Məhkəmə qərarları › İş №e-2(007)-500/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-500/2025

06.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-500/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 09 yanavar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh ilə 2017-ci il 09 mart tarixində 2 saylı “ASAN xidmət” X1 nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 09 yanvar 2018-ci il tarixində qızı X5 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Artıq xeyli müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşağı isə onun himayəsindədir. O, hal-hazırda öz valideynləri ilə birlikdə yaşayır. Ayrı yaşadıqları vaxtdan etibarən Cavabdeh övladı ilə maraqlanmır, nə maddi, nə də mənəvi yardım göstərmir. Övladının bütün maddi ehtiyaclarını özü təmin edir. Təkbaşına işləyib övladının maddi ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Odur ki, övladının saxlanılmasında atasının maddi iştirakı zəruridir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, tərəflərin nikahları pozulmayıb, lakin faktiki ayrı yaşayırlar, uşaq ananın yanındadır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. AZ-İİ seriyalı 183001 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 09 mart 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X2 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 466 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Mustafayeva” soyadını qəbul etmişdir.

10. AZ-İV seriyalı 087958 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 yanvar 2018-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.

11. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 oktyabr 2024-cü il tarixli, MŞB/13/2024-01571 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 21 oktyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir.

12. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, 26 sentyabr 2024-cü il tarixdə cavabdehə mediasiya prosesində iştirak etmək üçün təklif göndərilmişdir.

13. “AZEMİS”-dən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh aldığı pensiyanın məbləği 752.87 manatdır.

14. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

15. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların nikahı pozulmamışdır, lakin tərələr faktiki ayrı yaşayırlar. Birgə nikahlarından 09 yanvar 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Yetkinlik yaşına çatmayan X5 anası İddiaçı ilə yaşayır. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı 09 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyasının:

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

17. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:

3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:

8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

26. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 09 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment İddiaçı xeyrinə tutulmalıdır.

27. İş materiallarından görünür ki, iddiaçı aliment tutulması ilə bağlı 31 oktyabr 2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

Məhkəmə xərcləri:

28. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur.

29. Lakin, alimentin tutulması ilə bağlı ödənilməli olan 48.20 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan iddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 31 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 09 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar