Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4413/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı cavabdeh Allanverdiyeva Aysel İddiaçı qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh Allanverdiyeva Aysel İddiaçı qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 14 avqust 2012-ci il təvəllüdlü Hüsna İddiaçı qızı və 25 mart 2015-ci il təvəllüdlü Nəcla İddiaçı qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimetin miqdarının azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsinə, ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
5. “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilməlidir. Lakin hazırki mülki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumu ödəməkdən azad olunduğunu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir.
6. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2526/2016 saylı, xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya olunaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində abit pul məbləğində müəyyən edilmişdir. Hazırda isə iddiaçı sözügedən Qərardad ilə müəyyən edilmiş ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.11 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 0.375 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Yəni alimentin miqdarının faktiki olaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.725 misli həddində azaldılmasını xahiş etmişdir. Belə olan halda hazırki iddia tələbi üzrə 89.6 manat (0.725x400x2x12=6960) məbləğində aliment ödənilməlidir.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 60 manat mediasiya xərci ödənildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 29.6 manat dövlət rüsumu ödənilməldir.
9. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdeh Allanverdiyeva Aysel İddiaçı qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh Allanverdiyeva Aysel İddiaçı qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva