Məhkəmə qərarları › İş №e-2(007)-504/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-504/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-504/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, aliment və əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında olan 03 may 2005-ci il tarixdə Bakı şəhər Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən bağlanmış 393 saylı nikahın ləğv edilməsi, Birgə nikahdan olan 03.08.2006-cı il təvəllüdlü X5 və 14.12.2008-ci il təvəllüdlü X2 özünün himayəsində saxlanması, 03.08.2006-cı il təvəllüdlü X5 və 14.12.2008-ci il təvəllüdlüX2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat məbləğində alimentin onun xeyrinə tutulmasını, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin cavabdehlə aralarında bölünməsi, övladlarının öz himayəsində qalmalarının nəzərə alınmaqla mənzilin 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində cavabdehin payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbi onunla əsaslandırdı ki, cavabdehlə 03 may 2005-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən rəsmi nikahları qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan 03.08.2006-cı il təvəllüdlü X5, 14.12.2008ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən, hazırda cavabdehin faktiki olaraq yaşadığı mənzili əldə etmişlər. Cavabdehlə ailə münasibətləri əvvəlllər normal olmuş, sonradan pozulmuşdur. Belə ki, bir-birlərini başa düşmür, aralarında tez-tez münaqişələr baş vermişdir. Artıq bir müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədirlər. Ailələri dağılmış və bərpası mümkün deyildir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulması ilə razı olduğunu, birgə nikahdan olan övladlarının anaları ilə qalmalarına etiraz etmədiyini, uşaqların saxlanması üçün hər ay, hər uşağa dövlət tərəfindən müəyyən olunmuş aliment həddində aliment ödəməyə razı olduğunu bildirmiş, əlavə olaraq isə qeyd etmişdir ki, mənzilin 2/3 hissəsinin iddiaçıya verilməsi tələbini qəbul etmir. Hesab edir ki, mənzil bərabər şəkildə bölünməlidir. Buna görə də iddanın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 24.04.2014-cü il tarixdə Şəmkir RPŞ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1979-cu ildə Ermənistanın Krasnosel rayonunda anadan olmuş Cavabdeh Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatdadır. 14.11.2017-ci il tarixdə 5 saylı Bakı “ASAn Xidmət” Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16, mənzil 58-də qeydiyyatdadır. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 23.04.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və 17 oktyabr 2006-cı il tarixdə Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 843281 №-li doğum haqqında şəhadətnamənin surətinə əsasən 03.08.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 25.04.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və 07 yanvar 2009-cu il tarixdə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 205038 №-li doğum haqqında şəhadətnamənin surətinə əsasən 14.12.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışın surətində əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 4 saylı evdə yerləşən 27 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında 13 sentyabr 2014-cü il tarixdən Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür. Belə ki, barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq onlar arasında barışıq əldə olunmamışdır. İddiaçı nikahın pozulmasında israrlıdır. Ona görə də tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 03.08.2006-cı il təvəllüdlü X5 və 14.12.2008-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,00 manat müəyyən edilmişdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə 10.09.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə 13 sentyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 4 saylı evin 27 saylı mənzili Cavabdeh ilə İddiaçı ümumi birgə mülkiyyəti sayılır, həmin mənzil onların hər birinin əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər nəticəsində əldə edilmişdir və həmin mənzilin xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə İddiaçı ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olması ilə əlaqədar müstəqil qazancının olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, X3 və İddiaçı birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 4 saylı evin 27 saylı mənzili tərəflər arasında bölünməli və əmlak üzərindəki paylar müəyyən edilməlidir. İddiaçı iddia tələbində payları müəyyən olunarkən onun payının 2/3 hissə, cavabdehin payının isə 1/3 hissədə hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Hazırkı halda müəyyən edildi ki, İddiaçı Manaf qızının birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi barədə Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir, o cümlədən belə bir hal məhkəmə iclasında da müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlakdakı payları İddiaçı 3/5 hissədə, Cavabdeh payı isə 2/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından 03.08.2006-cı il təvəllüdlü X5 və 14.12.2008-ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanmalı,onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilməlidir, tərəflərin birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 4 saylı evin 27 saylı mənzilindəki payları İddiaçı 3/5 hissədə, Cavabdeh payı isə 2/5 hissədə müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhərİ binəqədi Rayon VVADQ Şöbəsində 03 may 2005ci il tarixdə bağlanmış və 393 №-si ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 03 avqust 2006-cı il təvəllüdlü X7 və 14 dekabr 2008-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsinə verilsinlər. Cavabdeh olmuş 03 avqust 2006-cı il təvəllüdlü X7 və 14 dekabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinə tərəflərin payları aşağıdakı qaydada müəyyən edilsin: Cavabdeh 2/5 hissədə. İddiaçı 3/5 hissədə Qalan hissədə iddia təmin olunmasın. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar