Məhkəmə qərarları › İş №e-2(007)-4526/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4526/2025

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4526/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin təyin edilməsi” tələbi) X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin daxil olduğu gündən başlayaraq, himayəsində olan 20 noyabr 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh hər ay, bir uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, himayəsində olan 20 noyabr 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh hər ay, bir uşağa görə 260 manat sabit pul məbləğində alimentin, uşağı 3 yaşı tamam olan kimi isə özünün sağlığına qovuşmağı üçün 100 manat sabit pul məbləğində əlavə alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 03 fevral 2024-cü il tarixdə el adəti ilə evlənmiş, nikahları isə 27 fevral 2024-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından 20 noyabr 2025-ci il təvəllüdlü X6 adında bir uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, getdikcə münasibətləri kəskinləşməyə və pisləşməyə başlamışdır. Bu səbəbdən ailə nikah münasibətləri pisləşdiyi üçün 08 may 2025-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində könüllü olaraq pozulmuşdur. Qeyd etmişdir ki, hal-hazırda himayəsində olan 20 noyabr 2025-ci il təvəllüdlü X2 gündəlik, aylıq və illik xərcləri hamıya bəllidir. İş üzrə Cavabdeh, Şirvan regional Dövlət Miqarasiya Xidmətində işləmlə aylıq vəzifə maaşı ***-**** manat civarındadır. Himayəsində olan 20 noyabr 2025-ci il təvəllüdlü X4 təkbaşına saxlamaqda maddi tərəfdən əziyyət çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, məcburiyyət qarşısında qalıb, himayəsində olan 20 noyabr 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh hər ay, bir uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, bu iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 10:50-ə təyin edilmişdir. Hal-hazırda MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcimini artırmışdır ona görə ki, himayəsində olan xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tələb etdiyi 250 manat sabit pul məbləğində alimenti - 260 manat tələb etmişdir. Bundan əlavə himayəsində olan azyaşlı uşağının qayğıları ilə məşğul olmaq və özünün isə sağlamlığına qovuşmağına görə uşağın 3 yaşı tamam olan kimi əlavə olaraq cavabdehdən 100 manat sabit pul məbləğində aliment tələb etmişdir. İş materialları: AZ-V seriyalı, 151080 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. AZ-İ seriyalı 522332 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2025-ci il tarixdə nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 78 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra arvada “Fərziyeva” soyadı verilmişdir. Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02734 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025 tarixli e-16(007)-342/2025 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, xx.xx.2025-ci il təvəllüdlü X1 üçün, xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tutulub, xx.xx.1990-cı ildə Şirvan şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərinaddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli Qanununa əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X6 adında övladları doğulmuşdur. Uşaq ananın yanında qalır və tərəflər hazırda birlikdə yaşamırlar. Hazırda iddiaçı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağının mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən, sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçının tələb etdiyi məbləğ hər ay hər uşaq üçün 2026-cı il üçün müəyyən edilmiş minumum əmək haqqının 0.65 mislini təşkil etmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olduğundan, məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025 tarixli e-16(007)-342/2025 saylı qərardadı nəzərə alınmaqla), tutulmalıdır. Məhkəmə, iddiaçının xx.xx.2025-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay üçün 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək hər ay 100 manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Uşağın 3 yaşına çatanadək saxlanılması üçün 100 manat aliment tutulması barədə ərizə məhkəməyə xx.xx.2026-cı il tarixdə daxil olduğundan, məhkəmə hesab edir ki, aliment xx.xx.2026-cı il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025 tarixli e-16(007)-342/2025 saylı qərardadı nəzərə alınmaqla), sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər hər ay 100 manat məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilməli və ödənilməli olan dövlət rüsumunun əvəzi olan 13,2 manat pul məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği bir illik məcmuya münasibətdə 63,2 manat təşkil edir və bu mediasiya sessiyası zamanı iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində ödənilmiş xərcdən artıq olduğundan, dövlət rüsumunun ödənilməli olan 13,2 manat hissəsi cavabdehdən tutulmalıdır. İddia tələbi isə təmin edildiyindən iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025 tarixli e-16(007)-342/2025 saylı qərardadı nəzərə alınmaqla), sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər hər ay 100 manat məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi olan 13,2 manat pul məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar