hazırki vaxta kimi alimenti ödəyir. Qarşı tərəf özü də o dövrdə minimumdan çox aliment ilə razılaşmışdır. İddiaçının gəlirinin azalması ağlabatan deyildir. İddiaçı işləmirsə, təyin edilən alimenti verə bilirsə deməli işləsə daha çox aliment ödəyə bilər. Cavabdehin maddi vəziyyəti çətin olduğu üçün vəkil orderi üçün ona 100 manat ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, maksimum 280 manat ödəyə bilər. Onun Rusiyada nikahı olmuşdur və həmin nikahdan Rusiyada 7 və 9 yaşlı iki övladı var, onlara da o baxır, ona görə xərcləri çoxdur. Rusiyada olan uşaqlarından biri 1-ci sinifdə, digəri isə 2-ci sinifdə təhsil alır. O, Rusiyadan yeni gəlmişdir, 15 ildir ki, Azərbaycanda yaşamır və rəsmi olaraq işləmir. O, işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Xidmətinə müraciət etmişdir. Hazırda iş axtarır. Hal-hazırda Rusiyada olan nikahı pozulmamışdır, ancaq Rusiyada vəziyyət gərgin olduğu və oradakı işi bağlandığı üçün Azərbaycana gəlmişdir. O, aliment məbləğindən imtina etmir, 15 ildir ki, alimenti ödəyir və heç bir problem olmamışdır. Halhazırda alimenti ödəməyə imkanı yoxdur. Əvvəl aliment məbləği 154 manat olaraq müəyyən edilmiş və həmin məbləği ödəyirdilər. Sonradan cavabdeh məhkəməyə müraciət etmiş və aliment məbləği artırılaraq 476 manat olmuşdur. Onun aliment ödənişinə ata və anası kömək edir. Onun ata və anası da təqaüdçüdürlər, elə 476 manat atasının pensiyasıdır. O vaxt boşanmağa cavabdeh ərizə verib, o vaxt aliment 76 manat müəyyən edildiyi halda o, alimenti 200 manat olaraq yazdırmış, çünki Ədliyyə Nazirliyində işləyirdi və gəliri yaxşı olmuşdur. Sonradan Ədliyyə Nazirliyində işdən çıxdığı üçün alimenti 156 manata saldırmış və ölkədə də olmamışdır. O, müəyyən edilən alimenti ödəyə bilməsə həbs ediləcəkdir. Bu da uşağı üçün yaxşı bir hal deyildir. Cavabdeh uşağı görməyə qoymur, bildirir ki, uşağın psixologiyası pozulub, ona görə uşağı görə bilmir. Uşağın ad gününə anası, atası və o, Rusiyadan ayrı-ayrı pul göndərmişlər. O, dövlətin müəyyən etdiyi alimenti qəbul edir, imkanı olduqca əlavə də ödəyəcəkdir. Bu məsələlərə görə inzibati qaydada 15 sutka həbs də edilmişdir. Hər həftə cavabdehə boşanandan sonra 70 manat pul göndərirdi. 3 ildən sonra onun 6000 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmədə ona məlum olmuşdur ki, səhv edib pulu əlbəəl verib, gərək karta köçürərdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o iddiaçının atasıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müəyyən etdiyi aliment üçün icra şöbəsindən bildirmişlər ki, məhkəmə qərar verənə kimi bu alimenti ödəməlidirlər, ödəməsələr oğlu həbs edilə bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsi onların xəbəri olmadan qərar qəbul edib. O, 499 manat pensiya alır, həyat yoldaşı da işləmir, oğlu da hazırda iş axtarır. İddiaçının imkanı olsa niyə uşaqları üçün alimenti ödəməsin? İddiaçının digər nikahından da 2 övladı var. O və həyat yoldaşı oğluna kömək etmişlər ki, alimenti versin, ancaq oğlunun maddi imkanı çatmır ki, bu qədər yüksək məbləğdə aliment ödəsin. Onun oğlu Rusiyada universitet bitirib, oxuyub gələn kimi oğlu 14 saylı Cəzaçəkmə Müəssisəsində qeydiyyat şöbəsinin rəis müavini işləyirdi, daha sonra anasının əmisi oğlu Moskvada prokuror olmuş, oğlunu yanına çağırmış, orada işi də alınmamışdır. Burada Ədliyyə Nazirliyindən işdən çıxmışdır. Oğlu öz əsgərliyini ərizə yazıb Cocuq Mərcanlıda yerləşən hərbi hissədə çəkib. Onlar maksimum 280 manat ödəyə bilər. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2552/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, alimentin miqdarının dəyişidirilməsi, cavabdeh İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat məbləğində alimentin tutulması və iddiaçı (anası)Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Daha sonra ərizəçi Cavabdeh ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği indeksasiya olunaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8103)-542/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı aliment məbləğinin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan tutulan aliment məbləğinin uşaq üçün 246 manat olmasını məhkəmədən xahiş etmiş, məhkəmə iclasında iddiaçı verdiyi izahatı ilə 280 manat aliment ödəyə biləcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş iddiaçının iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. Bundan əlavə iddiaçının hazırki nikahından xx.xx.2016cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatının MŞB/9/2025-01370 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 60 manat mediasiya xərci çəkilmiş, 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, ... eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Məhkəmə bildirir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin tələb olunan həddə qədər azaldılması uşağın mənafeyinə zidd olduğundan iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan aşağı məbləğdə, yəni 2025-ci ilin uşaqlar üçün yaşayış minimumu olan 246 manat məbləğində azaldılmasını tələb edir. Lakin iddiaçı məhkəmə iclasında verdiyi izahatında uşaq üçün ən çoxu 280 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək iddiaçıdan tutulacaq alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait və 50 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən çəkilmiş 60 manat məbləğində mediasiya xərci və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-4345/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4345/2025
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver