Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-44/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə, cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, ödənilməmiş əməkhaqqı) X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əmək haqqından qalan məbləğə görə, iş saatlarından artıq saatlarda işə cəlb olunmağa görə, bayram günlərində işə cəlb olunmağa görə, 3 günlük ezamiyyət haqqına görə ödəmədiyi 3160,9 manat pulun, mənəvi ziyana görə 5000 manat pulun, cəmi 8160,9 (səkkiz min bir yüz altmış manat 90 qəpik) manat pul məbləğinin, ödənilmiş dövlət rüsumunun 102 (bir yüz iki) manat məbləğin, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat pul məbləğinin cavabdeh "xxxx" MMC-dən alınaraq ona- İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdehnə “problemli kredit mütəxəssisi kimi aylıq əmək haqqı 1000 manat olmaqla işə qəbul olunmuşdur (əslində isə xx.xx.2022-ci il tarixdən). xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. (əslində təzyiqlə). İşlədiyi müddətdə iş saatlarından artıq saatlarda, bayram günlərində işlərə cəlb olunmuşdur, 3 dəfə öz hesabına ezamiyyətdə olmuşdur və bu hallar da son haqq-hesabın hesablanması zamanı nəzərə alınmamışdır, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin dördüncü hissəsinin tələbləri pozulmuşdur (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsi ). Onun işlədiyi müddətdə iş saatlarından artıq saatlarda, bayram günlərində işlərə cəlb olunmağı X3 Xidməti Bakı şəhər İdarəsinin ona ünvanlanmış 07 fevral 2023-cü il tarixli 3-17-5/2-F-3380/2/2075 saylı məktubu ilə təsdiq olunur. Məktubda göstərilir ki, araşdırma zamanı əmək müqaviləsinə xitam verilməsi haqqında sənədlərdə iş saatlarından artıq saatlarda işə cəlb olunmağı ilə bağlı əmək haqqına əlavələrin edilmədiyi məlum olmuşdur. Artıq iş saatları ilə bağlı məsələ son haqq hesabın hesablanması zamanı da nəzərə alınmamışdır. Onunla əmək müqaviləsinə xitam verilən zaman və son haqq-hesab hesablanarkən "xxxx" MMC-nin ona 1000 manat əmək haqqından borcu; 2022-ci ilin iyun ayı üçün iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağına görə 363,6 manat; 2022-ci ilin iyul ayı üçün iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağına görə 400 manat; 2022-ci ilin avqust ayı üçün iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağına görə 347,8 manat; 2022-ci ilin sentyabr ayı üçün iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağına görə 363.6 manat; 2022-ci ilin oktyabr ayı üçün iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağına görə 400 manat; 2022-ci ilin iyun ayının 15-də (Bayram günü) iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağına görə 90,9 manat; 3 gün ezamiyyətdə olmağına görə 1günü 65 manat olmaq hesabı ilə 195 manat, cəmi - 3160,9 (üç min yüz altmış manat doxsan qəpik) manat məbləğində son haqq-hesab düzgün hesablanmamış və ona ödənilməmişdir. Müəssisə tərəfindən ona son haqq-hesab düzgün hesablanmadığından və həmin məbləğ ona ödənilmədiyindən keçən müddət ərzində "xxxx" MMC tərəfindən ona mənəvi zərər də vurulmuşdur (keçən 7 ay ərzində səhhətimə ciddi zərər dəymişdir). Mənəvi zərəri 5000 manat dəyərləndirirəm. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Cavabdeh "xxxx" MMCyə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaydada Pretenziya təqdim olunmuşdur. Hesab edir ki, məhkəmə "xxxx" MMC-nin əmək haqqından qalan məbləğə görə, iş saatlarından artıq saatlarda işə cəlb olunmağa görə, bayram günlərində işə cəlb olunmağa görə, 3 günlük məzuniyyət haqqına görə ödəmədiyi 3160,9 manat pulun, mənəvi ziyana görə 5000 manat pulun, cəmi 8160,9 (səkkiz min bir yüz altmış manat 90 qəpik) manat pul məbləğini, ödənilmiş dövlət rüsumunun 102 ( bir yüz iki ) manatın, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat pul məbləğinin cavabdeh "xxxx" MMC-dən alınaraq ona- İddiaçı ödənilməsi haqqında qətnamə qəbul etməlidir. O, bu iddia tələbi əmək mübahisəsi ilə bağlı olduğundan iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3693/2023 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda göstərilir ki, hazırkı mübahisə predmet baxımından əmək mübahisələrindən irəli gələn mübahisələrə, yəni müstəsna olaraq ümumi məhkəmələrin səlahiyyətlərinə aid olan işlər kateqoriyasına daxil olduğundan məhkəmə hesab edir ki, mübahisənin tərəfləri hüquqi şəxs və fərdi sahibkar statusuna malik fiziki şəxs olsa belə hazırkı işə ümumi məhkəmədə baxılmalıdır. Deməli, hazırkı iddia tələbi üzrə iddia ərizəsinə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində, yəni, Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. İş materialları: xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 102 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən qabaq həlli ilə bağlı məktubla müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə1 220 manat məbləğində pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-də aylıq 300 manat əmək haqqı ödənilməklə, istirahət günləri şənbə və bazar olmaqla əsas, problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən cəmiyyətin rəhbərliyi ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən əmək haqqı 300 (üç yüz) manat məbləğində təyin olunmuş və sözügüdən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə xitam verilmişdir. Eyni zamanda həmin sənədlərdən iş saatlarından artıq saatlarda işlərə cəlb olunmağı ilə bağlı əmək haqqına əlavələrin edilmədiyi məlum olmuşdur. Artıq iş saatları ilə bağlı məsələ son haqq-hesabın hesablanması zamanı da nəzərə alınmamış və Azərbaycan Respublikasının Əmək Məcəllənin 172-ci maddəsinin dördüncü hissəsinin tələbləri pozuluşdur. Bu səbəbdən də, "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli, 19.01,2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin son haqq-hesabın qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı O.Hümbətova 3-17-5/2-1534/2023 nömrəli, 19.01,2023-cü il tarixli məktub göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək haqqının məbləği ilə bağlı araşdırmaya təqdim etdiyi təsdiqedici sənədləri tərəflərindən yetərli sübut kimi qəbul etmək mümkün olmamışdır. MŞB/3/2023-00483 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat mediasiya xərci ödəmişdir, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2022-ci il tarixli, 3110.22 saylı əmrdən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xxxxxxx000200 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 12.5 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı əmək kitabçası təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş internet saytından çıxarışdan görünür ki, "xxxx" MMCdə problemli kredit mütəxəssisi vəzifəsi üzrə iş elanında təklif edilən əmək haqqı 1000 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı son haqq-hesabının hesablanıb ödənilməməsi səbəbindən "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-567/2023 saylı qərarından görünür ki: “Paşabank ASC tərəfindən verilmiş İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 276,50 manat, xx.xx.2022-ci il tarixdə 276.50 manat, xx.xx.2022-ci il tarixdə 276.50 manat, xx.xx.2022-ci il tarixdə 276.50 manat əmək haqqı ödənişi, 02.11,2022-ci il tarixdə 393,08 mmanat son haqq hesab olmaqla, ümumilikdə 1499,08 manat vəait ödənilmişdir. İş materiallarında olan votsap yazışmalarının çıxarışlardan görünür ki, İddiaçı şirkətə internetdə əmək haqqısı 1000 manat göstərilən elanla bağlı CV göndərərək müraciət etmiş, şirkətin rəhbəri Orxan Hümbətovla razılaşmasına əsasən aylıq əmək haqqısı 1000 manat təşkil etmiş, lakin sonradan əmək haqqısının 276,50 manat məbləğində hissəsini "Paşa” bankın kartı vasitəsilə, digər 774 manat məbləğ isə nəğd şəkildə almağa başlamış, X1 Şaiq Əli oğluna işini peşəkarlıqla həyata keçirdiyi üçün ona minnətdarlığını bildirmişdir. Belə ki, məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, İddiaçı xx.xx.2022ci il tarixdə "xxxx" MMC-yə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə rəsmi əmək müqaviləsində aylıq əmək haqqı 300 manat olmaqla işə qəbul edilmişdir. Onun əmək müqaviləsində iş vaxtı gündə 8 saat, həftə ərzində 40 saat göstərilmiş, 1000 manat əmək haqqı alacağı bildirilmiş, lakin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini aldıqda əmək haqqısının 300 manat olduğunu bilmiş, pensiya fonduna 1000 manat maaşın vergisi əvəzinə 300 manat əmək haqqı vergisi ödənilmiş, 6-cı və bazar günlər, habelə iş günü hesab edilməyən bayram günü əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edilmiş, qeyri-iş günlərinin və bayram günləri iş olmayan günlərin əmək haqqısını almamışdır. xx.xx.2022-ci il tarixdən öz istəyi ilə işdən azad olunmuş, əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş binaya giriş-çıxış hesabatında İddiaçı 2022-ci ilin iyun ayının 3-4-ü, 11-i, 18-i, 25-i, iyul ayının 2-si, 16-sı, 23-ü, 30-u, həmin ilin avqust ayının 6-sı, 13-ü, 20-si, 27- si, sentyabr ayının 3-ü, 10-u, 24-ü, oktyabr ayının 1-i, 8-i, 15-i tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən qeyri iş günü, yəni şənbə və bazar günü olmasına, 2022-ci ilin 15 iyunu isə qeyri iş günü hesab edilən bayram günü olmasına (Azərbaycan xalqının milli qurtuluş günü) baxmayaraq faktiki olaraq iş yerində əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edildiyi halda ona iş vaxtından artıq gördüyü iş şaatlarına görə əlavələr ödənilməmiş, sadəcə tərəflər arasında bağlanmış rəsmi əmək müqaviləsində göstərilmiş 300 manat vəsaitdən qanunvericilklə nəzərdə tutulmuş ödənişlər tutulmaqla aylıq 276,50 əmək haqqı ödənilmişdir.” İşdə iştirak edən şəxslər: Məhkəmədə işə baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir, məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 164.
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Maddə 165.
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Maddə 172.
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
İşin faktiki halı: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə rəsmi əmək müqaviləsində aylıq əmək haqqı 300 manat olmaqla işə qəbul edilmişdir. Onun əmək müqaviləsində iş vaxtı gündə 8 saat, həftə ərzində 40 saat göstərilmiş, 1000 manat əmək haqqı alacağı bildirilmiş, lakin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini aldıqda əmək haqqısının 300 manat olduğunu bilmiş, pensiya fonduna 1000 manat maaşın vergisi əvəzinə 300 manat əmək haqqı vergisi ödənilmiş, 6-cı və bazar günlər, habelə iş günü hesab edilməyən bayram günü əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edilmiş, qeyri-iş günlərinin və bayram günləri iş olmayan günlərin əmək haqqısını almamışdır. xx.xx.2022-ci il tarixdən öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarında sübut qismində qiymətləndirilmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş binaya giriş-çıxış hesabatında İddiaçı 2022-ci ilin iyun ayının 3-4-ü, 11-i, 18-i, 25-i, iyul ayının 2-si, 16-sı, 23-ü, 30-u, həmin ilin avqust ayının 6-sı, 13-ü, 20-si, 27- si, sentyabr ayının 3-ü, 10-u, 24-ü, oktyabr ayının 1-i, 8-i, 15-i tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən qeyri iş günü, yəni şənbə və bazar günü olmasına, 2022-ci ilin 15 iyunu isə qeyri iş günü hesab edilən bayram günü olmasına (Azərbaycan xalqının milli qurtuluş günü) baxmayaraq faktiki olaraq iş yerində əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edildiyi halda ona iş vaxtından artıq gördüyü iş şaatlarına görə əlavələr ödənilməmişdir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqı məbləğini və həmin məbləğin gecikdirilməsi səbəbindən vurulmuş mənəvi ziyanın əvəzini cavabdehdən tələb edir.
Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmadığı halda, əmək haqqı ödənilməməklə, qeyri-iş günü olan şənbə və bazar günü, yəni 2022-ci ilin iyun ayının 3-4-ü, 11-i, 18-i, 25-i, iyul ayının 2-si, 16-sı, 23-ü, 30-u, həmin ilin avqust ayının 6-sı, 13-ü, 20-si, 27- si, sentyabr ayının 3-ü, 10-u, 24-ü, oktyabr ayının 1-i, 8-i, 15-i və qeyri iş günü hesab edilən bayram günü 2022-ci ilin 15 iyun (Azərbaycan xalqının milli qurtuluş günü) faktiki olaraq iş yerində əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edilmişdir. Yəni, İddiaçı ümumilikdə 20 qeyri-iş günü əmək funksiyalarını əlavə əmək haqqı ödənilmədən icra etmişdir. Məhkəmə tərəfindən ödənilməmiş əmək haqqının məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə dəfələrlə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan, tələb edilmiş sənədlər təqdim edilməmiş və bu səbəbdən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, İddiaçı bank kartı hesabına 300 manat əmək haqqı ödənilməsinə, əmək müqaviləsində əmək haqqı məbləğinin 300 manat kimi qeyd edilməsinə baxmayaraq, onun faktiki aldığı əmək haqqı 1000 manat olmuşdur. Məhkəmə iddiaçının qeyri-iş günlərində işə cəlb edilməsinə görə əmək haqqının məbləğini hesablayarkən qeyd edir ki, əmək müqaviləsi üzrə işçinin günlük 8 saat, həftədə 5 gün işləməsi nəzərdə tutulmuşdur. Belə olan halda, əmək haqqı 1000 manat nəzərə alınmaqla, işçinin bir günlük əmək haqqı 50 manat olmuşdur. Məhkəmə Əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq qeyd edir ki, işçi işə çıxdığı hər gün üçün günlük əmək haqqının iki qatı məbləğində, yəni hər gün üçün 100 manat məvacib almalıdır. Məhkəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubunu, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-567/2023 saylı qərarını, habelə "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı son haqq-hesabı hesablanıb ödənilməmişdir. Buna görə də iddia tələbi əmək haqqı borcunun tutulması hissəsində də əsaslıdır. Məhkəmə 3 günlük ezamiyyətdə olması ilə bağlı iddiaçının əmək haqqı ödənilməsi tələbinə dair hissəyə münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi, 3 günlük ezamiyyətdə olması faktı iş materialları ilə təsdiq edilmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı özünə mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmiş, habelə özünə dəymiş mənəvi zərərin nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Buna görə də, iddia tələbi mənəvi zərərin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən dövlət rüsumu qisməndə ödənilmiş 102 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli əmək müqavilisinə əsasən, qeyri-iş və bayam günlərində cəmi 20 gün olmaqla, iş yerində əmək funksiyalarını yerinə yetirməsinə görə günlük 100 manat hesablanmaqla, ümumilikdə 2000 manat məbləğində pul vəsaiti və ödənilməmiş 1000 manat əmək haqqı "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qismində ödənilmiş 102 manat pul və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat xidmət haqqının əvəzi "xxxx" MMCdən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli əmək müqavilisinə əsasən, qeyri-iş və bayam günlərində cəmi 20 gün iş yerində əmək funksiyalarını yerinə yetirməsinə görə günlük 100 manat hesablanmaqla, cəmi 2000 manat məbləğində pul vəsaiti və ödənilməmiş 1000 manat əmək haqqı olmaqla, ümumilikdə 3000 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş 102 manat pul və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat xidmət haqqının əvəzi "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov