Məhkəmə qərarları › İş №e-2(007)-4424/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4424/2025

19.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4424/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiya” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiya” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2707/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin (bir uşaq üçün 170 manat) indeksasiya edilərək yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün borclu Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

3. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.

5. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2707/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 11 sentyabr 2020-ci il tarixdən hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı 2025-ci il üzrə yaşayış minimumu məbləğinin ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilməsini, təyin edilmiş məbləğin uşağın tələbatlarını ödəməsi üçün yetərli olmadığını əsas gətirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

7. İddia ərizəsi və ona əlavə edilmiş iş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsində məqsəd alimentin miqdarının indeksasiya edilməsindən ibarətdir.

8. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə icra icraatı qaydasında baxılmalıdır.

9. Belə olan halda məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən hazırki iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. İddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə “alimentin miqdarının indeksasiya edilməsi” tələbi ilə icra icraatı qaydasında məhkəməyə müraciət etməlidir.

Nəticə :

10. Belə olan halda, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar